KÖŞƏ

Vəli İlyasov

Azərbaycan əsgəri hər cür hörmət və ehtirama layiqdir

12 noyabr 2020 18:37
942

Vətənimizin otuz il qövr edən ağır yarasını sağaldan yaralı döyüşçülərimiz hər cür hörmət və ehtirama layiqdir.  Qələbəmizlə başa çatmış Qarabağ müharibəsində Vətənə atılan düşmən gülləsinə canlarını sipər etmiş oğullarımız əsl qəhrəmanlıq nümunəsi göstərərək erməni quldurlarını çıxdıqları iblis yuvasına qədər qovdular, özü də lap iti qovan kimi qovdular. Otuz il bizi qəhr edən dərdimizə nəhayət, məlhəm tapıldı. Dağlıq Qarabağ müharibəsində düşməni diz çökdürən igid əsgər və zabitlərimiz qələbəni Azərbaycan xalqına ərməğan etdilər və ölkəmizi yenidən dinc həyata qaytardılar.

“İndi həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar”.  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə belə deyib. Dövlət başçısı bildirib ki, yaralıların bundan sonra da normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək. Yaralıların bütün qayğı və ehtiyaclarının tam ödənilməsi üçün dövlətimiz hər cür imkana malikdir: “Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəribaşdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq”.

Göründüyü kimi, dövlətimizin başçısı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaralılara və şəhid ailələrinə göstərdiyi qayğını davam etdiriləcəyini bildirib.

Prezident əlavə edib ki, şəhid ailələrinin problemləri öz həllini tapacaqdır. Birinci Qarabağ müharibəsinin iştirakçıları üçün yaradılan şərait İkinci Qarabağ savaşında şəhid olanların və yaralananların da ailələrinə yaradılacaqdır: “Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir”.

Həmişə dediyi sözləri, irəli sürdüyü fikirləri yerinə yetirən Prezidentimiz şübhəsiz ki, verdiyi vədləri qısa müddətdə reallaşdıracaqdır. Vətənimizin otuz il qövr edən ağır yarasını sağaldan qəhrəman Azərbaycan əsgəri hər cür hörmət və ehtirama layiqdir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?