12 sentyabr 2019 20:01
153

AFFA-nın baş katibi yay düşərgəsinin iştirakçıları ilə görüşüb

Şamaxı Olimpiya Mərkəzində AFFA tərəfindən təşkil olunan “Avro 2020”nin Könüllülük proqramı çərçivəsində yay düşərgəsi davam edir. Düşərgədə “Avro 2020” Könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan 200 könüllü iştirak edir.

AZƏRTAC xəbər verir ki, AFFA-nın baş katibi, “Avro 2020” işçi qrupunun meneceri Elxan Məmmədov sentyabrın 12-də düşərgəyə baş çəkən qonaqlar arasında olub. O, könüllülərlə birgə komanda quruculuq tədbirlərində iştirak edib, eləcə də idarəetmə qabiliyyətinin iş və şəxsi həyatda tətbiqi barədə onlarla fikir mübadiləsi aparıb. Könüllülərlə diskussiya zamanı şəbəkə oyunu təşkil olunub, oyunun sonunda yaranmış torun altında şəkil çəkdirilib.

Düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında ünsiyyətin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılmasıdır. Həmçinin düşərgədə könüllülərə “Avro 2020” haqqında məlumatlar verilir, müxtəlif şöbələr tərəfindən təlimlər təşkil olunur, xüsusi qonaqlarla görüş və seminarlar həyata keçirilir.

Düşərgə sentyabrın 13-dək davam edəcək.