11 sentyabr 2019 10:55
114

Amulsar qızıl mədəni ətrafında siyasi xaos davam edir

Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur.

Amulsar qızıl mədəni ətrafında siyasi xaos davam edir. Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın ictimai nüfuzuna mənfi təsir göstərməkdədir.”Demokratik” siyasi elita Qərb sərmayəsi və xalq iradəsi arasında manevr etməkdə davam edir.

Nikol Paşinyan layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb. Layihə baş tutmayacağı təqdirdə Qərbin dəstək və etimadını itirəcək, nəticə etibarilə Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq.

Layihənin icrası Ermənistanda Rusiya biznesinin tam sıxışdırılaraq Qərb kapitalına üstünlük verilməsi demək olardı.

Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya kapitalını sıxışdırmaq üçün addımlar atılıb. Siyasi hakimiyyət Amulsarın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edcəyini, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcəyini iddia edir, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri bununla razılaşmır. Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir.

Bir müddət əvvəl baş verənlərlə bağlı “1in.am” portalı yazırdı: “Əlbəttə, hökumət hansısa bir dönüşlə mədənin istismarı haqqındakı qərarını dəyişməzsə Amulsar məsələsi Ermənistanda inqilabsonrası durumda, ən azı, bir prinsipial sınmaya-dönüşə səbəb olacaq. Mədənin istismarı haqqındakı qərarın reallaşdırılması faktiki olaraq yeni hakim qüvvəni və uzun illər ərzində keçmiş rejimə qarşı mübarizə aparmış, inqilab dövründə isə öz dəstəyi ilə bu qüvvəni praktiki olaraq tamamlamış vətəndaş fəallarını və ya təbəqəsini bölür. Beləliklə, inqilab mərhələsinin “yekun protokolu”, ən azı siyasi və vətəndaş komponentlərinin ayrılması şəklində təsbit olunur. İnqilabdan sonra ən çox toxunulan və yayğınlaşan suallardan biri o idi ki, inqilabla hakimiyyətə siyasi-mülki “blok” gəlibsə, vətəndaş, qeyri-hökumət sektoru necə olacaq? Çünki fəal vətəndaş mövqeyində olanların böyük hissəsi- mütləq əksəriyyəti ya birbaşa hakimiyyətdə təmsil olunmağa, ya da onun sıx və açıq tərəfdarı olmağa başlamışdı”.

Amulsar qızıl mədəni ilə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. Daşnaksütyun partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış etmişdir. Layihənin parlamentdə səsə qoyulması, ölkənin ən böyük partiyası olan hakim “Mənim Addımım” Alyansı daxilində parçalanmaya səbəb olması gözləniləndir. Müxalif “Çiçəklənən Ermənistan” partiyası isə ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulamış və aksiyaçılara qoşulan partiyanın lideri Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə, Amulsar qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləmişdir.  Parlamentin digər qrupu olan “İşıqlı Ermənistan” partiyası isə digərlərindən fərqli olaraq radikal davranmamış və əhalinin narahtlığını bölüşdüyünü qeyd etmişdi. Radikal “Sasna Tser” partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə Amulsar layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın onun siyasi karyerasına son qoyacağını açıq şəkildə bildirmişdi. “Fitch Ratings”  beynəlxalq reytinq agentliyi hesab edir ki, Amulsar qızıl mədəninin ətrafında mübahisənin həll olunmaması Ermənistanda xarici investisiyalar üçün problem yaradır: “Amulsar qızıl mədəni ətrafında ekoloji mübahisənin həlli üzrə mövcud qeyri-müəyyənliklərin azaldılması ixrac və xarici investisiya artımına gətirə bilər”.

“Global Justice Now and War on Want” təşkilatının məlumatına əsasən, bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı “Lydian International” şirkətinin hökuməti beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələməsi, sonda hökumətin şirkət lehinə qərar alması ilə nəticələnmişdir. Sentyabr ayında Paşinyanın Vaşinqtona gözlənilən səfərində Amulsar qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində gündəm mövzusu olacağı haqda mətbuatda məlumatlar yayılmaqdadır. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mil mediaya açıqlamasında Paşinyan hökumətinin “Lydian” şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun, ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirmişdi.

Bütün bunlar bir daha sübut edir ki, Amulsar qızıl mədəni ətrafında baş verənlər  bu gün Nikol Paşinyan iqtidarı üçün çox ciddi problemə çevrilib.

Zahid Rza,

“İki sahil”