Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Nigar Orucova

Azərbaycan polisi xalqımızın və dövlətimizin keşiyindədir

11 iyun 2020 12:05
2139

Ölkəmizdə koronavirus infeksiyası ilə bağlı xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.

Azərbaycan pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib. Eyni zamanda, koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. İctimai təhlükəsizliyin təminatı, vətəndaşların sağlamlığının qorunması kimi funksiyaların icrasına sadiq qalan polis əməkdaşları həyatlarını riskə ataraq öz vəzifələrini şərəflə icra ediblər. Adi məişət problemi ilə üzləşən insanların harayına belə ilkin olaraq polis əməkdaşları özlərini yetiriblər. Polislərimiz COVID-19-a kütləvi yoluxmaların qarşısını almaq üçün istirahət günündə də evlərindən-ailələrindən uzaq olub insanların sağlamlığının qorunması üçün həyatlarını riskə atırlar. Təkcə paytaxtın mərkəzi küçələrində ictimai asayişin təmin olunması ilə kifayətlənməyən polis əməkdaşları hətta məhəllə-məhəllə, küçə-küçə gəzərək insanların maarifləndirilməsini həyata keçirirlər. Əvəzində isə nə özlərinin, nə də polisin məsuliyyətini dərk etməyən şəxslərdən qeyri-insani davranışa məruz qalır. Bütün görülən müsbət nümunələrə baxmayaraq sosial şəbəkələrdə polisə qarşı hücum təşkil edilir, əsassız iddialar irəli sürülür. Əslində, polisin fəaliyyətinə qarşı haqsız hücumların haradan qaynaqlandığı hamıya aydındır. Koronavirus pandemiyasından sui-istifadə edib, polisin xoşməramlı fəaliyyətinə aqressiv yanaşmanın, düşünülmüş şəkildə nalayiq davranış nümayiş etdirmənin arxasında vətəndaş-polis qarşıdurması yaratmaq kimi pis niyyətlərin gizləndiyi heç kimə sirr deyil. Daha acınacaqlısı ondan ibarətdir ki, sosial şəbəkələrdə bir qrup insan öz vəzifə borcunu yerinə yetirən polisin başına zibil tökənləri, təhqir edənləri dəstəkləyirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan polisi vətəndaşları yorulmadan hər şeydən müdafiə etdi, təhlükədən uzaqlaşdırdı. Vəzifədən doğan səlahiyyətdən başqa insani dəyərlər də sərgilədilər. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan polisi milli dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunda, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunmasında müstəsna rol oynayaraq özü də bu prosesin içində böyük inkişaf yolu keçməkdədir. Bu gün bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət, inam müsbətdir. Sosial şəbəkələrdə bir qrup adamın apardığı əks-təbliğat bu münasibəti, inamı sarsıda bilməz. Çünki bu hörməti, inamı polis özü qazanıb. Karantin günlərində polisin sərgilədiyi davranış bunu yetərincə sübut edib.

Nurəddin Muğanlı
Bura Vətəndir...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?