12 mart 2020 14:52
1603

Azərbaycan ilə Almaniya arasında hərbi əməkdaşlıq davam etdiriləcək

Martın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb. Nazir Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və hörmətlə yanaşdığı üçün səfirə minnətdarlığını bildirib.
Müdafiə naziri Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu qeyd edərək ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.
V.Maniq öz növbəsində ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə tərəflər Azərbaycan Ordusunun zabitlərinin təcrübə mübadiləsi məqsədilə Almaniya Silahlı Qüvvələrinin qərargahlarında xidmət keçmələri, ordumuzun nümayəndələrinin Almaniya hərbi qulluqçularının cəlb edildiyi hərbi təlimlərdə müşahidəçi qismində iştirakı, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, regional enerji layihələrinin təhlükəsizliyinin birgə təmin edilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bildirilib ki, Azərbaycan ilə Almaniya arasında hərbi əməkdaşlıq sahəsində yeni layihələrin həyata keçirilməsi cari ildə də davam etdiriləcək.