24 may 2019 13:38
361

Aşağı Ləki kəndində görüş - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov rayonun Aşağı Ləki kəndində sakinlərlə görüşüb. C.Osmanov görüşdə son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşandığını qeyd edib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələrinin, aparılan abadlıq-quruculuq işlərinin deyinlərə bariz nümunə olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı Ağdaşda da irimiqyaslı işlərin aparıldığını görüş iştirakçılarının diqqətinə çatdıraraq bu prosesin onların gözü qarşısında yaşandığını vurğulayıb. Ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi ni görüş iştirakçılarının diqqətinə çatdıran C.Osmanov qeyd edib ki, 2004–2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

Görüşdə Ağdaş rayonunda aqrar sahənin son illər daha da canlandığı və insanların əkin-biçin işlərinə marağının artması, eləcə də dövlətin kənd adamlarına, fermerlərə verdiyi güzəştlər də qeyd olunub.

2019-cu ilin ilk üç ayında cənab Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman və sərəncamlara diqqət cəkən C.Osmanov qeyd edib ki, qəbul olunan bu sənədlərin hər biri sosial yönümlüdür və cənab Prezidentin ölkə vətəndaşlarının sosial rifah halının daim yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərin bariz göstəricisidir.

Milli Məclisin deputatı Azərbaycanın davamlı inkişafının bəzi antiazərbaycan dairələrdə qıcıq yaratdığını və bunun üçün də həmin dairələrin özünü müxalifət adlandıran  bəzi radikal partiya və şəxsləri ələ alaraq ölkədə sabitlyi pozmaq, xaos, özbaşınalıq yaratmaq kimi iyrənc niyyətlərinin olduğunu vurğulayıb. Komfort həyat üçün xaricə qaçaraq orada özlərini siyasi mühacir kimi qələmə verənlərin də bu işdə alətə çevrildiyini qeyd edən C.Osmanov bu kimi antimilli ünsürlərin cəmiyyətdə heç bir dayaqlarının olmadığını və onların xalq tərfindən sadəcə nifrətlə qarşılandığını bildirib.

Görüşdə Vacib Həsənov, Amil Ağayev, Əvəz Kərimov, Mahir Abdullayev, Şərəbanı Feyzullayeva və Ələddin Yusifov çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan siyasət xalqımız tərəfindən dəstəklənir.  Kənd sakinləri vurğulayıblar ki, hazırkı mərhələdə Azərbaycan öz milli inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Sonda Cavid Osmanov seçiciləri maraqlandıran sualları cavablandırıb.

Orxan Vahidoğlu, «İki sahil»