KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Azərbaycan polisi haqqında çirkin kampaniya aparanların menyusuna

25 oktyabr 2019 10:48
222

Neçə gündür Əli Kərimlinin 19 oktyabrdakı avantürası ətrafında müzakirə edir. Biz, əlbəttə, müxalifətin siyasi tələblərlə aksiya keçirməsinə qarşı deyilik. Həmişə demişik, yenə də təkrar edirik: müxalifətin istədiyi vaxt aksiya keçirməsinə şərait yaradılmalıdır. Lakin bu aksiyaların başqalarının rahatlığını pozmaması şərtilə. Həm də aksiya keçirilməsi üçün qanunla yasaq edilmiş yerlərə iddia edilməməklə. Digər hallarda buyursunlar, şəhər rəhbərliyinə xəbər verib aksiyalarını keçirsinlər.

Biz həm də onun fərqindəyik ki, aksiya keçirmək istəyənlərə şəhər polisi uyğun xəbərdarlıqları da edir. Əlavə olaraq polislərimiz səfərbər edilib aksiyanın təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir. Biz bunun şahidi olmuşuq. Özü də dəfələrlə. Hətta bəzən belə aksiyalarda polislərimizə söz atan, onları özündən çıxarmağa çalışanların da olduğunu bilirik. Belə hallarda da asayiş keşikçilərimiz təmkinli davranıb, o cür adamları sadəcə yola veriblər. Bir az da lori dildə desək, baş qoşmayıblar.

İndi bu 19 oktyabr aksiya cəhdində də polislərimiz ön planda idi. Özü də mümkün qədər təmkinli və səliqəli davranırdılar. Ən azından baxdığım video və şəkillərə əsaslanıb belə deyirəm. Düzdür, bəzən gərəksiz sinirlənmə halları da olub. Lakin olduqca az. Yəni ümumi hesabla desək polislər o gün ən azı 98% qanuna uyğun və səliqəli, təmkinli davranıblar. Hardasa 2% civarında nəzakətsiz davranış olduğunu demək mümkündür. Bu da böyük rəqəm deyil. Araşdırılmalı durum varsa, heç şübhə etmirəm ki, Daxili İşlər Nazirliyinin uyğun qurumları bunu biz demədən də araşdırır, səhvləri təhlil edir və növbəti dəfə təkrarlanmaması üçün tədbir görür.

Bütün bunlar bir yana. Bizim diqqətimizi çəkən əsasən polislərin güc tətbiq etməsinə verilən reaksiyalardır. Müxalifətdə olub hakimiyyət iddiasıyla yanıb-yaxılanlar polisin güc tətbiq etməsini qınayır. İndi soruşuram: sizin dövlət anlayışınız budurmu? Əgər qadağan olunmuş bir ərazidə aksiya keçirməyə cəhd edərkən polis sizin qarşınızı kəsirsə, ayaq saxlamalı və geri dönməlisiniz. Bunun başqa yolu yoxdur! Polis əmr quludur, üstəlik də qanun və təlimatlara nöqtəsinə-vergülünə qədər əməl etməlidir! Etməzsə o, polis olmaz! Etməzsə o, üzərinə düşən vəzifələri yerinə yetirə bilməz! Az-çox dövlətdən anlayanlar bunu bilir, bilməsi lazım. Lakin sizin dövlət anlayışınız sıfırın altında olduğu üçün belə şeyləri bilmirsiniz, anlamırsınız!

Bir də baxıram ki, az da olsa güc tətbiq etməklə qanunsuz aksiyanın qarşısını almış polislərimizlə bağlı təhqir kampaniyaları aparılır. Özü də bunu kim edir? Qanunsuz aksiyanın “qəhrəmanı” Əli Kərimlinin tərəfdarları! Siz kimsiniz ki, Azərbaycan polisini təhqir edirsiniz? Siz kimsiniz ki, dövlət adına və dövlət üçün fəaliyyət göstərən vəzifə sahiblərinə qarşı bu iyrənc kampaniyaları təşkil edirsiniz? Hələ bu azmış kimi xarici ölkələrdəki polis vəhşiliklərinin şəkillərini yayıb onları da Azərbaycan polisinin ayağına yazırsınız! Budurmu sizin dövlət anlayışınız? Budurmu sizin ədalət uğrunda “ədalətiniz”?

Deyirlər ki, polislər niyə güc tətbiq edirdi? Niyə etməsin ki? Sizə əvvəlcədən dəfələrlə xəbərdarlıq edilmişdi ki, ora toplaşmaq olmaz. Özü də rəsmi şəkildə. Üstəlik bəyan da edilmişdi ki, razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərilsə qarşısı alınacaq. Bunu bilə-bilə ora niyə gedirdiniz ki, polislə də üz-üzə gəlirdiniz?

Deyirlər ki, polislər ora toplaşanları zor gücünə ərazidən uzaqlaşdırıb. Düz edib və əcəb edib! Polis öz vəzifəsini yerinə yetirib. Mən o polislərə əhsən deyirəm!

“Polis şəhid oğlunu döydü” deyib haray salanlar var. Görmüşəm o kadrları. Döyülmə deyil, saxlamadır. İddia edirlər ki, o “şəhid oğlu” aksiya iştirakçısı olmayıb, sadəcə öz işi üçün oraya gəlibmiş. Ola bilər. Lakin kadrlarda görünən başqa şeydir. Adam polisin işinə qarışır axı. Vəzifəsini yerinə yetirən polisin işinə qarışmağa heç kimin ixtiyarı yoxdur! Əgər siz ABŞ kimi bir ölkədə bunu etmiş olsanız anındaca alnınızın ortasından bir güllə alarsınız və buna görə heç bir amerikalı polisi qınamaz! Üstəlik, polisin rəhbərliyi həmin gülləni atanı mükafatlandırar da! Niyə? Ona görə ki, dövlətin adından fəaliyyət göstərən polisin işinə müdaxilənin qarşısını alıb!

Hələ bu “şəhid oğlu” söhbətinə bir az da aydınlıq gətirək. Belə baxanda adamın ağlına gəlir ki, yəqin söhbət hansısa uşaqdan gedir. Amma görüntüdə hardasa 50 yaşında bir adam var! Atası illər öncə Vətən qarşısında borcunu verib, şəhidlik zirvəsinə ucalıb. Məkanı cənnət olsun. Amma 50 yaşlı bir adamın şəhid atasının adının altında gizlənməsini heç yerə yoza bilmirik sadəcə. Üstəlik, necə oldu ki, qara təbliğat mediası və Əli Kərimli qaragüruhu bu qədər operativ şəkildə o adamın hətta şəhid oğlu olduğunu müəyyən edə bildi? Həm də nəzərə alaq ki, o adam Əli Kərimli tərəfdarlarından biri deyil, o yerə də mitinq üçün gəlməyibmiş. Xoruzun quyruğunu burda axtarmaq lazım…

Başqa bir sual: o “şəhid oğlunu” saxlayan polislərin də şəhid və ya qazi oğlu olmadığını hardan bilirsiniz? Yaxud da o polislərin arasında Xocalıda ailəsinin ümumiyyətlə bütün üzvlərini itirmiş şəxslərin olmadığını da iddia edə bilməzsiniz axı! Sizin o qanunsuz aksiyanızın qanun çərçivəsinə salınması üçün tər tökən polislərin arasında N qədər şəhid oğlu, bir o qədər də qazi oğlu vardı, əmin olun! Onların arasında həm də bütün əzizlərini Qarabağ savaşında itirmiş olanların da olmadığını iddia edə bilməzsiniz!

Polislər həmin gün dövlət qarşısındakı öhdəliklərini ən yüksək səviyyədə yerinə yetirdilər. Yetirməsələr qınanardılar. Polislər o cür durumlarda elə qətiyyətli davranmasa bu ölkənin altı üstünə çevrilər! Fikriniz o illərə getməsin ki, hərə əlində bir silah dükan-bazar gəzib xərac toplayırdı! Anarxiya idi həmin illərdə! O illəri görməmiş gəncləri öz avantüralarına alət edən Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin Azərbaycanda əkdiyi anarxiya günü-gündən çiçəklənirdi. Ta ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi, bir usta dövlət adamı ki, bütün daşları yerinə qoydu və o gün, bu gün hər yoldan ötən dövlətin üzərinə diş qıcaya bilmir!

Sosial mediada polislə bağlı fikirlərimizə etiraz edənlər bəzən deyir ki, sizi də döysəydilər belə danışmazdın. O adamlara tək-tək cavab vermək yerinə, əslində, bu yazını yazırıq.

Bizi polis döyüb. Özü də doğrudan da qəddarlıqla döyüb. Həm də bu hal dəfələrlə olub. Lakin heç vaxt nə polisə, nə də dövlətə nifrət püskürüb kin saxlamamışıq.

Polisin bizi döyməsi xoş bir şey deyil, amma qəlbimizin dərinliyində onlara haqq qazandırmışıq. Alqış belə demişik. Sevinmişik ki, dövlətimizin bu qədər qətiyyətli və işinə sədaqətli polis qüvvələri var.

Niyə belə davranmışıq? Ona görə ki, hər şeydən öncə dövlətimizi düşünmüşük. Bizim dövlət anlayışımız budur. Biz heç vaxt başımıza dəyənək endirən polislərimizin adını öyrənib dünyaya elan etməmişik.

Biz heç vaxt bizi qanunsuz aksiyalarda zərərsizləşdirən, saxlayan, döyən polislərin kimlikləri ilə maraqlanmamışıq belə. Çünki onların öz vəzifələrini yerinə yetirməsini qəbul etmişik.

Amma Əli Kərimli qaragüruhu nə edir? Mitinqdə kiminsə qolunu burub ərazidən uzaqlaşdıran polis əməkdaşlarının adını, ünvanını, telefon nömrələrini sosial mediada elan edib onları söydürürlər! Bu adam – Əli Kərimli isə onlara bir kəlmə də demir, çağırış etmir ki, dövlətin polisinə münasibətdə belə davranmaq olmaz!

Təəccüblənmirik Əli Kərimlinin belə anti-dövlət davranışına! Çünki adam dövlət adamı deyil! Çünki bu adamın dövlət anlayışı yoxdur! Çünki bu adamın dərdi də heç dövlət dərdi deyil! Belə dərdi olsaydı oğlu əsgərlikdən fərar etməzdi ki zatən! Belə dərdi olsaydı heç olmasa bircə dəfə işğalçı Ermənistana qarşı da kampaniya təşkil edərdi. Etdiyini görən olubmu? Şəxsən mən görməmişəm!

Polis cəmiyyətdəki sabitliyin bir nömrəli qarantıdır və əgər o, hansısa qanunsuz aksiyanın qarşısını güc tətbiq edərək alırsa, dövlətçilik anlayışı olanlar bunu da anlayışla qarşılamalıdır.

24 oktyabr 2019, Dədəli

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...