05 avqust 2020 16:59
524

Antimilli ünsürlərin erməni boyunduruğu

Son illər xaricdə “siyasi mühacir” adı ilə sığınacaq taparaq sosial şəbəkələrdə ölkəmizin əleyhinə qara piar kampaniyası aparan xəyanətkar dəstənin, eləcə də radikal müxalifət cinahında yer tutan AXCP və “Milli Şura”nın  Azərbaycan əleyhdarlarının və erməni lobbisinin qrantları hesabına fəaliyyət göstərməsi danılmaz faktdır. Artıq neçə müddətdir ki, dağıdıcı müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin müxtəlif ölkələrində məskunlaşan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Qənimət Zahid, Sevinc Osmanqızı, Qabil Məmmədov kimilərin ermənipərəst dairələrdən aldıqları tula payı ilə  sosial şəbəkələrdə gecə-gündüz ölkəmizin əleyhinə qarayaxma kampaniyası apararaq onun beynəlxalq imicinə ləkə yaxmaq, respublikamızın daxilində sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün dəridən-qabıqdan çıxmaları bu məsələdə heç bir şəkk-şübhə yeri qoymur.

  Təbii ki, ölkəmizin inkişafından, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən vahiməyə düşən bəzi düşmən dairələrin köləsinə çevrilən, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutan AXCP, “Milli Şura” və “siyasi mühacirlər” üçlüyünün Azərbaycan əleyhdarı olan dairələrlə işbirliyində olması çoxdan ictimaiyyətimizə bəlli idi. Sığındıqları ölkələrin xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirən bu satqınların öz hesablarına internet TV-lər yaratmaları,  bir ayda bir neçə dəfə bu ölkədən o ölkəyə səfərlər etmələri qeyri-mümkündür. Demək ki, bunları öz məqsədləri üçün maliyyələşdirən, çirkli pullarla şirnikləşdirib yemləyən dairələr var. O dairələr isə bəllidir: bəzi ölkələrin xüsusi xidmət orqanları və erməni lobbisi. Azərbaycanın əleyhinə şər-böhtan kampaniyası aparan bu cəhənnəm kölələri ilə bağlı üzə çıxan faktlar bunun əyani sübutudur. Belə ki, bir müddət bundan əvvəl elə dünya erməniliyinin təsiri altında bəzi beynəlxalq təşkilatların miskin əlaltısına çevrilmiş “siysi mühacir” dəstəsinin miskin üzvlərindən olanlar belə bildirmişdilər ki, bu “TV”lər qrantlar hesabına maliyyələşir və onların bütün fəaliyyəti məhz bu ianələrin üzərində qurulub. Fikrimizcə, başqa mülahizəyə ehtiyac yoxdur. Bu üzdəniraqların ölkəmiz haqqında  anti-Azərbaycan dairələrlə həmrəylik nümayiş etdirməsi bütün qaranlıq məqamları üzə çıxarır.  Hər şey ortadadır, müdriklərimizin dediyi kimi “kor kor, gör-gör”.

  Xəyanətkar “siyasi mühacirlər” sürüsünün erməni lobbisinin boyundurğu altında olmasının digər bir əyani sübutu  isə xəyanətkarlığı, mənəviyyatsızlığı və simasızlığı ilə tanınan, virtual məkandakı çıxışları ilə cəmiyyətimizin nifrətini qazanan, ikrahdoğurucu “söyüş müxalifət”nin öndə gələnlərindən olan Vidadi İsgəndərli ilə bağlıdır. Ruhi xəstə olan  bu üzdəniraq qaragüruhçunun iyulun 12-də işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatlara haqq qazandırması, “inanın, vicdanıma and içirəm ki, mən silah götürüb ermənilərə qarşı vuruşmaram” deməsi satqınlığın və xəyanətin sözlə ifadə olunmayacaq nöqtəsidir. Nə qədər həyasız və əxlaqsız olasan ki, belə bir şeyi dilinə gətirəsən?! Bu erməni lobbisi ilə işbirliyi deyil, bəs nədir?

“Siyasi mühacir” adı ilə maskalanan, özünü xalqımıza “demokratiya”, “insan haqları” uğrunda “mübariz” kimi sırımağa cəhd edən, dünya erməniliyi ilə təkzibedilməz işbirliyində olan bu xəyanətkarların iç üzü, həqiqi mahiyyəti getdikcə daha çox üzə çıxır. Əslində bu xəyanətkarların ermənilərlə birgə fəaliyyət göstərdiklərini ictimaiyyətimiz çoxdan bilir. Məhz buna görə də cəmiyyətimiz bu satqınlara və onların daxildəki “əqidədaşlarına”, “Azərbaycana nə qədər pisdirsə, bizim üçün bir o qədər yaxşıdır” şüarı ilə silahlanmış antimilli ünsürlərə qarşı çox prinsipial və barışmaz mövqe nümayiş etdirir, onlara layiq olduqları yeri göstərir. Ölkə başçısının dediyi kimi, erməni lobbisinin və anti-Azərbaycan dairələrin çirkli pulları ilə bəslənən  bu antimilli ünsürlərin yeri məhz tarixin zibilxanasıdır:  “O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

Zahid Rza, “İki sahil”