18 iyul 2019 19:09
253

Atmosfer havasının keyfiyyəti keçən il ilə müqayisədə yaxşılaşıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı şəhərində keçirilmiş müşahidələrin nəticələri hava keyfiyyətində yaxşılaşmaya doğru tendensiyanın olduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında departamentin direktoru Umayra Tağıyeva deyib.

“Atmosfer havasının keyfiyyətinə nəzarət edən “Vaisala AQT400” avtomat stansiyasının onlayn məlumatlarının və “OPSİS” avtomatik məntəqədən alınan təhlillərin nəticəsi bunu təsdiq edir. Belə ki, ötən ilin iyun-iyul aylarında atmosfer havasında azot-4 oksid normanı 2,4 dəfə keçmişdisə, 2019-cu ildə bu göstərici 1,4 dəfə olub. Həmçinin nazirliyin 168 nömrəli “Qaynar xətt”inə havanın çirklənməsi nəticəsində qoxunun gəlməsi ilə bağlı əhali tərəfindən daxil olan şikayətlərin sayı da xeyli azalıb. Belə ki, 2018-ci ilin iyun və iyul ayının birinci yarısında 77 şikayət daxil olmuşdusa, bu ilin müvafiq dövründə havanın çirklənməsi ilə bağlı 30 şikayət daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, ötən il atmosfer havasında toluol, benzol və etil-benzol normadan 3 dəfə artıq olduğu halda 2019-cu ildə bu göstərici normanı 1,2 dəfə ötüb”, - deyə departamentin direktoru bildirib.

U.Tağıyeva qeyd edib ki, atmosfer havasının vəziyyəti həm ətraf mühitə atılan tullantılardan, həm də sinoptik-meteoroloji şəraitdən asılıdır. Belə ki, durğun anomal isti hava şəraitində, zəif cənub, cənub-şərq küləyinin üstünlüyü zamanı çirkləndirici maddələrin toplanmasına şərait yaranır. Bu il isə iyunun anomal isti keçməsinə baxmayaraq, iyulda nisbətən sərin və küləkli hava şəraitinin üstünlüyü bu durğunluğun yaranmasının qarşısını alıb. Eyni zamanda, bunu müvafiq dövlət qurumları tərəfindən nəzarətin gücləndirilməsi və havanın çirklənməsinə görə məsul olan sahələrin həmin məsələnin vacibliyini başa düşərək müəyyən tədbirlər görmələri ilə izah etmək olar. Lakin bu istiqamətdə hələ də bir çox həll olunmamış problemlər var.

Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin sıxlığı, eyni zamanda, ölkəyə gətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə bağlıdır. Nazirlik aidiyyəti təşkilatlarla bəzi nəqliyyat növlərinin şəhərə daxil olmasına məhdudiyyətlərin tətbiq edilməsi istiqamətində işlər aparır: “Bakı şəhərində nəqliyyatdan havaya olan təsirləri müəyyənləşdirmək məqsədilə seçilmiş nöqtələrdə - Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektləri, Dərnəgül şosesi, 20 yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan–Sumqayıt yolunda əməkdaşlarımız tərəfindən monitorinqlər keçirilib və hava nümunələri götürülərək azot-4 oksid, kükürd qazı, dəm qazı, Pm10, Pm2,5 dispers tozun təyini üzrə analizlər aparılıb. Analizlərin nəticələrinə görə çirkləndiricilərdən azot 4-oksidin konsentrasiyası 2,3-3,5, dəm qazı 1,4-2,2, Pm10 dispers toz 1,1-1,4, Pm 2,5 dispers toz 1,1-1,6 dəfə yol verilən qatılıq həddini keçib.

Monitorinqlərin nəticəsinə görə ən yüksək çirklənmə Lökbatan dairəsində qeydə alınıb ki, bu da həmin dairədə həm şəhərdaxili, həm də şəhərkənarı nəqliyyatların sıx hərəkət etməsi ilə bağlıdır.

Nazirlik monitorinqləri davam etdirir. Lakin təmiz hava naminə müsbət nəticələrin davamlı olaraq əldə edilməsi əhalinin bütün təbəqələrinin birgə səyindən asılıdır. İnanırıq ki, biz bu vacib problemi birgə həll edə biləcəyik”.