07 oktyabr 2019 12:03
136

Amerikalı rejissor “Marvel” filmlərini tənqid edib

Amerikalı rejissor Martin Skorseze superqəhrəmanlar, o cümlədən “Marvel Studios” kinoşirkətinin çəkdiyi filmləri tənqid atəşinə tutub. O, hesab edir ki, belə filmləri kino hesab etmək olmaz.

AZƏRTAC xəbər verir ki, bu fikri M.Skorseze İngiltərə jurnalı “Empire”yə müsahibəsində deyib.

“Mən o filmlərə baxmıram. Bir neçə dəfə baxmağa cəhd etmişəm. Ancaq bu kino deyil”, -deyə rejissor bildirib.

“Sözün açığı nəzərə alsaq ki, belə əsərlər yüksək səviyyədə çəkilib və aktyorlar onlara verilən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər, onlar haqqında ən müsbət fikrim olar ki, super qəhrəmanlar yalnız insanları əyləndirməyə yarayır. Belə filmlərdə insanlar psixoloji, emosional təcrübələrini bir-birləri ilə bölüşə bilmirlər”, -deyə M.Skorseze əlavə edib.

76 yaşlı Martin Skorseze dövrümüzün ən böyük və nüfuzlu rejissorlarından biri kimi tanınır. O, “Taksi sürücüsü” (1976), “Azğınlaşmış öküz” (1980), “Nyu-Yorkun quldur dəstələri” (2002), “Aviator” (2004), “Lənətlənmiş ada” (2009) və digər filmlərin rejissorudur. Onun çəkdiyi ekran əsərləri rejissora “Oskar”, “Qızıl qlobus”, “Emmi” kimi mükafatlar qazandırıb.