19 iyul 2019 20:02
247

Almaniyada Azərbaycan kamera orkestri fəaliyyətə başlayıb

Ölkəmizin Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə yaradılan orkestrə dahi bəstəkar Səid Rüstəmovun nəvəsi rəhbərlik edir

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən mətbuat konfransında çıxış edən Otto Hauzer məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi, 26 yaşlı Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olduqlarını bildirib.

O qeyd etdi ki, bu işi böyük həvəslə həyata keçirir: “ Çünki musiqi ən böyük diplomatik əlaqələrin yaradılmasında, dövlətlərin və xalqların daha da yaxınlaşmasında önəmli vəsilədir. Bu mənada Almaniya və Azərbaycan arasındakı isti münasibətlərin mədəni sahədə də davam etməsi üçün belə kamera orkestrinə ehtiyac var idi.”

Otto Hauzer bildirdi ki, yeni yaranmasına baxmayaraq burada toplaşan peşəkar musiqiçlərin yaxın gələcəkdə böyük səhnələrdə çıxışı da mümkündür. Bunun üçün təbii ki, həm Azərbaycanda, həm də Almaniyada ciddi sponsorlara  ehtiyacımız var. Artıq Heydər Əliyev Fondu, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi kamera orkestrinə öz dəstəklərini göstəriblər.

Fəxri konsulun sözlərinə görə, kamera orkestrinin tərkibində 1 türk, 1 qazax əsilli musiqiçi var. Hamısı peşəkardır. Orkestrin repertuarında məşhur Azərbaycan bəstəkarlarının əsərləri də yer alır: “ Azərbaycanda bu məsələyə böyük maraq var. Son dəfə bu ilin yanvar ayında Bakıda olanda bu ideyamı həmkarlarımla bölüşdüm. Amma özəl olaraq Almaniyada təhsil alan gənc azərbaycanlı musiqiçi ilə tanışlıq mənim bu ideyamın formalaşmasında rol oynayıb. Artıq orkestr yaradılıb və ilk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib”.

Otto Hauzer vurğuladı ki, Almaniyada ilk olan Azərbaycan kamera orkestrinin repertuarı Vivalidən tutmuş bütün Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğunun rəsmi tədbirlərində də iştirakı nəzərdə tutulur.

Onun sözlərinə görə, uzun müddətdir kamera orkestrinin yaranmasında və fəaliyyətə başlamasında Almaniyadakı Azərbaycan diasporu da ciddi dəstək olub: “ Xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev ilk dövrlərdən layihəni dəstəkləyiblər. Amma mən özəl olaraq bir məqamı vurğulamaq istəyirəm ki, bu işlər Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq olmadan ərsəyə gəlməzdi. Onlara bu təşəbbüsü ilk gündən dəstəklədikləri üçün təşəkkür edirəm”,”

Tədbirdə kamera orkestri barədə hazırlanmış video-çarx nümayiş etdirildi. Sonra fəxri konsul jurnalistləri maraqlandıran sualları cavablandırdı.

Elçin Zaman, “İki sahil”