11 iyul 2019 21:13
177

Aİ-nin Azərbaycanı strateji tərəfdaş kimi görməsi təqdirəlayiq haldır

Xəbər verildiyi kimi, iyulun 9-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev və Donald Tusk arasında keçirilən təkbətək görüşdə Azərbaycanla bu qurum arasındakı əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Sonra tərəflər geniş tərkibdə görüşüblər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər.

“Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri ölkəmizlə Avropa İttifaqı arasında geosiyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat-kommunikasiya sahələrində səmərəli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir”.

Bu fikirləri politoloq Fikrət Sadıqov qəzetimizə açıqlamasında D.Tuskun ölkəmizə səfərinin əhəmiyyəti haqqında danışarkən söylədi.

F.Sadıqov qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanı strateji əhəmiyyətli tərəfdaş ölkə kimi görməsi təqdirəlayiq haldır: “Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat-kommunikasiya yollarının qovuşağında yerləşən tək, unikal ölkədir. Bu isə Avropa Birliyinin diqqətini ölkəmizə çəkən amillərdən biridir”.

Onun sözlərinə görə, Avropa Birliyi rəsmisinin regiona səfəri çərçivəsində həm də ATƏT-in Minsk qrupunun həmsədrlərinə Dağlıq Qarabağ münaqişəsinin həllinin Helsinki Yekun Aktının prinsipləri əsasında sürətləndirilməsi, xalqların sülhə hazırlanmasının təşviq edilməsi qurumun regionda aparıcı gücə çevrilmək planlarının təzahürüdür: “Azərbaycanın nəqliyyat-loqistika mərkəzinə çevrilməsi, Cənub Qaz Dəhlizi vasitəsilə faktiki olaraq Avropa Birliyi ilə birləşməsi D.Tusk tərəfindən yüksək qiymətləndirildi. Bu isə təqdirəlayiq haldır. Donald Tuskun regiona səfəri zamanı onun ən əhəmiyyətli bəyanatı Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün təmsil etdiyi təşkilat tərəfindən tanınması ilə bağlıdır: “Bu, bütün antiazərbaycan qüvvələrin, o cümlədən, erməni lobbisinin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bölgəyə səfəri ətrafında spekulyasiya manevrlərinin qarşısını aldı, AB-nin Azərbaycanın ərazi bütövlüyünü tanımasının növbəti ifadəsi oldu. Artıq tamamilə aydındır ki, Aİ və Azərbaycan arasında Brüssel şəhərində paraflanmış və qarşıdakı dövrdə imzalanması gözlənilən Tərəfdaşlıq sazişində ölkəmizin ərazi bütövlüyünə dəstək müddəası mütləq şəkildə əksini tapacaq”.

Cavid Əkbərov, “İki sahil”