11 iyul 2019 20:02
92

Azərbaycan özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edib

“Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və uğuru regionda təhlükəziliyin və sabitliyin qorunub saxlanılmasından asılıdır. Təhlükəsizlik və sabitlik inkişafın əsas qarantıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev iyulun 11-də Batumidə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş beynəlxalq konfransdakı çıxışı zamanı söyləyib.

Azərbaycanın beynəlxalq əlaqələrindan danışan nazir müavini deyib: “Azərbaycan özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edib. Azərbaycanın demək olar ki, bütün qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətləri var. Təəssüflər olsun ki, regional əlaqələr və sərhədyanı ticarət layihələri kimi bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib”.

M.Məmmədquliyev deyib ki, Avropa Parlamentinin Avropa qonşuluq siyasəti haqqında qətnaməsində qeyd olundğu kimi, “Şərq tərəfdaşlığı”na üzv bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz. Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münaqişələrin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə öz əksini tapmalıdır.

Nazir müavini Aİ və Azərbaycan arasında mövcud iqtisadi əməkdaşlıq məsələlərinə də toxunub. Bildirib ki, Azərbaycan Asiya və Avropa arasında təbii körpü olaraq 4 əsas nəqliyyat dəhlizinə böyük investisiyalar qoyur. Azərbaycanda, həmçinin Niderland, İtaliya, Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Macarıstan və Almaniyanın loqistik şirkətləri fəaliyyət göstərirlər. Çin, Yaponiya, Cənubi Koreya və Vyetnam kimi bir sıra ölkələr Azərbaycanın nəqliyyat və loqistika potensialından istifadəyə cəlb oluna bilərlər. Bu istiqamətdə danışıqlar davam edir.

Enerji layihələrindən bəhs edən M.Məmmədquliyev Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşadırılması vasitəsilə Aİ ilə strateji tərəfdaşlığı davam etdirdiyini xüsusi qeyd edib.

Nazir müavinin sözlərinə görə, Azərbaycanda iqtisadi islahatlarla yanaşı, dövlət idarəçiliyinin gücləndirilməsi, qanunvericilik və insan haqları, korrupsiya ilə mübarizə və digər sahələrdə də geniş miqyaslı islahatlar həyata keçirilir. Təhsil sahəsinin inkişafı da daxili siyasətin əsas prioritetlərdən biridir. Belə ki, təhsilli, savadlı cəmiyyət uğurlu və dayanıqlı inkişafın zəmanətidir.