11 sentyabr 2019 11:30
87

Ağdaşda 2 avtomobil yolu yenidən qurulub - FOTO

Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb. Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 km təşkil edir.

Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun uzunluğu 33 km, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun uzunluğu isə 27 km-dir.

Avtomobil yolları uzun illər istismar olunduğundan və təmir olunmadığından torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Yenidənqurma çərçivəsində sadalanan problemlər aradan qaldırılıb.

Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə  yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Həmçinin yollar boyu mövcud avtomobil körpülərinin təmiri, körpü üzərində istismara yararsız  körpü məhəccərlərinin yeniləri ilə əvəz olunması işləri görülüb..

Tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün hər iki yol boyu 479 yol nişanı və məlumatverici lövhə, 890 siqnal dirəkləri quraşdırılmaqla, yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılan yenidənqurma işləri nəticəsində 17 yaşayış məntəqəsinin 25 minə yaxın əhalisi Ağdaş rayon mərkəzinə və respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil, ordan da M4 Bakı-Şamaxı-Yevlax, həmçinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, onların respublikanın istənilən istiqamətinə gediş-gəlişi təmin olunub. Ən əsası Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının yenidən qurulması ilə yol boyu yetişdirilən məhsullar tez və xarab olmadan istehlakçıya çatdırılır ki, bu da öz növbəsində vətəndaşların sosial rifah halına müsbət təsir edir.

Orxan Vahidoğlu, "İki sahil"