KÖŞƏ

Taleh Bağırov

Antimilli qüvvələr “kukla” rolunda

20 fevral 2019 10:54
693

Həyata keçirilən ciddi islahatların nəticəsi olaraq son illərdə Azərbaycan davamlı inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkəmizin sürətli və hərtərəfli inkişafı, iştirakçısı olduğu iqtisadi layihələrdə söz sahibi qismində çıxış etməsi və digər hallar onun beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir. Eyni zamanda, Azərbaycan dünyada demokratik ənənələrə hörmət göstərən, vətəndaş cəmiyyətinin inkişafını təmin edən, tolerantlıq nümunəsi sayılan ölkə kimi qəbul olunur. Təəssüflər olsun ki, bunları qəbul edən qüvvələrlə yanaşı, uğurlarımızı inkar edən, qazanılan nailiyyətləri həzm edə bilməyən qüvvələr də yox deyil.

Lakin məsələ ondadır ki, erməni lobbisinin təsiri altında olan bu qüvvələr Azərbaycanın uğurlarına kölgə salmağa cəhd edərkən “sapı özümüzdən olan baltalar”dan maksimum və məharətlə istifadə edirlər.   Özünü dağıdıcı müxalifət adlandıran, əslində isə ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən həmin radikallar dövlətimizin, xalqımızın ünvanına böhtanlar atmaqdan çəkinmir, yalan informasiyalarla xalq arasında çaşqınlıq yaratmağa səy göstərirlər. Bu “sapı özümüzdən olan balta”ların fəaliyyəti müxtəlif sosial şəbəkələrdə yalanlar tirajlamaq, şər və böhtan kampaniyası aparmaqdan ibarətdir. Ermənipərəst mərkəzlərin, antiazərbaycan dairələrin ölkəmizə qarşı apardıqları çirkin kampaniyalara dəstək verən, bu kampaniyaların təbliğatçısı rolunda çıxış edən həmin ünsürlər ölkəmizin mənafeyinə qarşı erməni lobbisi ilə birlikdə hərəkət edirlər. Bundan başqa, onlar milli dəyərlərimizi hədəfə alır, dövlət əleyhinə qeyri-qanuni çağırışlar səsləndirirlər, xalqımıza qarşı mənəvi terror yaratmağa cəhdlər edirlər.

Son zamanlar siyasi mübarizə adı altında təhqir və söyüş hallarına da rast gəlirik ki, bu, nəinki siyasi, ümumən əxlaqi dəyərlərə belə uyğun olmayan “mübarizə” üsuludur. Bu hərəkətlərə yol verən istənilən şəxs kimliyindən asılı olmayaraq cəmiyyət üçün müsbət nümunə ola bilməz.

Söyüş və təhqir yolunu seçən bu antimilli qüvvələr və onların xarici emissarları artlq fiaskoya uğradıqlarının fərqindədirlər. Çünki maraqlı xarici dairələrin sifarişi ilə Azərbaycana qarşı olan planların alətinə çevrilmiş bu azsaylı qrupun əsl məqsəd və siması xalqımıza çox yaxşı bəllidir. Azərbaycan xalqı kimin kim olduğunu, hansı məqsədlərə kökləndiyini çox yaxşı bilir. Ermənipərəst mərkəzlərin “kukla”sına çevrilən bəzi mühacirlər və daxildəki dağıdıcı ünsürlər də bilməlidirlər ki, bu yolla onlar heç bir niyyətlərinə çata bilməyəcəklər.