23 sentyabr 2019 19:46
222

Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir

Dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən  mərasimdə bu reallığı da əsaslı şəkildə diqqətə çatdırmışdır ki, neftdən əldə edilmiş gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu

“Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk. Bu gün yeni kontraktlar imzalanır, Azərbaycanın neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib.”  Dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə 25 ilin təhlili fonunda qeyd etmişdir ki,  Azərbaycan nefti bu gün  müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı.

Diqqəti müstəqilliyimizin ilk illərində yaşananlara yönəldən ölkə Prezidenti vurğulamışdır ki,  gənc müstəqil Azərbaycan dövləti çox böyük çətinliklərlə, çağırışlarla üz-üzə qalmışdı. O vaxtkı hakimiyyətin səriştəsizliyi, yarıtmaz fəaliyyəti, xəyanətkar addımları ölkəmizi uçurum kənarına qoymuşdu. 1991-1993-cü illər ağır faciəli illər kimi tariximizdə qalacaq. Ölkəmizi siyasi, iqtisadi  böhran bürümüşdü. İqtisadi sahədə yaşanan tənəzzül gənc müstəqil ölkəmizin inkişafı üçün çox böyük maneələr yaratmışdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. O vaxtdan başlanan inkişaf, tərəqqi  bu gün Azərbaycanın ən yüksək zirvələri fəth etməsini şərtləndirir. Ümummilli lider Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan xilas etdi. Ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atıldı  ki, “Əsrin müqaviləsi”nin imzalanması bu addımlar sırasında xüsusi yer tutur.

28 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları   ulu öndər Heydər Əliyevin  “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” fikirlərinin təsdiqi olmaqla yanaşı, eyni zamanda, bu gerçəkliyi də şərtləndirir ki, ölkəmiz regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru addımlamağı əsas hədəf kimi qarşıya qoyaraq bu istiqamətdə əhəmiyyətli layihələrə imza atır. “Əsrin müqaviləsi”ndən   bu günədək  36 sazişin imzalanması  bu faktı təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın sabit ölkə kimi tanınması müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından narahatlıq keçirib ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoydu. “Əsrin müqaviləsi”nin əsas tərkib hissi olan BTC və BTƏ neft-qaz kəmərlərinin ardıcılları davamlıdır.  Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi, yaxın zamanlarda TAP-ın işə salınmasının  nəzərdə tutulması da deyilənlərin təsdiqidir. 2020-ci ilədək TAP layihəsinin tamamlanacağı gözlənilir. Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdıralacaq.

Dövlətimizin başçısı İlham Əliyev ötən il  Cənub Qaz Dəhlizinin rəsmi açılışı mərasimində bildirmişdir ki, 4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman bu inam ifadə edilmişdir ki,  bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki,  texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan  qarşısına  qoyduğu bütün hədəflərə çatıb.

Göründüyü kimi, Xəzər hövzəsinin zəngin  enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur.  Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dünyanın 7 ölkəsini ( Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkətinin ( “Amoco”, BP, “McDermott”, “UNOCAL”, SOCAR, “Lukoil”, “Statoil”, “Türkiyə Perolları”, “Pennzoil”, “Ramco”, “Delta”) iştirak etdiyi “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin  imzalanması neft strategiyasının yeni mərhələsinin əsasını qoydu. Bu müqavilə müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ümumi daxili məhsulun artımı, yeni iş yerlərinin yaradılması və sosial rifahın yaxşılaşdırılması kimi dəyərləndirildi.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz ixracatçısına çevrilib.   Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün  nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə  Azərbaycan amilinə  xüsusi önəm verilir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük  imkanların mövcudduğu xüsusi qeyd edilir.  Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində enerji  sektorunda əməkdaşlıqla bağlı xüsusi müddəa öz əksini tapıb. Cənub Qaz Dəhlizinin rəsmi açılışı  əməkdaşlığın coğrafiyasının genişlənəcəyi barədə proqnozların reallıqda öz əksini tapdığını nümayiş etdirir.  Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və  İtaliyanın iştirak etdiyini  xüsusi qeyd edən dövlətimizin başçısı, eyni zamanda, bu əminliyi ifadə edir ki,   üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə  layihəyə qoşulacaqlar. “Cənub Qaz Dəhlizinin qolları olmalıdır” hədəfinə uyğun olaraq  ixrac imkanlarının  genişləndirilməsinin vacibliyi diqqətə çatdırılır. 

25 illik yolu təhlil etdikdə görürük ki,  bəziləri üçün əfsanə kimi görünən layihələr heç bir problemsiz, maneəsiz həyata keçirilib.  2006-cı ildə  BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi  bu layihələrsiz  təsəvvür etmək mümkün deyil.  Bu layihələr  ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Azərbaycan enerji sektorunda   liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. “Əgər biz təşəbbüs göstərib 2012-ci ildə  Türkiyə ilə  birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa  bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik.

Ötən il  Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması da Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə bir daha işıq saldı. Məhz ikitərəfli əlaqələrin, həmçinin üçtərəfli formatda  yaradılan regional əməkdaşlıqların inkişafı fonunda  atılan bu mühüm addım sahilyanı dövlətlərin iqtisadi və siyasi həyatında mühüm rola malikdir. Qarşılıqlı anlaşmalar qarşıdakı illər üçün perspektivlərin müəyyənləşdirlməsinə yol açır. Konvensiyanın  siyasi və iqtisadi əhəmiyyətindən bəhs edərkən təbii ki, ilk növbədə, bu mühüm hadisədə  Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr stimulverici amil rolunu oynadığı xüsusi qeyd edilir. Cənab İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq  əsas yer tutur. Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya,  ilk növbədə  Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərəcək.

Dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü  münasibətilə keçirilən mərasimdə bu ümumiləşdirməni aparmışdır: “Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur.”

Ulu öndər Heydər Əliyevin  1999-cu ildə  imzaladığı Fərmana  əsasən, karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, əhali arasında bərabər bölgü prinsipinin yüksək səviyyədə həyata keçirilməsi, təbəqələşmə prosesinin baş verməməsi,  vəsaitlərin  prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması bugünkü  sosial-iqtisadi layihələrin uğurlu icrasında əhəmiyyətli rol oynayır. Şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitləri hesabına Azərbaycanın hərtərəfli inkişafına xidmət edən layihələr icra olunur. Məhz uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq maliyyə qurumlarının hesabatlarında bu proqnoz xüsusi yer alır ki, Azərbaycanın iştirakçı olduğu  enerji layihələrinin uğurlu icrası nəticəsində büdcəyə  200-250 milyard dollar vəsait daxil olacaq ki, bunlar da öz növbəsində sosialyönümlü layihələrin icrasına geniş imkanlar açmaqla əhalinin sosial müdafiəsini gücləndirəcək. “Neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd edilən nitqində bu məqamı da xüsusi vurğulamışdır ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağa çalışırıq: “Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur. Bu gün və sabah ölkəmizin uğurlu inkişafı üçün bizim qəhrəman neftçilərimizin əməyi əvəzolunmazdır. Məhz bizim neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər. Ona görə neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.”

Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. Təkcə Dünya Bankının ayrı-ayrı illər üzrə hesabatlarına diqqət yetirsək, görərik ki, Azərbaycanın qərarlaşdığı yerlərdə dəyişikliklər həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarının davamlılığına, islahatların zamanın tələbinə uyğun təkmilləşdiyinə əsaslanır.  Belə ki, əgər Azərbaycan 2017-ci ildə Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2017” hesabatında  65-ci pillədə hesablaşmışdısa, 2018-ci ildə  8 pillə yüksələrək  57-ci yeri tutdu.  “Doing Business 2019” hesabatında isə Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil olundu.  2017-ci illə müqayisədə  ölkəmiz  32 pillə irəliləyərək  190 ölkə arasında  25-ci yerdə qərarlaşdı.  Beləliklə,  Azərbaycan  MDB ölkələri arasında lider mövqedə dayandı.  ABŞ-ın tanınmış “The Heritage Foundation” anlitik   mərkəzi isə  “İqtisadi Azadlıq İndeksi-2019” hesabatında Azərbaycan  ən böyük irəliləyişə malik ölkə kimi  təqdim edildi.

Son 16 ilə yaxın dövrdə   ümumi daxili məhsulun 3 dəfədən çox artması, qarşıdakı illər üçün daha iki dəfə artırılmasının nəzərdə tutulması da iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu nəticəsidir.   Azərbaycanda  bu illər ərzində  yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5 faizə enib, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl insan kapitalına çevrilib. Dünya İqtisadi Forumu hesabatında  Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 32-ci yerə layiq görüb.  Qurumun  hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu göstərici də ölkəmizdə neft-qaz siyasətinin uğurlu icrasından xəbər verir. Dövlətimizin başçısı İlham Əliyev nitqində bildirmişdir: “Bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə gətirir, qarşıdurma gətirir, qeyri-bərabərlik gətirir, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu. Sosial məsələlərin həlli üçün şərait yaratdı. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq - bütün bunların təməlində bizim neft sənayemiz dayanır.”

“Əsrin müqaviləsi”nin uğurlarından bəhs edərkən Azərbaycanın bu gün dünyada  təhlükəsiz ölkə kimi nüfuz qazanmasını da   xüsusi qeyd etməliyik. Məhz bu uğurumuz ölkə iqtisadiyyatına böyük həcmdə investisiya axınını sürətləndirdi. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 263 milyard dollardan artıqdır.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd olunan nitqində əksini tapan fikirlərin ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edə bilərik ki,  dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edən,  innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, sorğu mərkəzlərinin hesabatlarında birinciliyi ələ alması “Əsrin müqaviləsi”nin ölkəmizə qazandırdığı uğurların təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.

Yeganə Əliyeva, “İki sahil”