KÖŞƏ

Elçin Zaman

Avropadakı mühacir sürüsü erməni lobbisinin quluna çevrilib

25 aprel 2019 10:42
212

Həyatda bir psixoloji hal mövcuddur: uğurlar yalnız o adamları sevindirə bilir ki, orada onların da payları var. Əksinə uğurlar rəzil  xislətli adamlarda qıcıq, xainlik yaratmaqla onları yaramaz əməllərə sövq edir. Məhz bu gün xarici ölkələrdəki anti-Azərbaycan ünsürlər ölkəmizin uğurlarına ona görə qısqanclıqla yanaşırlar ki, əxlaq sarıdan kasaddırlar, milli iradələri zəifdir, xaricdən gələn maliyyə dəstəyinə görə vətənlərini, hətta ən yaxınlarını satmaqla məşğuldurlar.

Bu ləyaqətsizlər (Orduxan Bəbirov, Vidadi İsgəndərli, Tural Sadıqlı,  Qurban Məmmədov, Məhəmməd Mirzəli) durmadan ölkəmizin əleyhinə elə bir böhtan kampaniyası qurublar ki, onların bizdən olduğuna bəzən şübhə ilə yanaşırsan.  Bu gədaların bir məqsədi var: Azərbaycanın iqtisadi və sosial inkişafına qara yaxmaqla erməni diasporunun əlinə oynamaq. Təbii ki, onlar bu ləyaqətsizliklərinin müqabilində erməni lobbisi tərəfindən hərtərəfli maliyyə dəstəyi də alırlar.

Hətta bu rəzalət dağarcıqları o qədər harınlayıblar ki, Azərbaycanın Prezidentinə, onun ailəsinə də dil uzadırlar. Ona görə ki, onlar ölkəmizi qətiyyətlə irəli aparan Prezident İlham Əliyevin uğurları ilə barışmaq istəmirlər. Təbii ki, Azərbaycan Prezidentini və onun ailəsini təhqir etmək kimi rəzil bir hərəkəti xalqımız qətiyyətlə pisləyir və onların cavabını sərt şəkildə verir.

Ancaq bütün hallarda həm erməni diasporu, həm də ondan qaynaqlanan daxili və xarici düşmənlərimiz ölkəmizi, o cümlədən dövlətimizin başçısını öz qətiyyətindən döndərə bilməzlər. Diqqət edin: bu gün Prezident  İlham Əliyev bütün siyasi fəaliyyətini cəmiyyətin problemləri ilə məşğul olmağa yönəldib. Ona görə ki, məhz iqtisadi cəhətdən inkişaf etmiş, vətəndaşının sosial problemləri həll edilən  və ən nəhayət, siyasi və ictimai sabitliyi dönməz xarakter alan bir ölkə xarici təzyiqlərə, daxildəki antimilli ünsürlərin hücumlarına mətinliklə sinə gərə bilər.

Dünyanın aparıcı güc mərkəzləri ilə, həmçinin qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri quran Azərbaycan indi bir sıra regional layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan məhz bu önəmli amillərə görə, istənilən təzyiqlər qarşısında inamla dayanır.  

Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir; Azərbaycanın iqtisadi gələcəyinin qarantı olan Cənub Qaz Dəhlizi xəyaldan gerçəkliyə qovuşur. Ölkəmizi sevməyən xarici dairələrin digər narahatçılığı məhz bu məqamdadır.

Bir müddətdir ki, “Transparency İnternational”, “Amnesty İnternational”, OCCRP və digər bu kimi  ölkəmizə qarşı ikili standartlar sərgiləyən qurumları hərəkətə gətirən səbəbin də kökü bu amildədir.  İstər xarici anti-Azərbaycan dairələr, istərsə də daxildəki,  “5-ci kolon” çalışır ki,  Azərbaycan hər cür böhtanla beynəlxalq qınaq obyektinə çevrilsin, ictimai narazılıq artsın, ölkədə qarmaqarışıq bir vəziyyət yaransın. Bundan istifadə edən maraqlı çevrələr isə Azərbaycanda özlərinə gərəkli olan ssenariləri başlatsınlar.

Hətta ölkəmizlə bağlı ən pis ssenari dağıdıcı müxalifətə də hava və su kimi  lazımdır! Uzunömürlü müxalifətçilik Əli Kərimlini və İsa Qəmbəri günbəgün zəiflədib meydandan çıxmaq qorxusu altında  saxlayır. Odur ki, güclənən Azərbaycanın əleyhinə formalaşacaq üçbucağın bir küncündə də məhz onlar dayanır.

Təbii ki, Avropada məskunlaşmış və şərəfsizliyin pik nöqtəsinə yüksəlmiş orduxanlar, vidadilər, turallar, erməni lobbisinin himayəsinə sığınmış ləyaqətsizlərdir.  Hətta Orduxan kimi südü pozuqlar Xocalı soyqırımı ərəfəsində erməniləri az qala mələk donunda göstərməyə, onların vandalizm hərəkətlərinə bəraət qazandırmağa çalışdılar.

Bu gün haqlı olaraq sual olunur: erməni xislətliləri müdafiə edən dağıdıcı müxalifət hansı haqla xalqı öz yanında görmək istəyir? Axı, onlar Azərbaycan xalqının aşağılandığı bir məqamda xalqın və dövlətin yanında olmaqdansa Avropadakı ermənipərəst mühacirlərlə bir sırada dayanırlar. Əslində, bu, dolayısı ilə saxta erməni soyqırımı iddiasına haqq qazandıran, Azərbaycan torpaqlarına riyakarcasına iddia edən, hətta onun 20 faizini işğalda saxlayan Ermənistana ideoloji dəstək verən əkrəmlərin və orduxanların sırasının antimilli müxalifətçilərin hesabına genişlənməsi deməkdir.