27 yanvar 2020 09:56
1134

Azərbaycan hakimiyyəti geniş islahatlar gündəliyinə malikdir

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaq

“Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır... Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik.”

Ölkə Prezidenti İlham Əliyev bu fikirləri ilə ölkəmizin qarşısında yeni-yeni üfüqlər açan siyasətin möhkəm təmələ əsaslandığını təsdiqləyir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə yaradılan sabitlik hərtərəfli inkişafı şərtləndirdi. Təbii ki,  bu günümüzdən dünənimizə nəzər saldıqda bu inkişafı daha aydın şəkildə görürük. Müstəqilliyin ilk illərinin  xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan son 16 ildə  ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində davamlı inkişafı, təkmil islahatları, tərəqqiyə yol açan şəffaflığın yüksək səviyyədə təmin olunması yönümündə atdığı addımları ilə dünyanın diqqətindədir.  

Ölkədə keçirilən hər bir seçki prosesi,  bayram tədbirləri, Nazirlər Kabinetinin iclasları əldə olunan uğurların və onların fonunda müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir. Ölkədə həyata keçirilən təkmil islahatların qanunverici orqanda da öz əksini tapması məqsədilə ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü, bu qərarın ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazanaraq prosedur qaydalarına əsasən sonda dövlətimizin başçısı İlham Əliyevin müvafiq   Sərəncamı əsasında fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin edilməsi Azərbaycanın demokratik inkişaf tarixində növbəti səhifənin yazılmasını şərtləndirdi. Məhz bu seçkinin çağırışlarına uyğun olaraq bir daha keçilən yola nəzər salınıb arxada qalan illərin iqtisadi, siyasi, humanitar və beynəlxalq mənzərəsini yaratmaq bir zərurətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən  2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə, eyni zamanda, ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunun 50-ci iclası çərçivəsində ayrı-ayrı mövzularda baş tutan  panel iclasları, ölkə Prezidentinin müxtəlif sahələrdə reallaşdırılan  islahatlarla bağlı açıqlamaları və sair Azərbaycanın uğurlarının, həmçinin onların fonunda perspektivləri açıqlayır.

Dövlətimizin başçısı İlham Əliyevin  statistik rəqəmlərə əsaslanaraq söylədiyi fikirlər  bir daha bu reallığın təsdiqidir ki, verilən proqnozlar özünü doğruldur, müəyyən dövr üçün nəzərdə tutulan hədəflər gerçəkliyə çevrilir. Azərbaycanın iqtisadi uğurları, təkmil islahatları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Belə ki, həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət vermişdir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə  irəliləyərək yüksək mövqelərdə qərarlaşır.    Statistik rəqəmlərə diqqət yetirək. Ümumi daxili məhsul 2,2 faiz,  qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb.  İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri  7,4 faiz olub. Valyuta ehtiyatlarımız  6,4 milyard dollar artaraq  rekord həddə - 51 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bir sözlə,  iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər  bir daha təsdiqləyir ki, həyata keçirilən siyasət  düşünülmüş və nəticəyə hesablanmış siyasətdir.

Bu uğurlara yol açan təbii ki, qəbul e

dilmiş qərarlar, qanunlar,  imzalanan Fərman və sərəncamlar, onların uğurlu icrasıdır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində  görülən tədbirlər davamlılığı ilə diqqət çəkir.  Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir. Qeyd olunduğu kimi, Azərbaycan ötən il investisiya cəlbediciliyini  qoruyub. Ölkəmizdə yaradılan  gözəl sərmayə iqlimi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar bu uğurumuza böyük əsas yaradır. Bir əsas məqamı da nəzərə alaq ki, modernləşmə, yeniləşmə, təkmilləşmə  dövlət siyasətinin əsasında dayanır. Cənab İlham Əliyev hər bir çıxışında  bu məqamı xüsusi qeyd edir ki, bugünkü çağırışları düzgün cavablandırmaqla gələcək üçün möhkəm baza formalaşdırmış oluruq.

Dövlətimizin siyasətində insan amilinə verilən dəyər, “neft kapitalını insan kapitalına çevirək”  tezisinin əsas götürülməsi beynəlxalq səviyyədə də təqdir olunan mühüm addımlar sırasındandır. İqtisadi inkişafın yeni texnologiyaların tətbiqi ilə zəncirvari bağlı olmasını önə çəkən dövlətimizin başçısı İlham Əliyev  bildirir ki, dinamik yüksəlişimiz xalqımızın elmi potensialından yaradıcılıqla və səmərəli istifadənin nəticəsidir. Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə  elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Yeni texnologiyaların tətbiqi davamlı inkişafı təmin edən  əsas amil kimi qeyd edilir, bu isə öz növbəsində  idarəetmədə təkmilləşməyə yol açır. Yeni texnologiyaların öyrənilməsi və tətbiqi müasir gəncliyin biliklərə daha çox yiyələnmələrini bir zərurət kimi ortaya qoyur. Dövlətimizin başçısı İlham Əliyevin gənclərin malik olduğu potensial imkanlardan səmərəli istifadə, həmçinin onların dövlət idarəçiliyində irəli çəkilməsi kimi çağırışları heç şübhəsiz ki, Konstitusiyamıza edilən əlavə və dəyişikliklərdə də öz əksini tapır. Yaş məhdudiyyətlərinin aradan götürülməsi kimi dəyişikliklər idarəetmədə təkmilləşməyə yönələn addımlardandır. Dövlətimizin başçısı İlham Əliyevin son struktur və kadr islahatları  gəncləşmə siyasətinin prioritetliyinə işıq salır. Dövlətimizin başçısı İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında da bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir. Əsas  hədəflərdən birinin Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək olduğunu bildirən ölkə Prezidenti bunu şərtləndirən amilləri diqqətə çatdırmışdır: “Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bundan əlavə, biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq. İkincisi, qeyd etdiyiniz kimi, bizim nəsil çox gəncdir. Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var.” 

Regionların inkişafının prioritetliyini önə çəkən ölkə Prezidentinin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Bunlar isə öz növbəsində yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli deməkdir. 2019-cu ilin  yekunlarına görə Azərbaycanda işsizlik və yoxsulluq  5 faiz səviyyəsindədir.  Sahibkarlığın inkişafında əsas faktor olan infrastruktur layihələrinin uğurlu icrasının beynəlxalq standartlara uyğunlaşdırılması da öz prioritetliyini qoruyur.  Elektrik təchizatı yaxşılaşdırılmış, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşmüşdür. Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Ölkə Prezidenti İlham Əliyev  Davos Dünya İqtisadi Forumunda bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarlarını Avropa İttifaqının standartlarına daha da yaxınlaşdırır.  Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir, Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir, 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib,  Forum Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görüb. Cənab İlham Əliyev perspektivlərdən bəhs edərkən  “Yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək” bildirərək vurğulamışdır ki, Azərbaycanın iqtisadi artımı əhalinin artımına uyğun gəlməlidir, ən əsası  yoxsulluğu 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. İnflyasiyanın 2,5 faiz səviyyəsində saxlanması prioritet vəzifələrdən biridir.

Təbii ki, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində ötən ilin uğurları və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi mühüm rol oynayır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  biri-birindən əhəmiyyətli addımlar atılmışdır.  “Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən ölkə Prezidenti İlham Əliyev  bildirir ki,  bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. Əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasətlə  tamamlanır. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə  aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan  addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. Ölkə  Prezidenti İlham Əliyevin son Fərman və sərəncamları bir daha bu reallığın təsdiqidir ki, həyata keçirilən siyasətin önündə  insanların sosial rifah halının yaxşılaşdırılması dayanır. Əməkhaqlarının, pensiyaların iqtisadi inkişafa, maliyyə imkanlarımıza  uyğun olaraq mütəmadi artması göz önündədir. Ötən ilin statistikasına əsasən minimum əməkhaqqının məbləği 250, minimum pensiyanın məbləği isə 200 manatdır. Cari ilin ilk aylarından minimum pensiyaların məbləğində növbəti artımın  nəzərdə tutulması da bu prosesin davamlılığından xəbər verir.

Bir sözlə,  ölkəmizin iqtisadi imkanları hər sahədə uğurlu addımların atılmasını şərtləndirir. Bu uğurlara yol açan əsas amillərdən biri  əvvəldə də qeyd etdiyimiz kimi,  şəffaflığın yüksək səviyyədə qorunmasıdır.  Bu reallıq cənab İlham Əliyevin çıxışlarında hər zaman xüsusi yer alır ki,  korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı.  Dövlətimizin başçısı İlham Əliyevin  23 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında”  Fərmanı da  bu şəffaflığın təminatı, eyni zamanda  kiçik və orta sahibkarlığın  inkişafı istiqamətində  növbəti mühüm addımlardan oldu. “ABAD” mərkəzlərinin coğrafiyasının genişləndirilməsi  ailə biznesinə böyük dəstəkdir. Dövlətimizin başçısı bildirir:  “Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır.”

Hər bir yeniliyin ölkəmizdə tətbiqində maraqlı olan dövlətimizin atdığı addımlar  dünya təcrübəsinə yiyələnməkdən irəli gəlir. O da məlumdur ki, dünyanın tanınmış  sosioloji sorğu mərkəzləri mütəmadi olaraq  Azərbaycanda  sorğular aparır, bu və ya digər sahələrdə əldə olunan uğurları, həmçinin dövlətimizin həyata keçirdiyi siyasətə ölkə ictimaiyyətinin rəyini təhlil edir,  nəticələri beynəlxalq informasiya resurslarında dərc edirlər. Amma bununla yanaşı,  dövlətimiz tərəfindən dəstəklənən və ciddi maddi-texniki bazaya malik olan sosial tədqiqat mərkəzinin yaradılmasına böyük zərurət duyulurdu.  Dövlətimizin başçısı İlham Əliyevin xüsusi Sərəncamı əsasında yaradılan Sosial Tədqiqatlar  Mərkəzi qarşısına cəmiyyətin quruculuğu, sosial problemlərin həlli, keçmişimiz və gələcəyimizlə bağlı vətəndaşların rəyinin öyrənilməsi üzrə ciddi iş planını qoyaraq, dövlət orqanlarının fəaliyyəti, demokratik təsisatların reytinqi, ayrı-ayrı sahələr üzrə problemlərin öyrənilməsi, vətəndaşların sosial sifarişi və sair məsələləri gündəmin əsas mövzuları sırasına daxil edir. Ötən il  Sosial Tədqiqatlar Mərkəzinin “İnam  indeksi” jurnalının  oktyabr buraxılışında   “Prezidentin fəaliyyəti  ictimai rəydə” hesabatı dərc edilmişdir. Rəy sorğusunda  vətəndaşların  88 faizi dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləyib, 77, 5 faizi ölkə Prezidentinə inam və etimadın daha da artdığını bildirib. Sorğu ümumilikdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların təhlilini və ona ölkə əhalisinin münasibətini ortaya qoydu.  “İslahatlar yenilik, yeni yanaşma,  mövcud problemlərin həlli deməkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyevin  “Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır” proqnozu özünü bir daha statistik rəqəmlərdə doğrultdu.  Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar da  davamlı inkişafı şərtləndirən amillər sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev Davos İqtisadi Forumunda “Azərbaycan hakimiyyəti böyük imkanlar yaradan və hazırda həyata keçirilən geniş islahatlar gündəliyinə malikdir” söyləyərək bu əminliyi də ifadə etmişdir ki,  seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaq.

Yeganə Əliyeva, “İki sahil”