17 sentyabr 2019 15:26
223

Alekseyevka kənd tam orta məktəbi: Təhsilə dövlət qayğısının daha bir parlaq təzahürü

Rəsmi məlumatlara görə, son illər təhsil müəssisələrinin 72 faizi yenilənib, 3200-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Şagird kontingenti az olan ucqar kəndlərdə 250 modul tipli məktəb quraşdırılıb. Bu tədris ilində 43 yeni məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib. 41 məktəbdə isə tikinti işləri davam etdirilir. Şübhəsiz, bu göstəricilər, eləcə də son 16 ildə Azərbaycan təhsilinin inkişafı ilə bağlı 20-dən çox Dövlət Proqramının qəbul edilməsi, Prezident İlham Əliyevin, həmçinin Azərbaycanın Birinci vitse -prezidenti  Mehriban xanım Əliyevanın təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etmələri ilə birbaşa bağlıdır.

Quba rayonunda da təhsilin inkişafına xüsusi qayğı göstərilir. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 135 məktəb binasından təxminən 80-ə qədəri yenidən tikilib və ya əsaslı təmir olunub. “Bilik Günü”ndə isə  Təhsil naziri Ceyhun Bayramovun, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin, təhsil ictimaiyyətinin nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə Alekseyevka kəndində inşa olunan və müasir standartlara cavab verən şəhid Rəhman Məmmədov adına 960 şagird yerlik tam orta məktəb binası istifadəyə verilib. Əgər xatırlayırsınızsa, ötən il Prezident İlham Əliyev Qubaya səfərindən sonra belə bir məktəbin tikintisi ilə bağlı Sərəncam imzalamışdı. Şübhəsiz, bu,  rayonun təhsilinə göstərilən dövlət qayğısının daha bir parlaq təzahürüdür. Bunu Prezidentin Qubaya növbəti töhfəsi də adlandırmaq olar.

Yeri gəlmişkən, qeyd edək ki, ölkə başçısı bölgələrə səfəri zamanı mütəmadi olaraq məktəblərin tikintisi, əsaslı təmirdən sonra binaların vəziyyəti ilə maraqlanır, tövsiyə və tapşırıqlarını verir, ya da inşası başa çatmış müasir tipli məktəb binalarının açılışını edir. Bütün bunlar da bir daha regionlarda  təhsilin inkişafına dövlət səviyyəsində göstərilən yüksək qayğıdan xəbər verir.

Yeni tədris ilində Qubanın 6 kəndində (Nütəh, Çarxaçu, Cimi, Qarxun, Zıxır, Rük) isə modul tipli məktəblər şagird və müəllim heyətinə qucaq açıb. Bundan başqa, rayonun Digah kənd tam orta məktəbi əsaslı təmir olunub. Hazırda isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Birinci Nügədi kəndində 760 şagird yerlik təhsil ocağı tikilir, Zərdabi qəsəbəsində isə yeni məktəb binasının inşasına başlanılacaq. Bundan başqa, ucqar kəndlərdə daha 7 modul tipli məktəb quraşdırılır.

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev  “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, rayonun pedaqoji kollektivləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya öz əməli işləri ilə cavab verməyə çalışırlar: “Bu indən sonra da belə olacaq. Şübhəsiz, təhsildə nailiyyətlər son nəticədə ali və orta ixtisas  məktəblərinə qəbul olunan abituriyentlərin sayı ilə ölçülür. Bu baxımdan ötən tədris ilində rayon üzrə nəticələr sevindirici olub. Belə ki, 2018-2019-cu tədris ilində XI sinfi bitirmiş 525 nəfər  keçid balı toplayaraq ali məktəblərə qəbul olunublar. Sevindirici haldır ki, 14 nəfər 600-dən, 69 nəfər isə 500-dən yuxarı bal toplayıb. Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin xüsusi istedadlar sinfi isə ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərib. Belə ki, XI sinfi bitirən 23 şagirdin hamısı tələbə adını qazanıb.

 Bir məsələni də qeyd edək ki, son illərdə rayonumuzda müəllimlik peşəsinə maraq xeyli artıb. Belə ki, 200 nəfərə yaxın məzunumuz ixtisas seçimində pedaqoji fakültələri seçib. 600-dən yuxarı bal toplayan 4 nəfər məzunumuz da müəllim ixtisasına yiyələnəcək. Bu isə müəllim peşəsinin cəmiyyətdə nüfuzunun yüksəlməsinin, onun sosial vəziyyətinin yaxşılaşdırılmasının bariz nümunələrindən biridir”.

Qvami Məhəbbətoğlu,

“İki sahil”