28 fevral 2020 13:09
1449

Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ilə görüşüb.

"İki sahil" xəbər verir ki, görüşdə nazir Mikayıl Cabbarov Azərbaycanın qonşu ölkəsi Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq tranzit dəhlizlərinin inkişafında əməkdaşlıq edir, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır. İqtisadiyyat naziri qeyd edib ki, Gürcüstan  Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edərək, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərı barədə fikirlərini bölüşüb, birgə layihələrdə iştiraka dəvət edib.

Görüşdə ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Azərbaycanın Ələt Limanı ilə Gürcüstanın Poti Limanı arasında əməkdaşlığın qurulması, biznes forum və işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə edilib.