23 oktyabr 2019 19:37
180

Alimlər genin dəyişdirilməsinin yeni metodunu tapıblar

ABŞ-ın Harvard Universitetinin Broud İnstitutu və Kembric Universitetinin alimləri “praym redaktə” adlanan genomun yeni redaktəsi üsulunu kəşf ediblər.

AZƏRTAC Nature jurnalına istinadla xəbər verir ki, bu metod hazırda DNT analizlərində geniş istifadə olunan “CRISPR/Cas9” üsulundan daha dəqiqdir. Belə ki, əvvəlki redaktə prosesində DNT iplərinin qayçı kimi kəsilməsindən fərqli olaraq, yeni metod onlardan yalnız biri ilə işləyir. Yəni, indi DNT-nin müəyyən edilməsi daha təhlükəsiz aparılacaq və bu zaman hüceyrələrin məhv olması ehtimalı minimuma endiriləcək. Yeni metodla genetik informasiyalar ya “köçürülür”, ya da onların müəyyən sahələri ləğv edilir.

Bioloqlar yeni metodu siçanların ayrı-ayrı hüceyrələrində sınaqdan keçiriblər və 175 redaktə əməliyyatı aparıblar. Məlum olub ki, “praym redaktə” sayəsində uğur ehtimalı 20-50 faiz, səhv ehtimalı isə 1-10 faizdir. Əvvəlki metodun uğur ehtimalı cəmi 10 faiz, yanlışlıq ehtimalı isə daha çoxdur. Alimlər qeyd ediblər ki, yeni metod müxtəlif xəstəliklərə səbəb olan məlum insan mutasiyalarını 89 faiz azalda bilər. Məsələn, onlar qanda hemoqlobinə təsir edən irsi oraq hüceyrəli anemiyanı, yaxud mərkəzi sinir sistemini zədələyən Teya-Saksa xəstəliyini törədən mutasiyaları aradan qaldıra bilər.

Testlərin nəticələrinin yaratdığı nikbinliyə baxmayaraq, tədqiqatın müəllifləri qeyd edirlər ki, “praym redaktə” sahəsində əlavə tədqiqatlara ehtiyac var. Bu, metodun mümkün yan təsirlərinin və bütün imkanlarının üzə çıxarılması ilə bağlıdır.

“CRISPR/Cas9” adlı genomun redaktəsi sistemi öz populyarlığını Amerika bioloqu Cenifer Dudne, fransız Emmanuel Şarpantye və çinli alim Çjan Fenə borcludur. Onlar 2012-ci ildən başlayaraq bakteriyalardan orqanizmin viruslardan müdafiəsi məqsədilə istifadə edilməsini təsvir edib və onların genom redaktəsində tətbiqini irəli sürüblər. Sonradan həmin metod siçanlarda və insan əzələlərində sınaqdan keçirilib. Həmin vaxtdan alimlər bu sistemdən müxtəlif sahələrdə, o cümlədən insan embrionları genlərinin redaktəsində istifadə ediblər.

Qeyd edək ki, genlərin redaktəsi məsələsi tez-tez etik problemlərlə üzləşir. Bir çox hallarda bəzi ölkələrdə, məsələn Çində onu qadağan edir və insan geninin dəyişdirilməsinə qlobal moratorium qoyulmasını tələb edirlər.