19 mart 2019 19:20
170

Azərbaycan dünyanın aparıcı enerji platformalarından birinə çevrilib

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada rolunun, yerinin və nüfuzunun güclənməsi ilə bağlıdır

Məlum olduğu kimi, Bakıda OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur. Qeyri-OPEC ölkələrindən Rusiya, Qazaxıstan, Bəhreyn və Bruney iclasa nazir və yüksək səviyyəli nümayəndə heyəti ilə qatılıblar. İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı, həmçinin bir sıra digər aktual məsələlər müzakirə edilib.

Tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada rolu və yerinin, nüfuzunun güclənməsi ilə bağlıdır. Azərbaycan ərazicə bir qədər kiçik ölkə olsa da, yürütdüyü daxili və xarici siyasət, icra etdiyi nəhəng beynəlxalq layihələrlə dünya xəritəsində özünəməxsus yer tutub.

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə Bakıda OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının ölkəmiz üçün əhəmiyyətini «İki sahil» qəzeti üçün şərh edərkən bildirdi ki, belə mötəbər toplantıların Azərbaycanda keçirilməsi ona dəlalət edir ki, Azərbaycan artıq qlobal enerji məsələlərinin geniş müstəvidə müzakirə olunduğu dünyanın aparıcı enerji platformalarından birinə çevrilib: «Təbii ki, bütün bunlar Azərbaycanın həyata keçirdiyi uğurlu və dayanıqlı enerji strategiyasının məntiqi nəticəsi olaraq təzahür edir. Azərbaycan qədim zamanlardan bu günə kimi dünya neft sənayesinin inkişafına, qlobal enerji təhlükəsizliyinə böyük töhfələr verib. Əgər biz dünya neft tarixinə nəzər yetirsək, Azərbaycanın adının bir çox «ilk»lərlə bağlı olduğunun şahidi ola bilərik. Belə ki, dünyada ilk dəfə sənaye üsulu ilə neftin çıxarılması, ilk neft tankeri, ilk boru kəməri və sənaye üsulu ilə açıq dənizdə ilk neft quyusunun qazılması kimi bir çox «ilk»lər məhz Azərbaycanın adı ilə bağlıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünya neft sənayesinin özəyi olub.  Bu gün də Azərbaycan çoxşaxəli enerji strategiyası ilə neft və qaz sənayesində dəyər zəncirinin müxtəlif mərhələlərinə investisiya qoyur; satış, nəql, emal və ticarət əməliyyatlarını SOCAR-ın timsalında bütün qitələrdə, 40-dan artıq ölkədə uğurla həyata keçirir. Bütün bunlar Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini gücləndirir və ölkəmizin önəmini artırır.»

E.Axundzadə vurğuladı ki, «OPEC +» formatı bu gün qlobal neft bazarlarının tənzimlənməsi, tələb və təklif arasındakı balansın təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır: «Belə ki, «Brent» markalı neftin qiymətləri 2014-cü ilin ikinci yarısından sonra kəskin azalaraq 2016-cı ilin əvvəllərində 110 dollardan 30 dollar səviyyəsinə qədər düşmüşdü. Qiymətlərin qısa zamanda bu qədər aşağı düşməsi qlobal iqtisadiyyat üçün ciddi risk meydana gətirirdi. Təkcə 2014-2016-cı illər arasında neft-qaz sahələrinə qoyulan investisiyaların həcmi 46% azalaraq 800 milyard dollardan 430 milyard dollara düşmüşdü. Belə bir şəraitdə, «OPEC +» formatı yaradıldı və bu çərçivədə 2016-cı ilin dekabr ayında gündəlik neft hasilatının 1,8 milyon barrel azaldılması ilə bağlı qərar qəbul edildi. Bu qərar birbaşa neft bazarına müsbət təsir göstərərək qiymətlərin tədricən yüksəlməsinə səbəb oldu. Beləliklə, 2017-ci ildə brent markalı neftin orta qiyməti 55 dollara, 2018-ci ildə isə 71.3 dollara yüksəldi. Hazırda isə qiymətlər 68 dollar səviyyəsində qərarlaşıb. Bu səbəbdən «OPEK +» formatı çərçivəsində həyata keçirilən toplantılar dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və bu toplantılarda alınan qərarlar neft bazarlarına birbaşa təsir göstərir.»

Ekspert onu da diqqətə çatdırdı ki, ölkəmizdə keçirilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında 20 xarici media olmaqla, ümumilikdə 200 media nümayəndəsi iştirak edirdi: «Yəni, dünya neft bazarlarının «ürəyi» Azərbaycanda döyünürdü və Azərbaycan əsas diqqət mərkəzinə çevrilmişdi. Onu da qeyd edim ki, belə toplantıların Azərbaycanda keçirilməsi, eyni zamanda, ölkəmiz üçün yeni biznes imkanlarının müzakirəsi, ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə Rusiya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Əlcəzair və Liviya kimi ölkələrin dövlət və şirkət nüməyəndələri ilə qarşılıqlı olaraq müxtəlif sahələrdə müzakirələr aparılıb, yeni biznes imkanları dəyərləndirilmiş və memarandumlar imzalanıb.»

Bir sözlə, dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün uğurla reallaşdırdığı neft strategiyasında daim ədalətli yanaşma ortaya qoyur. Qürurverici haldır ki, «OPEC +» formatının keçirilməsi təşəbbüsünü məhz dövlətimizin başçısı cənab İlham Əliyev irəli sürüb. Ən əsası isə Azərbaycan «OPEC +» formatında əməkdaşlığa böyük önəm verir və gələcəkdə bu əməkdaşlığı yeni təşəbbüslərlə daha da dərinləşdirmək niyyətindədir.

Orxan Vahidoğlu, «İki sahil»