17 fevral 2020 20:43
1251

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artır

Dövlətimizin başçısı İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da bu hədəfi də açıqlamışdır ki, planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir

Bu gün istər ölkə, istərsə də dünya mətbuatında əsas müzakirə mövzularından biri dövlətimizin başçısı İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri, həmçinin səfər çərçivəsində bu və ya digər ölkələrin dövlət və hökumət başçıları, aparıcı şirkətlərin rəhbərləri, “Enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirakı və Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna işıq salan nitqidir.

Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşündə konfransda iştirak etməyin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, bu, auditoriya qarşısında çıxış etmək üçün hər zaman yaxşı fürsətdir. Çünki dünyada, regionumuzda vəziyyət dəyişir. İndi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Buna görə də bu mühüm məsələlərin müzakirəsi çox önəmlidir: “Xüsusilə səfərimin ikitərəfli formatı da çox əhəmiyyətlidir. Çoxsaylı görüşlər var. Xatırlayıram ki, əksər hallarda bəzi ilkin fikir mübadilələri bir sıra çox nəzərəçarpan nəticələrə gətirib çıxarıb. Buradakı təmaslar nəticəsində çoxlu sayda ticarət müqavilələri imzalanıb. Həmçinin zəruri olan regional təhlükəsizlik, regional əməkdaşlıq, enerji siyasəti dünya üçün daha çox əhəmiyyət kəsb edir... Düşünürəm ki, qarşıdakı illərdə daha çox imkanlar olacaq, çünki daha böyük potensiala malik Azərbaycanın imkanları artır.”

Dövlətimizin başçısının Münxendə Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han ilə görüşündə Azərbaycanın qurumla uğurlu əməkdaşlıq etdiyi xüsusi vurğulandı. Cənab İlham Əliyevin Əfqanıstan, Moldova, Qazaxıstan prezidentləri, həmçinin “Leonardo” şirkətinin baş icraçı direktoru, Beynəlxalq Enerji Agentliyinin baş icraçı direktoru, Küveyt dövlətinin baş naziri, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşləri hər biri iştirakçı dövlətlərin, o cümlədən Azərbaycanın enerji, həmçinin qeyri-neft sektoru sahəsində qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynadı. Belə ki, görüşlərdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna, Cənub Qaz Dəhlizinin əhəmiyyətinə, Avropanın təbii yanacaqla təmin olunmasında ölkəmizin yeni və etibarlı mənbə olmasına xüsusi diqqət yönəldildi. Dünya bazarında neftin qiymətinin sabit qalmasında Azərbaycanın rolu, OPEK+ formatının əsas təşəbbüskarlarından biri olması yüksək dəyərləndirilərək, ötən dövrdə bu formatın fəaliyyətinin müsbət nəticələrinə diqqət yönəldildi.

Azərbaycan bu gün qlobal enerji bazarının mühüm faktorlarından biridir.  “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqət yetirsək, bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imicinə bir daha işıq salarıq. Təkcə bu uğuru qeyd etmək kifayətdir ki, müqavilənin imzalanmasının  23-cü ildönümü ərəfəsində, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması ötən bu dövr ərzində Azərbaycanın qazandığı uğurların ümumiləşdirilmiş ifadəsi oldu. 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu.   Dünya İqtisadi Forumunun 50 iclasında da Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlara geniş işıq salınmışdır. Dünya Azərbaycan Prezidenti İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyalarını dəstəkləyir. OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşün dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq hissi ilə başlanması Azərbaycana, onun Prezidentinə böyük etimadın, uğurlarımıza yol açan düşünülmüş və məqsədyönlü siyasətə dəstək kimi dəyərləndirildi. Məhəmməd Barkindo cənab  İlham Əliyevi uzaqgörən və çox qətiyyətli lider adlandıraraq bildirmişdir ki, Siz beş il bundan əvvəl Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz.

Bu məsələdə o qədər də fəallıq göstərməyən OPEC ilk dəfə Prezident İlham Əliyevin çağırışından sonra qiymət azalmasının qarşısının alınmasına dair birgə fəaliyyətə başlamışdı. 2016-cı il oktyabrın 29-da Vyanada OPEC-ə üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin birinci iclası keçirilib. İlk iclas 21 ölkənin, o cümlədən qeyri-OPEC ölkələrindən 6 dövlətin (Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, Oman və Rusiya) nümayəndə heyətlərinin iştirakı ilə baş tutmuşdu. Aparılan danışıqların nəticəsi olaraq 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə edilib. Həmin ilin dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Vyana Bəyannaməsinə uyğun olaraq Azərbaycan həmin vaxt hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı öhdəlik götürmüşdü.

Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və çağırışından sonra OPEC-ə üzv olan və olmayan ölkələr arasında “OPEC+” adı alan əməkdaşlıq formatı yarandı. Cənab İlham Əliyev bunu nadir tərəfdaşlıq formatı adlandıraraq bildirir ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda, qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur.

Onu da qeyd edək ki, ötən ilin martında Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilmişdi. İclas Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi əsasında ölkəmizdə baş tutmuşdu. “OPEC plus” ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının ölkəmizdə keçirilməsi  Azərbaycan iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft sənayesində əldə edilən uğurlara və təcrübəyə əsaslanırdı.

28 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın ilk illərdə yaşadığı duruma diqqəti yönəldən cənab İlham Əliyev bu əsas məqamı qeyd edir ki, əlbəttə, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Belə bir vəziyyətdə nəhəng xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Ulu öndər Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Belə bir çətin vəziyyətdə 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması ölkəmizə sərmayə axınını stimullaşdırdı. Arxada qalan illər Azərbaycanın tarixinə biri-birindən əhəmiyyətli uğurları yazdı.

“Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya diqqət yetirsək , ancaq və ancaq davamlı uğurların şahidi olarıq.  BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi, 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın coğrafiyasının genişləndirilməsini də nümayiş etdirir. “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən bu reallığı xüsusi qeyd etməliyik ki, ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı. Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmiş və bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı: “Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, Cənub Qaz Dəhlizinin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.” Cənub Qaz Dəhlizi iştirakçı ölkələr, eləcə də bütün region üçün sabitlik, təhlükəsizlik və rifah vəd edir. Ölkə Prezidenti İlham Əliyev TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində layihənin məhz bu baxımdan əhəmiyyətini aydın şəkildə şərh etmişdir: “Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür, - bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir”.   “Əsrin müqaviləsi”nin məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin bəhrəsi olduğunu önə çəkən xarici şirkətlərin təmsilçiləri də bildirirlər ki, 6 fərqli ölkədən olan 11 şirkət SOCAR ilə birlikdə ölkənin enerji yolunda yeni bir səhifə açdı. Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Cənab İlham Əliyev bildirir ki, əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi birləşdiririk. Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısı bu inamı da ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımların uğurları təqdir edilmişdir. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yönəldilmişdir. Təbii ki, bu sahədə də enerji resurslarından səmərəli istifadə başlıca istiqamətdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün isə neft-qaz gəlirlərindən istifadə olunması mexanizmi təkmilləşdirilir, karbohidrogenlərin satışından əldə edilən gəlirlər tədricən həmin vəsaitlərin investisiyasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçirilir, bu istiqamətdə aparılan işlər intensivləşdirilir. Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar strukturu şəbəkəsi daha da təkmilləşdirilir, idarəçiliyin mütərəqqi formalarından istifadəyə diqqət artırılır.

Bu mühüm məqamı da qeyd edək ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda, digər ölkələrə investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Ölkə iqtisadiyyatına qoyulan 270 milyard dollardan artıq  sərmayənin təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər. Sərmayələrin cəlb olunmasında təbliğat işinin lazımi səviyyədə qurulması vacib amil kimi önə çəkilir. Bu baxımdan beynəlxalq əhəmiyyətli tədbirlərin, enerji sammitlərinin, biznes forumların rolu xüsusi vurğulanır. Bu gün bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, tarixən neft ölkəsi kimi tanının Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində əldə etdiyi təcrübə, qazandığı uğurları ilə diqqət mərkəzindədir. İnkişafın Azərbaycan modelinin mövcudluğu səbəbsiz yerə təqdir olunmur və öyrənilməsinə səy göstərilmir. Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızı şərtləndirən amilləri belə ümumiləşdirir: “Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.”

Göründüyü kimi, əməkdaşlığın inkişafına xidmət edən hər yeni format özlüyündə yeni-yeni hədəflərin gündəmə gətirilməsini stimullaşdırmaqla səylərin artırılmasını bir tələb kimi ortaya qoyur. “OPEC+” formatı yaradılandan bu günədək Azərbaycan öz öhdəliyini tam yerinə yetirib. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir.

Dövlətimizin başçısı İlham Əliyev “Enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da hədəfləri açıqlayarkən bu mühüm məqamı da diqqətə çatdırmışdır ki, planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu ilin yanvarında külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalanıb: “Bizim ölkə neft, qaz, günəş, küləklə zəngindir. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var. Lakin mən tamamilə əminəm ki, biz bunu ehtiyatla etməliyik. Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin.”

Özünün enerji tələbatını daxili imkanlar hesabına təmin edən Azərbaycan etibarlı enerji ixracatçısı kimi yeri və rolunu günbəgün artırır, yeni-yeni layihələrin təşəbbüsçüsü kimi çıxış edir.

Yeganə Əliyeva, “İki sahil”