11 sentyabr 2019 10:39
100

Asiya ölkələri ilə iqtisadi əlaqələr genişlənir

Son illər iqtisadi müstəvidə daha mühüm nailiyyətlərə imza atan Azərbaycan gələcəkdə Ərəb dünyası, eləcə də Asiya nəhəngləri ilə münasibətlərini daha da genişləndirməyi düşünür. Xatırladaq ki, Azərbaycan iqtisadi müstəvidə münasibətlərini bu vaxta qədər daha çox Qərb dövlətləri, Rusiya və bir sıra digər MDB ölkələri ilə qurub. Amma hazırda ərəb ölkələri ilə iqtisadi əlaqələrin dinamik şəkildə genişlənməsi baş verir və bu, əsas etibarilə qeyri-neft sektorunu əhatə edir.

Asiya nəhəngləri ilə də əlaqələr durmadan genişlənir. Məsələn, Azərbaycan Çinlə “Bir kəmər, bir yol” kimi böyük bir transmilli layihənin həyata keçirilməsində fəal əməkdaşlıq edir. Bu məqsədlə son vaxtlarda Çin şirkətləri ilə çoxsaylı müqavilələr imzalanıb. Belə bir vaxtda Pakistan və Hindistan kimi böyük Asiya ölkələrinin də Azərbaycana marağı artır. Elə bu günlərdə ölkəmizə Pakistandan dövlət rəsmiləri və özəl sektoru təmsil edən 150-dən çox sahibkar gəlib. Onlar bildiriblər ki, Pakistanın iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlıq qurmaqda çox maraqlıdırlar.

Qeyd edək ki, Pakistan Azərbaycanda farmakologiya və tekstil sahələrində hər iki ölkədən olan sahibkarların iştirakı ilə müəssisələr yaratmaq niyyətindədir. Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd xatırladıb ki, təmsil etdiyi ölkədə əczaçılıq inkişaf etmiş sektordur: “Hazırda ölkədə bu sahədə fəaliyyət göstərən 2000-dən çox farmakologiya müəssisəsi var. Bizim bu sahədə böyük təcrübəmiz var. Mən ölkəmizdən olan sahibkarlarla bununla bağlı müzakirələr aparmışam. Onlar Azərbaycanda bu sahəyə investisiya yatırmaq istəyirlər. Bütün bunlar isə qarşıdakı dövr ərzində Azərbaycan və Pakistana kifayət qədər böyük üstünlüklər və daha dərin əməkdaşlıq vəd edir”.

Xatırladaq ki, Azərbaycan ilə Pakistan arasında hərbi sahədə də əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Belə ki, Azərbaycan Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələrini almaqda maraqlıdır. Tərəflər arasında bununla bağlı indiyədək bir neçə dəfə danışıq keçirilib. Azərbaycan mütəxəssisləri Pakistanda JF-17 “Thunder” təyyarələrinin uçuş və atışlarını izləyiblər. Pakistan bəyan edir ki, təyyarənin satışında heç bir problem yoxdur.

Azərbaycan Pakistanla yanaşı, Hindistan üçün də olduqca maraqlıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi fonunda əslində bu ölkələr arasında yeni əməkdaşlıq münasibətləri qurulur. Hindistan Avropaya ixrac etdiyi yükləri Mumbai limanından İranın Bəndər-Abbas limanına göndərəcək və oradan da yüklər qatarla Rusiya və Şərqi Avropa ölkələrinə daşınacaq. Bu isə o deməkdir ki, qarşıdakı dövr ərzində hind yüklərinin bir hissəsi Azərbaycandan keçərək Avropa bazarlarına çıxacaq. Amma əməkdaşlıq təkcə bununla məhdudlaşmır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib ki, Azərbaycan və Hindistan üçüncü ölkələrin informasiya texnologiyaları bazarlarında iştirakla bağlı müzakirələr aparırlar: “Bu ilin yayında Hindistandan gələn ticarət missiyalarının iştirakı ilə biznes forumu təşkil edilib. Biznes forumu çərçivəsində əldə edilmiş razılıqlara uyğun olaraq, informasiya texnologiyaları  sektorunda fəaliyyət göstərən iki Hindistan şirkəti Bakıda ofislərini açmaq istəyir. Hindistanın dünyada informasiya texnologiyaları sahəsində ön sıralarda olduğunu nəzərə alaraq, həmin ölkənin Banqlador vilayətində fəaliyyət göstərən informasiya texnologiyaları  şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi müzakirə edilir. Bununla yanaşı, ortaq nöqtələr axtarılır ki, hansı sahələrdə üçüncü ölkələrin bazarlarında iştirak edə bilərik”.

Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan-Hindistan əməkdaşlığı genişlənən xətt üzrə inkişaf edəcək. İndiki məqamda bu, hər iki tərəf üçün çox sərfəlidir.

Cavid Əkbərov,

“İki sahil”