05 dekabr 2019 14:33
400

AXA-da baytar mütəxəssisləri üçün təlimlər keçilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) baytarlıq idarələrinin rəhbərləri üçün keçirilən təlimlərin davamı olaraq rəis müavinləri-baytar mütəxəssislər üçün xüsusi təhlükəli xəstəliklərə dair təlimlər keçirilir.

Görüşdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev bildirib ki, tədbirin əsas məqsədi profilaktik tədbirlərin vaxtında yerinə yetirilməsi, işin səmərəliliyinin, operativliyinin, effektivliyinin, eləcə də baytar mütəxəssislərin peşə və bilik səviyyəsinin artırılması, mövcud problem və çatışmazlıqların həllinin qısa vaxtda və operativ təmin edilməsidir.

Sədr bildirib ki, AXA-nın əsas hədəfləri, daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir.

Baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verən sədr müavini Bayandur Rzayev heyvan sahibləri ilə mütəmadi görüşlərin keçirilməsinin vacibliyindən danışıb. B.Rzayev xəstəliklər barəsində fermerlər arasında təbliğat-təşviqat işlərinin gücləndirilməsinin, xüsusi təhlükəli xəstəliklərə qarşı istifadə edilən vaksinlərin “soyuq zəncir” prinsipi əsasında heyvanların baş sayına uyğun tətbiq edilməsinin, bu sahədə məsuliyyətin artırılmasının, ambulator kitabın və digər sənədləşmənin vaxtında və düzgün tərtib olunmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Tədbirin sonunda S.Mövlayev rayon baytarlıq idarələrinə günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrini, mütəmadi olaraq heyvan sahiblərinin yanında olmalarını və  qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələrini tövsiyyə edib, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.

Görüş çərçivəsində iştirakçılar üçün “Xüsusi təhlükəli xəstəliklər-bradzod, bruselyoz, xırdabuynuzlu heyvanların çiçək, donuzların klassik taunu, dabaq, leptospiroz, manqo, nodulyar dermatit, pasterelyoz, qan-parazitar, quduzluq, qarayara xəstəlikləri, biomühafizə və biotəhlükəsizliklər” qaydalarına dair iki günlük təlimlər keçirilib.

Qeyd edək ki, görüş və təlimlər bundan sonra da davam etdiriləcək və baytar mütəxəssisləri mərhələli şəkildə təlimlərə cəlb ediləcəklər.