25 aprel 2019 15:32
151

Avstraliyada şirin içkilərə vergi qoyula bilər

Avstraliyada Kvinslend Universitetinin ictimai səhiyyə məktəbinin hazırladığı tövsiyə xarakterli hesabata əsasən, tərkibində şəkər olan içkilərə 20 faizlik vergi tətbiq edilməsi hər il dövlət büdcəsinə əlavə 400 milyon Avstraliya dolları vəsait cəlb olunmasına və səhiyyə xərclərinin 20 milyon dollar azaldılmasına şərait yaradacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hesabatda şəkərə vergi tətbiq edilməsinin iqtisadi nəticələrinə və bunun əhalinin sağlamlığına təsirinə toxunulub.

Hesabatda deyilir: "Şəkərli içkilərə vergi qoyulması nəticəsində 2-ci tip diabet xəstəliyinə tutulanların sayının ildə 800 nəfər azalacağını müəyyənləşdirdik. Qarşıdakı 25 il ərzində ölkədə ölüm sayında hər il 1600 azalma olacaq, ürək-damar xəstəliklərinin insan ölümlərinə təsiri isə əhəmiyyətli şəkildə azalacaq".