06 avqust 2020 11:55
414

“Amnesty İnternational”ın Əli Kərimlinin yazdığı “bəyanatı”na sözardı

“Amnesty İnternational”ın Azərbaycanla bağlı son ictimai bəyanatını oxudum. Doğrusu, bu qeyri-hökumət təşkilatının obyektivliyinə hər kəs kimi mən də inanmıram. Elə budəfəki bəyanatına da inanmadım, çünki bəyanatda şübhəli məqamlar çoxdur.

Ümumən, bəyanat obyektiv yanaşmadan çox uzaqdır. Çünki okeanın o tayında şüşəli ofisdə əyləşib, kofe içən hansısa conların, katerinaların Azərbaycanda baş verən proseslərə bu qədər qərəzli və müxalifətçi nöqteyi-nəzərindən yanaşması haqlı şübhələr yaradır. Elə bəyanatın 1-2 cümləsini oxuduqdan sonra artıq başa düşürsən ki, bu, amerikalı beyninin məhsulu deyil. Bu cümlələri yazan da, tərcümə etdirən də elə Bakıdadır.

Cümlələr sanki xüsusi subliminal mesajlar üzərində qurulub. “Həbs”, “işgəncə”, “qorxutma”, xüsusilə də AXCP-yə diqqətçəkmə, eləcə də Asif Yusiflinin, Fuad Qəhrəmanlının, Məmməd İbrahimin, Bəxtiyar İmanovun (hər biri Əli Kərimlinin “qara kassa”larıdır, AXCP RH üzvüdür) adının xüsusi vurğulanması bəyanatın obyektivliyini tamamilə şübhə altına salır.

Sual yaranır ki, “Amnesty İnternational”ın Azərbaycanda nümayəndəliyi olmadığı halda bu informasiyaları, xüsusilə də ad və soyadları haradan alıb? Bəraət üçün desələr ki, informasiyaları sosial şəbəkələrdən götürüblər, o zaman gərək bu təşkilat neytral mövqe tutaraq bütün sosial media və şəbəkə resurslarını təhlil etməli, qərəzsiz bəyanat ortaya qoymalı idi. Lakin bu cür təşəbbüs görünmür və birtərəfli qaydada hakimiyyətin ittiham edilməsi, AXCP-nin “günahsız” göstərilməsi bəyanatın birmənalı olaraq Bakıda və ancaq ittihamlar üzərində, şantaj məqsədilə hazırlandığına işarə edir.

Çox qəribədir ki, hansısa səbəbdən “Amnesty İnternational” Bakıda 15 iyul tarixində bir qrup təxribatçının Milli Məclisə daxil olmasına, dağıntılar törətməsinə, həmin təxribatçı qrupların Asif Yusifli, Seymur Əhmədov, Fuad Qəhrəmanlı tərəfindən idarə edilməsinə, onların radikal çağırışlarına toxunmur. Hətta, QHT daha da irəli gedərək AXCP və Milli Şuranın səsləndirdiyi tezisi təkrarlayır, faktları, sübutları, dəlilləri görməzlikdən gəlib “hakimiyyəti zorla ələ keçirməyə cəhd və iğtişaşların təşkili kimi uydurma ittihamlar” ifadəsinə də bəyanatında yer verib.

Nədənsə, cəbhəçiləri bu qədər müdafiə edən “Amnesty İnternational” AXCP üzvü, təxribat günü Asif Yusiflinin çağırışı ilə Milli Məclisin qarşısına gedən Şəmsi Kəsəmənlinin video etirafına diqqət ayırmayıb. Sanki, Əli Kərimli kimi bu məsələnin üzərindən sükutla keçib. Bütün bunlarla yanaşı, adı çəkilən QHT Azərbaycan Ombudsmanının, Baş Prokurorluğun məlumat və videolarını da görməzlikdən gələrək Milli Şuranın bəyanatlarından götürülmüş “onların vəkillərlə görüşünə icazə verilmir və qeyri-rəsmi məlumatlara görə, onlar amansız işgəncələrə məruz qalır" cümləsini bəyanatında qeyd edir.

Bu cür ifşaedici məqamlardan çox göstərmək olar. Lakin indiki məqamda heç bir halda “Amnesty İnternational”ın bu bəyanatının Əli Kərimli tərəfindən yazılması, Sevinc Osmanqızı tərəfindən tərcümə edilib Devid Kramerə ötürülməsi maraqlı deyil. Hətta, “The Journalism Development Network”un üzvü, OCCRP layihəsinin “bosu” Xədicə İsmayılovanın “The Washington Post” kimi qəzetlərdə anti-Azərbaycan məqalələri dərc etdirməsi də artıq əhəmiyyət kəsb etmir. Bu şəbəkənin sinxron fəaliyyətini, donoslar əsasında hesabat və bəyanatların hazırlanmasını, “dünya nüfuzlu” qəzetlərdə dərcini çox görmüşük.

Ona görə də, bu gün ən maraqlı və düşünmək üçün şərait yaradan çox mühüm bir məqam var: nə üçün ölkə daxili məsələlərə bu qədər müdaxilə edən, qondarma ittihamlar irəli sürən, insan hüquqlarını bəhanə gətirən “Amnesty İnternational” ABŞ-da, Brüsseldə, Rusiyada, Kanadada, B.Britaniyada və başqa ölkələrdə ermənilərin azərbaycanlılara hücumlarına, ağır bədən xəsarətləri yetirmələrinə, bayrağımızı yandırmalarına heç bir münasibət bildirmədi? Əgər insan hüquqlarının pozulmasından danışırıqsa, o zaman bu QHT insan haqları üzrə bütün konvensiyaların pozulmasına səbəb olmuş erməni millətçilərinin azərbaycanlılara qarşı hərəkətlərinə niyə susur? Axı necə olur ki, dövlət çevrilişinə cəhd etmiş 3-4 nəfər cinayətkarın hüquqları erməni təcavüzünə məruz qalmış minlərlə azərbaycanlının hüquqlarından daha vacibdir? O zaman belə bir məntiqsizlik ortaya çıxır ki, ermənilərin zorakılığına məruz qalmış azərbaycanlılar da Azərbaycan hakimiyyətinə düşmən kəsilməli, dövlət çevrilişinə cəhd etməli idilər ki, onların da hüquqlarının müdafiəsi ilə bağlı bəyanat qəbul edilsin. Bu arada diqqətimizdən qaçmayan bir məqam da odur ki, ermənilər azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçirərkən həmin AXCP, Milli Şura da “Amnesty İnternational” kimi susdular.

Bütün bunlar bir daha onu göstərir ki, erməni lobbisinin maliyyələşdirdiyi “Amnesty İnternational” Azərbaycan hakimiyyətinə düşmən mövqeyindədir. Əlbəttə ki, QHT-nin ikistandartlı yanaşması birbaşa onun ifşasına səbəb olur və AXCP, Milli Şura kimi cinayətkarlar, şarlatanlar “yurdu”nun erməni yuvalarından biri olan «Amnesty İnternational» ilə əməkdaşlığı onların da iç üzünün ortaya çıxmasına səbəb olur.

Sonda bir daha “Amnesty İnternational”ın bəyanatının dərcinə qədərki sadə bir sinxron fəaliyyət sxemini diqqətinizə çatdırmaq istəyirəm: Əli Kərimli “donos” yazır – Sevinc Osmanqızı tərcümə edir, Devid Kramerə ötürür – sonuncu da öz növbəsində “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi qərəzli QHT-lərə yönəldir – bəyanat çap edildikdən sonra hazır “məhsul” gəldiyi yolla geri göndərilir ki, siyasi realizə mərhələsinə daxil olsun...

Ramil Vəlibəyov,

YAP Sosial media qrupunun rəhbəri