24 aprel 2019 10:53
242

Azərbaycan deyəndə böyük bir millətin ölkəsini, tarixini və mədəniyyətini düşünürəm - ÖZƏL

“İki sahil” qəzetinin xeyli müddətdir ki, tanınmış şairlərimizdən olan Tofiq Bayramın məşhur şeirinin “...Gözümdə doğmalaşar bütün xalqlar, ölkələr - Azərbaycan deyəndə!” - kimi könüloxşayan misralarına söykənib gerçəkləşdirdiyi “Azərbaycan deyəndə...” layihəsinin budəfəki qonağı təkcə Türkiyənin deyil, dünyanın ən önəmli tarixçi alimlərindən sayılan İlbər Ortaylıdır. Görkəmli alimin internetə çıxışı olan hər bir kəsin əlinin yetə biləcəyi tərcümeyi-halını təfərrüatlarına qədər oxucularımıza təkrarlamağı lazım bilmədən söhbətimizdə sözügedən dühanın Azərbaycan haqqında söylədiklərinə və hiss etdiklərinə ruhumuzun qulağı ilə diqqət kəsildik. Ki, öyrəndiklərimizi alimə böyük sevgi bəsləyən oxucularımıza da çatdıraraq misilsiz mənəvi zövq bəxş edək. Suallarımızı müsahibədən yığışdırdıq, çünki önəmli olan suallarımızı nümayiş etdirmək yox, cavablardan öyrənməkdir...

Azərbaycanın öz tarixini həssaslıqla qoruması çox gözəldir

Bugünədək Azərbaycana çox gəlib-getmişəm, hətta səfərlərimin sayını unutmuşam. Hər səfərimdə daha fərqli və getdikcə hər baxımdan zənginləşən Azərbaycanla qarşılaşıram.

Küləkli Bakının özünəməxsusluğu var. Hazırda Bakıda tarixi abidələr həssaslıqla qorunur. Bir ara Bakıda tikinti bumu yaşandı, şəhərin görkəmini pozacaq şəkildə nə gəldi, necə gəldi tikirdilər. Amma indi hər şey xeyli nizamlanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri ilə Bakının siması daha da gözəlləşir. Ölkənizin birinci xanımı İçərişəhərin və bir çox tarixi abidələrin qorunmasına çox diqqət göstərir. Bunu təqdir edirəm. Azərbaycanın öz tarixinə belə həssas yanaşması, qoruması çox gözəldir.

Budəfəki səfərimdə Şamaxıda da oldum. Sakit və gözəl təbiətə malik yerdir. Yollar, infrastruktur xeyli dəyişib, inkişaf edib. Şamaxıda qədim türbələri və xəlvətilik təriqətinin görkəmli nümayəndələrindən olan Ömər Xəlvətinin məzarını ziyarət etdim. Hər dəfə gələndə demək olar ki, Bakıdan kənara çıxa bilmirəm. Şəkidə, Gəncədə olmaq, sovetlərdən sonra müstəqillik illərində orada baş verən dəyişiklikləri görmək istərdim. Azərbaycanda avtomobil yolu indi daha çox istifadə edilir, dəmir yolu artıq o qədər də məqbul sayılmır. Müasir və gözəl aeroport inşa edilib.

Azərbaycan xalqı ziyalılığını qorumağa çalışır...

Azərbaycandakı görüşlərdə və imza günlərində gördüyüm qələbəlik məndə bir qənaəti daha da möhkəmləndirdi ki, bu millət oxuyur, ziyalılığını qorumağa çalışır. Gənclər tarixi, müxtəlif xarici dilləri öyrənməyə, oxuyub-yazmağa çox meyillidirlər. Hər janrda musiqi dinləyirlər. Dini cərəyanlara aludəçilik demək olar ki, yoxdur. Azərbaycan gəncləri Vətən anlayışına, mənsub olduqları dil qrupuna çox sadiqdirlər, irqçilikdən uzaqdırlar, başqa xalqların nümayəndələri ilə yaxşı yola gedirlər. Bununla bərabər öz milli kimliklərinin də fərqindədirlər.

Azərbaycan deyəndə böyük bir millətin ölkəsini, tarixini və mədəniyyətini düşünürəm. Bu çox önəmlidir. Bunun içində Səfəvilər xanədanı da, Nadir Şah kimi böyük adam da var. Mədəniyyət baxımından da bu fikrimdə qalıram. Məsələn, mən İbrahim Şinasidənsə, Mirzə Fətəli Axundovu daha önəmli bilirəm. Öz xalqı üçün çox yazıb, çox fəaliyyət göstərib. Əlifba islahatı aparıb, cəhalətin aradan qaldırılması üçün çalışıb, xalqın bir kəsimini arxasınca aparmağı bacarıb. Bu sırada İsmayıl Qaspıralı, Əhməd bəy Ağaoğlu kimi önəmli isimlər də var. Türk dünyasına bir bütün kimi baxdığında belə əhəmiyyətli imzaların vasitəsilə gənclərə bir çox mesajlar çatdırmaq olur. Gənclər tarixlə, elmlə çox maraqlanırlar. Məhz onlara görə yazmaq, çalışmaq lazımdır. Qədim mətnlərə çox ehtiramla yanaşsam da, gənc nəsil üçün daha anlaşılan bir dildə yazmağa səy göstərirəm. Yazdıqlarımı hər kəsin başa düşməsini istəyirəm. Mərhum İlyas Tapdığa “uşaq şairi” deyirdilər, mən də uşaq tarixçisi oldum (gülür). Gənclərin yazdıqlarımı oxumalarından, mənə olan sevgilərindən çox şadam. Hətta orta məktəb şagirdləri də məni oxuyurlar. İmza günlərində, mühazirələrdə gənclərin, tələbələrin, elə orta və yaşlı nəslin də tarixə, danışdıqlarıma necə maraq kəsildiyni görürəm. Burada gənclər daha həvəslidir, gənclərin tarixlə belə maraqlanmasını alqışlayıram.

Yazılarımda Azərbaycan dilindən mümkün qədər istifadə edirəm

Biz kamalist Türkiyədə yetişdik. Bizlər özümüzə yaxın bildiyimiz bütün xalqların mədəniyyəti və tarixi ilə maraqlanaraq böyüdük. Mustafa Kamal Atatürk siyasi baxımdan macəraçı və irredantist deyildi. O, stabil və ağlı başında bir sülh siyasəti yürüdürdü. Mədəniyyət baxımından isə böyük türkçü idi.

“Türk dili” deyilən anlayış Anadolu ilə məhdudlaşan bir məfhum deyil. Mütləq kənardan da “bəslənməlidir”. Azərbaycan dili də belədir. Təbii ki, Azərbaycan ziyalıları rus dilində də çox yaxşı danışırlar. Bu, möhtəşəm amildir. Amma bununla yanaşı, Azərbaycan xalqı öz dilini mühafizə edir. Bu dil osmanlıcaya bənzəyir və yazılarımda mümkün qədər bu dildən istifadə edirəm.

Məsələn, mənim fikrimcə, Azərbaycan romanı bizdəkindən daha yaxşıdır. Burada çox dərin yazarlar var.

Budəfəki gəlişimdə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyünə qəbul edildim. Anarı 1968-ci ildən bəri Rəsul Rzanın oğlu və şair kimi tanıyırdım. Şeirləri ilə tanış idim. Bir gün “Qobustan” dərgisində mənim bir yazımı Azərbaycan dilinə uyğunlaşdırıb dərc etdirdiyini öyrəndim. O zamanlar özünü görmədim. Amma vaxtaşırı Türkiyəyə gəlib -gedirmiş. Sonralar Azərbaycan əsilli türkoloq alim, böyük önəm verdiyim və ehtiram bəslədiyim İren Melikoffun Strasburqda təşkil etdiyi bir konqresdə Anarla qarşılaşdıq. Anar roman yazmağa gec - ədəbi baxımdan yetkinləşərək və dili yaxşı istifadə edərək başladı. Fikrimcə, belə olması çox yaxşı idi. Bilirsiniz, keçmiş sovet dönəmində xaricə gedib - gəlmək asan deyildi. Deputat Rəsul Rzanın oğlu və sevilən bir yazıçı olduğu üçün Sovet hökuməti Anarın xaricə getməsinə icazə verirdi. Bu səfərlərdə Anar dünyanı yaxından tanıdı, mötədil fikirli bir adam oldu. Bunlar mühüm təcrübədir. Bu, təbii ki, yaradıcılığına da sirayət etdi.

Azərbaycanda maraqlı bir tendensiya var ki, burada dövlət adamları yazara qarşı hansı münasibət bəslədiklərindən asılı olmayaraq onların yaradıcılığını oxuyurlar. Türkiyədə isə təəssüf ki, bu yoxdur. Türkiyədə demokratiyamıza sağa- sola getməkdən oxumağa vaxtları qalmayan yeni bir sinif gəlib...

“Ay bəri bax”dan başlamış, “Laçın”a qədər... dinləməkdən zövq alıram

Mən xalq musiqisini çox gec yaşda, həm də Azərbaycana gəlib-getdikdən sonra sevməyə başladım. Öncələr sevməzdim. Türkü, mahnı dinləməzdim. Bəzən III Səlim dönəminin musiqisinə qulaq asardım. Daha çox klassik musiqinin vurğunuyam. Əvvəllər mənə klassik musiqidən başqa digər musiqi janrları heç bir şey ifadə etmirdi. Bəlkə də ifaçılar yaxşı olmadığı üçün sıxılırdım. Sonralar Azərbaycana yolum düşdükcə eşitdiyim xalq mahnılarına, muğamlara bağlanmağa başladım. İndi “Ay bəri bax”dan başlamış, “Laçın”a qədər... dinləməkdən zövq alıram. İmanla zövqün kimə necə gələcəyi bəlli olmaz... İndi Azərbaycan musiqisi Türkiyədə çox sevilir.

Yeri gəlmişkən, qeyd edim ki, İran Azərbaycanını da tanıyandan onlarla fəxr edirəm. Cənubi azərbaycanlılar həm türk, həm də İran mədəniyyətini yaxşı mənimsəyiblər. İndi İran Azərbaycanı müdhiş bir mədəni partlayış halındadır... Tarixə də nəzər salsaq görərik ki, fars dilində ədəbiyyat yaradan böyük şairlərin əksəriyyəti türklər olub: Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhəmmədhüseyn Şəhriyar...

Xatırladım ki, Hafizin divanına ən yaxşı şərhi türklər yazıblar. İndi yenə bir maraq yaranıb- türklər farsca öyrənməyə başlayıblar. Düşünürəm ki, bizim məmləkətlər farsca və ərəbcə ilə yanaşı, yunan və latın dilinə də vaqif olmalıdır. Farsca və ərəbcə tarixilik, yunan və latınca isə qərbliləşmək baxımından mühüm şərtdir. Düşünürəm ki, bu, yeni nəslin özəlliyi olmalıdır. Çünki biz Avropa ilə Asiyanın ortasında yerləşirik.

Qarabağ qədim türk torpağıdır

Azərbaycan mənim üçün böyük əhəmiyyət kəsb edir.  Azərbaycan həm də Qarabağ deməkdir. Qarabağ qədim türk torpağıdır. Əlbəttə, erməni icması da orada məskunlaşıb yaşaya bilər, amma ilhaq söhbət mövzusu belə ola bilməz. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu məsələdə gerçəklər və tarixiliklə yanaşı, həm də duyğularımla çıxış edirəm.

Azərbaycanın havasını, suyunu, musiqisini, insanlarının danışıq tərzini sevirəm. Bütün bunlar mənə çox xoş gəlir, Azərbaycana hər gəlişimdə buraya daha da bağlanıram. İndi Türkiyədə yeni bir cərəyan yaranıb, burdakılar kimi danışırlar. Məsələn, “Hocam, mənim səndən bir xahişim olacaq” deyə söhbətə başlayırlar...(gülür) Zarafat bir tərəfə, amma bunun özü də Azərbaycana olan sevginin bir göstəricisidir.

Tarixə olan sevgimdən retro modellərdən ibarət miniatür avtomobil kolleksiyası toplayıram

Minlərlə qiymətli kitabdan ibarət çox zəngin kitabxanam var. Təəssüf ki, kitabxanamın fransız-alman mənşəli hüquq tarixi bölməsi yanıb. Kitabxanamın bir qismini də Cümhuriyyət kitabxanasına bağışlamışam. Türkiyənin tarixinə ərməğan olsun.

Klassik modellərdən ibarət miniatür avtomobil kolleksiyam var. Bu həvəs də məhz tarixə olan sevgimdən yaranıb. Kolleksiyamdakı miniatür avtomobillər hamısı retro modellərdir, heç biri modern deyil. Çoxunun düzəldilmə tarixi keçən əsrin 50-ci illərinə aiddir. İçərisində Moskvada hazırlanan çoxlu keyfiyyətli nümunələr var, Çinin hazırladığı kimi deyil, çox möhkəmdir (gülür). Məsələn, kolleksiyamda rus çarının, eləcə də Stalinin istifadə etdiyi avtomobillərin (Litvada hazırlanıb) miniatür modelləri, yaxud da İngiltərədə buxarla işləyən dəmir yolu daşıyıcı qurğusu yer alır. Topladıqca muzeyə verirəm ki, sonralar it- bata düşməsin. Bəzi miniatür modellərə nəvəmin gözü düşür, onda da qızıma deyirəm ki, onun bəyəndiyini bir kənara qoy, böyüyəndə verərsən.

Yaşamaq həm də milli kimliyini və tarixini qoruyub yaşatmağı bacarmaqdır

Çoxları gecə-gündüz işləyir də, gəzib-dolanır da, nələrsə öyrənir də, amma sözün əsl mənasında yaşamağı bacarmırlar. Bütün günü gəzmək, əyləncə məkanlarında vaxt keçirmək yaşamaq deyil. Müasir dövrün insanları kimi qaçhaqaç, qovhaqov içində, qazanc uğrunda ətrafını, dünyanı unutmaq yaşamaq sayılmır. Yaşamaq həm də milli kimliyini, tarixini qoruyub yaşatmağı bacarmaqdır. Bəzi danılmaz həqiqətləri, məsələn, tariximizi, mədəniyyətimizi, sahib olduğumuz mənəvi irsi yaxşıca öyrənməyə məcburuq. Ümumiyyətlə, tarixi yaxşı bilməliyik ki, sabah kökü olmayanlar qarşımıza mənasız iddialarla çıxanda birlikdə cavab verə bilək. Yeni dünya bunu tələb edir.

Sevinc Mürvətqızı,
Vüsal Cahanov (foto), 
“İki sahil”