17 yanvar 2020 20:37
776

“ASAN İmza” BMT-nin Banqkokda keçirilən iclasında təqdim edilib

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) Taylandın paytaxtı Banqkok şəhərində transsərhəd sənədsiz ticarətin sadələşdirilməsi üzrə müvəqqəti hökumətlərarası idarəetmə qrupunun hüquqi və texniki işçi qruplarının 7-ci iclasını keçirib.

“B.EST Solutions” şirkətindən bildiriblər ki, üç gün davam edən iclasda işçi qruplar dəstəkləyici əsas sənədləri - hüquqi və texniki hazırlığın qiymətləndirilməsi üçün nəzarət siyahıları, milli siyasət əsaslarının işlənib hazırlanması, fərdi fəaliyyət planının işlənib hazırlanması, potensialın artırılması strategiyası, qarşılıqlı tanınma mexanizmini birgə müzakirə ediblər. İclasın son günündə işçi qruplar sessiya müddətində irəliləyişləri müzakirə etmək üçün bir araya gəlib və bir-biriləri ilə əlaqəli şəkildə işləyə biləcəkləri problemlər barədə fikirlərini bölüşüblər.

İşçi qrupun üzvü və eksperti olaraq “ASAN İmza” xidmətinin texniki operatoru və Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının (RTQ) tərəfdaşı sayılan “B.EST Solutions” şirkətinin direktoru və təsisçisi Jana Krimpe RTQ layihəsinin ən yaxşı təcrübələrdən biri kimi reallaşdırılması haqqında məruzə edib. J.Krimpe həmin layihənin təkcə regionda deyil, qlobal səviyyədə əhəmiyyətini vurğulayıb və son bir ildə əldə edilmiş nəticələr və inkişaf, o cümlədən RTQ portalının istifadəyə verilməsi barədə işçi qrupların üzvlərinə məlumat verib. O, həmçinin RTQ-nin inkişafının Azərbaycanın bölgədəki rəqəmsal ticarət mərkəzi kimi mövqeyini daim gücləndirəcəyini, sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyaların istifadəsini genişləndirəcəyini, həmçinin mövcud xidmətlərin rəqəmsallaşdırılacağını və elektron xidmətlərə çıxışını sürətləndirmək üçün innovativ xidmətlər göstərəcəyini qeyd edib.

O, həmçinin ticarət prosedurlarının sadələşdirilməsi, kağızsız ticarət və hərtərəfli inkişaf haqqında Ümumdünya Ticarət Təşkilatı) sazişi ilə əlaqəli olan, 120 ölkə və 47 ölçünü əhatə edən ticarət prosedurlarının sadələşdirilməsi və kağızsız ticarətin tətbiqi üzrə BMT-nin 2-ci Qlobal icmalında yüksək mövqe əldə etmək məqsədilə Dövlət Gömrük Komitəsi və digər dövlət və özəl qurumları ilə birlikdə görülən böyük işləri təqdim edib. SPECA ölkələrində rəqəmsal və davamlı ticarət prosedurlarının sadələşdirilməsinə dair 2019-cu il hesabatına əsaslanan Jana Krimpe öz çıxışında deyib: “Azərbaycan çox yüksək tətbiqetmə göstəricilərinə nail olur. Tətbiqetmə göstəriciləri 80 faizdən çoxdur. Region üzrə orta göstəricilərlə müqayisədə Qazaxıstan və Özbəkistanda tətbiqetmə göstəriciləri müvafiq olaraq 67 və 62 faizdir. Biz ən yaxşı təcrübələrimizi bölüşmək və dünya üzrə kağızsız ticarətdə ən yaxşı nəticələrə nail olmaq istərdik. BMT-nin qlobal icmalında ən yüksək mövqeyə sahib olmaq, dövlət-özəl tərəfdaşlığına əsaslanan ən son innovasiyaları və ən yaxşı təcrübələri tətbiq edən qlobal rəqəmsal qovşağı olmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, həmin layihə çərçivəsində transsərhəd elektron xidmətlərin təqdimolunma prosesinin müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə sürətləndirilməsi gələcəkdə Azərbaycan üçün böyük imkanlar açacaq. Azərbaycanda “ASAN İmza” mobil identitet texnologiyasının tətbiqi əhaliyə şəffaf xidmətlərin göstərilməsi, xidmətlərin əlyetərliyi və əhatəliliyi təmin etmək aləti kimi beynəlxalq təşkilatların çoxsaylı hesabatlarının ən yaxşı təcrübələrinə əlavə edilib.