07 fevral 2020 20:58
1399

Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır

Ötən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar, ümumilikdə son 16 ildə  270 milyard dollar sərmayə yatırılıb

“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans, eyni zamanda, Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə ötən ilin nəticələri əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərə bir daha işıq saldı.

Öncə qeyd edək ki, “Doing Business” hesabatında Azərbaycan biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə, 20 ən islahatçı ölkə sırasında oldu. Davos Dünya İqtisadi Forumunun hesabatında isə bu reallıq öz əksini tapdı ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət”, “ABAD”, “DOST” kimi layihələr beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanın ən böyük uğurları, yenilikçi ölkə kimi tanınmasının təqdimatı kimi dəyərləndirilir. Cari ildə “ASAN xidmət” mərkəzlərinin sayının 27-yə çatdırılacağı nəzərdə tutulur. Ötən il iki DOST mərkəzi istifadəyə verildi. Cənab İlham Əliyev bildirir ki, DOST mərkəzləri müasir Azərbaycanın simasını əks etdirir. 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzinin istifadəyə verilməsi hədəflənib. Bu mərkəzlər “bir pəncərə” prinsipi əsasında  2,8 milyon şəxsə əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə müxtəlif növlərdə xidmət göstərəcək. Azərbaycan brendi kimi tanınan DOST layihəsi beynəlxalq aləmdə uğurlu yenilik, təkmil bir təcrübə kimi etiraf olunur. “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən bəhs edən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki, cari ildə DOST mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsinə başlanacaq. Regionlarda - Abşeron, Sumqayıt, Bərdə, Quba və Sabirabadda 5 mərkəzin təmir- tikinti işləri aparılacaq.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın biri-birindən əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi də hər sahədə yenilikçi, zəngin təcrübəyə malik olması ilə əlaqədardır. 2019-cu ilin iyununda dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumunun keçirilməsində məqsəd ölkəmizin dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Onun ardınca iyulda  BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın dünyaya səs salan brendlərindən, o cümlədən DOST layihəsindən geniş bəhs olunmuşdur. BMT Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper Azərbaycanda aparılan sosial-iqtisadi islahatları və ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində göstərdiyi səyləri yüksək dəyərləndirərək, regionda və MDB məkanında ilk olaraq Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunduğunu bildirmişdir. 2019-cu ilin mayında keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu da iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. 55 ölkənin sosial təminat agentliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən Forumda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının perspektivləri geniş müzakirə olunaraq, dövlətimizin başçısı İlham Əliyevin təkmil siyasəti nəticəsində ölkəmizdə digər sahələrdə olduğu kimi, sosial təminat sahəsində də uğurlu nəticələr əldə olunduğu, sosial müdafiə sisteminin təkmilləşdiyi, müasir, şəffaf idarəetmə əsasında hədəfələrə yüksək səviyyədə nail olunduğu xüsusi qeyd olunmuşdur. Həyata keçirilən islahatlar Avropanın müvafiq təşkilatları, eyni zamanda, ölkələri ilə əməkdaşlığa geniş imkanlar açır. Beynəlxalq Sosial Təminat Assosiasiyasının Prezidenti Yoakim Bröyer Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətləri, sosial sahədə innovativ yenilikləri yüksək dəyərləndirərək, qarşıdakı illərdə bu əməkdaşlığın genişləndirilməsi üçün səylərin daha da artırılacağına, DOST mərkəzlərinin coğrafiyasının genişlənəcəyinə inamını ifadə etmişdir.

Göründüyü kimi, DOST sözün həqiqi mənasında yalnız ölkə deyil, dünya ictimaiyyətinin dostuna çevrilir. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların reallaşması yubanır. Ona görə, bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata keçirilsin.”

Bütün bu addımlar ölkəmizdə qeyri-neft sektorunun inkişafının iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılmasından irəli gəlir. Ölkəmizdə əlverişli biznes mühiti, güclü sahibkarlar sinfi formalaşıb. Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki ölkəmizdə istər yerli, istərsə də xarici iş adamlarının səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib.

Yaradılan əlverişli investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin 2016-cı ildə təsdiqlədiyi  “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərir. Strateji Yol Xəritəsində göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq. Qeyd edək ki, ötən il 98 min yeni iş yeri yaradılıb, ölkə iqtisadiyyatına 13,5 milyard dollar investisiya yatırılıb. Son 16 ildə yeni iş yerlərinin sayı 2 milyondan çox, investisiyaların həcmi isə 270 milyard dollardır. Hazırda ölkəmizdə sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri uğurla fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması dövlətimizin başçısı İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan konfransda sosial-iqtisadi göstəriciləri diqqətə çatdıraraq bu məqamı xüsusi qeyd etmişdir: “Əgər buraya ölkəmizə qoyulan sərmayəni əlavə etsək, mənzərə daha gözəl olacaqdır. Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulubdur. Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir.”

Yeganə Əliyeva, “İki sahil”