09 aprel 2020 19:04
751

Antonio Quterreş: Koronavirus bəşəri böhrandır

BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Səhiyyə Təşkilatına dəstək bəyanatı yayıb.

Bu barədə AZƏRTAC-a BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Bəyanatda deyilir: “COVID-19 pandemiyası çağdaş dünyanın üzləşdiyi ən təhlükəli problemlərdən biridir. Bundan başqa, bu, sağlamlığa və sosial-iqtisadi vəziyyətə ciddi zərbə vuran bəşəri böhrandır.

Mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların əhalisini, xüsusilə də pandemiyadan daha çox əziyyət çəkənləri məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir.

Ötən il Konqo Demokratik Respublikasına səfərim zamanı ÜST əməkdaşlarının qeyri-sabit şəraitdə, habelə ucqar və təhlükəli regionlarda Ebola ilə mübarizə apararkən cəsarət və qətiyyətinin şəxsən şahidi olmuşam. Aylardır yeni Ebola hallarının qeydə alınmaması ÜST-ün diqqətəlayiq uğurudur.

İnanıram ki, Ümumdünya Səhiyyə Təşkilatı dəstəklənməlidir. Bu, COVID-19-la “müharibə”də qalib gəlmək istiqamətində dünya ölkələrinin göstərdiyi səylər üçün çox vacibdir”.

“Misli görünməmiş virusa qarşı mübarizədə misilsiz addımların atılmalı olduğunu qeyd edən Baş katib bildirib: “Əlbəttə, hazırkı şərtlərdə eyni faktları müxtəlif mənbələr fərqli yoza bilər. Epidemiya bitdikdən sonra bu xəstəliyin necə yarandığını və dünyaya sürətlə yayılmasını, eləcə də tərəflərin böhrana reaksiyasını tam anlamaq üçün keçmişə baxmaq imkanı tapmalıyıq. Əldə olunacaq təcrübələr gələcəkdə baş verə biləcək oxşar təhlükələrə qarşı doğru addımlar atmaqda böyük əhəmiyyət daşıyacaq. Amma indi bunun zamanı deyil. İndi beynəlxalq ictimaiyyətin birgə və həmrəylik içərisində çalışaraq, bu virusu dayandırmaq və onun dağıdıcı fəsadlarını aradan qaldırmaq üçün birlik zamanıdır”.