30 sentyabr 2019 18:34
224

Azərbaycan dünyaya yeni sosial və iqtisadi inkişaf modelini təqdim edir

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır

“Biz əlbəttə ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur... Biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.”

Dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft sənayesinin uğurlu inkişafının yol açdığı uğurlardan geniş bəhs etmişdir.  

Neft gəlirlərinin düzgün istifadəsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə əsas verdi. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ən əsası regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən ölkə Prezidenti regional inkişaf proqramlarının qəbulu və uğurlu icrası ilə bugünkü reallıqlara yol açdı. Dövlətimizin başçısı bildirir ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Buna əsas verən təbii ki, ölkəmizin demoqrafik vəziyyətidir. Dövlətimizin başçısı bildirir: “Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik... Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq.” Neft siyasətinin məntiqi davamı olan qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticəsi rəqəmlərdə də öz əksini tapıb. Cari ilin altı ayında iqtisadiyyatımız 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Dövlətimizin başçısı İlham Əliyev həmin mərasimdə bu əminliyi də ifadə etmişdir ki, bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin. Dövlətimizin uğurlu siyasəti, təkmil islahatları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Bu günlərdə Dünya Bankının “Doing Business 2020” hesabatı dövlətimizin təkmil sosial-iqtisadi islahatlarını bir daha təqdim etdi. Belə ki, Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasında yer alıb. Son 15 ildən artıq dövrün uğurlu addımları, kompleks tədbirləri Azərbaycanın davamlı inkişafında stimulverici amildir. Bu gün Azərbaycan artıq yüksək beynəlxalq nüfuza malik bir dövlət kimi tanınır və qəbul edilir. Dövlətimizin şaxələndirmə siyasəti beynəlxalq səviyyədə təqdir olunur, inkişaf modelinin öyrənilməsinin və tətbiqinin vacibliyi qeyd edilir. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafını şərtləndirən amillər sırasında sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması prioritetliyi ilə diqqət çəkir. Qeyri-neft sektorunda güclü potensialın yaradılması, əhalinin sosial təminatı sahəsində atılan inqilabi addımlar və sair bu günümüzün reallıqları sırasındadır.   Cənab İlham Əliyev eyni zamanda bildirir ki, elan edilmiş və icra olunan ciddi iqtisadi və sosial islahatlar əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəltməyə imkan verir. 2003-cü ildə keçirilən andiçmə mərasimində əməkhaqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılacağı vədini verən cənab İlham Əliyev son 16 ildə gördüyü işlərlə bunu təsdiqləyir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin cari ilin aylarından təsdiqlədiyi sosial islahatlar paketi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi addımlar kimi dəyərləndirildi. Bu paketdə yer alan  problemli kreditlərin həlli, evlərin sənədləşdirilməsi kimi məsələlər əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlətimizin başçısı İlham Əliyev problemli kreditlərin həlli məsələsinə diqqət yönəldərək bildirmişdir ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə, vətəndaşları narahat edən bu məsələni həll etdik: “Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub. Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu.”

Ölkə Prezidentinin təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində, həmçinin minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180 manata, pensiyaların minimum məbləği isə 40 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Həmin artımlardan 800 mindən çox insan bəhrələndi. Aprel ayının 1-dən sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib. Belə ki, ölkə Prezidenti İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları insan amilinə dəyəri bir daha ortaya qoymaqla yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların davamlı xarakter aldığını təsdiqlədi. İmzalanan 17 Sərəncamla minimum əməkhaqqının, müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olundu. Bu sənədlərə əsasən  minimum əməkhaqqının məbləği cari ilin sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çadırıldı. Sentyabr ayından sərəncamların icrası uğurla həyata keçirildi. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır. Bu gündən ölkə əhalisinin müəyyən bir hissəsini təşkil edən bu kateqoriyadan olan vətəndaşlar sosial müdafiələrinin gücləndirilməsinə xidmət edən addımın sevincini və nəticəsini öz həyatlarında yaşayacaqlar.

Göründüyü kimi, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Ən əsası uğurlu addımlar və nəticələr dövlətimizin başçısı İlham Əliyevin ilin əvvəlində səsləndirdiyi “2019-cu il sosial islahatlar ili kimi tarixə yazılacaq” proqnozunu reallıqda təsdiqləyir. Özünüməşğulluq proqramının icrası, kiçik və orta sahibkarlığın inkişafına lazımi dəstəyin göstərilməsi də sosial rifahın yüksəlməsinə yönələn addımlar sırasındadır. “Gələcəkdə biz bu istiqamətdə addımlarımızı atacağıq. Əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək. Tam əminlik var.” söyləyən cənab İlham Əliyev bildirir ki, ölkə uğurla inkişaf edir: “Ölkəmizdə sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Siyasətimizə göstərilən dəstək bizi gücləndirir. Əlbəttə ki, biz daha inamla irəliyə, nikbinliklə gələcəyə baxırıq. Çünki ölkə qarşısında duran bütün vəzifələr icra edilir.”

Təkmil islahatlar dayanıqlı inkişafın əsasıdır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da islahatlar nəticəsində əldə olunan nailiyyətlər statistik rəqəmlər əsasında təqdim edilir. Belə ki, son 15 ildən artıq dövrdə ölkədə ümumi daxili məhsul istehsalı 3,2 dəfə artıb. ÜDM-in qeyri-neft sahəsində 2,8 dəfə, sənaye məhsulu istehsalında 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesində 2,2 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalında 2 dəfəyə qədər artdığı müşahidə edilib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard dolları ötüb. Məhz bu islahatlar Azərbaycanın “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlməsini şərtləndirdi.

“Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək” söyləyən cənab İlham Əliyev bildirir ki, bu günümüzün əsas tələbatı iqtisadiyyatın yeni modelidir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir. Qeyd edək ki, 12 istiqaməti əhatə edən Strateji yol xəritələri ayrı-ayrı sahələrin inkişafına istiqamətlənib. Kompleks tədbirlər dayanıqlı inkişafı şərtləndirir. Strateji yol xəritələrindən öncə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas prioritetlər və icra mexanizmləri öz əksini tapıb. 2020-ci ilə qədər dövrü əhatə edən müddətdə əsas hədəf hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bu uğurları şərtləndirən əsas amillərdən biri də Azərbaycanın innovasiyalara meyilli olmasıdır. Dövlətimizin başçısı bildirir: “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir.”

Yeganə Əliyeva, “İki sahil”