KÖŞƏ

Vəli İlyasov

Ac Ermənistan...

10 oktyabr 2019 19:42
418

və ya “gicbəsər Nikol”un gülməli meqalayihələri

Ölkədə “gicbəsər Nikol” adlandırılan Paşinyan Don Kixotsayağı boş və mənasız ideyalar müəllifi kimi mənfi imic qazanıb. Hələ baş nazir seçilməzdən əvvəl  şirnikdirib küçələrə çıxadığı insanlara verdiyi  vədləri yerinə yetirmək iqtidarında olmayan Nikol Paşinyan çıxış yolunu yenə də şirin vədlər verməkdə görür və otuz il sonra üçün xəyali  proqramlar hazırlayır. “Ermənistan 2050 - Strateji İnkişaf Sənədi” adlanan proqramda Nikol vəd verir ki, “Ermənistan əhalisi 5 milyona çatacaq, 1,5 milyon iş yeri yaradacaq, ümumi daxili məhsul 15 dəfə artacaq, 10 milyard dollar gəlir gətirəcək 5 texnoloji şirkət yaradılacaq, orta aylıq əmək haqqı 7 dəfə, səhiyyənin maliyyələşdirilməsi 20 dəfə artacaq, hər il ölkəyə 15 milyon turist gələcək və Ermənistan futbol üzrə dünya çempionu olacaq”.

Açıqlanan bu proqram Paşinyanı gülüş hədəfinə çevirdi. Erməni ekspertlər hesab edirlər ki, hakimiyyət xalqın qarnını uydurma vədlərlə doyurmaq istəyir. Məsələn, politoloq Aram Amatuni yazır:  “Ölkədə 50 faiz yoxsulluq var. İqtisadiyyat çökür, emiqrasiya sürətlə davam edir, çoxsaylı sosial, psixoloji problemlər mövcuddur, işsizlik kütləvi hal alıb və s. Bütün bunların fonunda Paşinyanın açıqladığı “meqalayihələr” gülməlidir”.

Qeyd edək  ki,  Ermənistanın “müstəqilliyinin” ilk illərindəki təkrəqəmli işsizlik səviyyəsi sonrakı dövrdə artaraq 2018-ci ildə 20  faizə çatıb. Paşinyanın hakimiyyətə gəlişindən sonra “optimallaşdırma” adı altında real iş yerlərinin ixtisarına başlanılıb. İşsizlik həddinin artması nəticəsində ölkədə intiharların sayı  20 faiz artıb. Rəsmi məlumatlara görə, təkcə bu il ölkədə 83 min nəfər iş axtarıb. Lakin qeyri-rəsmi məlumatlar vəziyyətin daha dəhşətli olduğunu göstərir. Əhalinin 50 faizə qədəri ya evsizdir, ya da şərti mənzillərdə yaşayır. Hər ailənin orta gəliri 40 min dram, təxminən  185 dollardır. Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini  Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Dünya Bankının ötən il açıqladığı reytinqində ÜDM-ə görə Ermənistan 185 dövlət arasında 130-cu yeri tutub.

Ermənistanın xarici borcu hər il sürətlə artır. 2000-2018-ci illər ərzində ölkənin xarici borcu ÜDM-nin 90 faizini təşkil edib. 2018-ci ildə bu pik həddə çatıb - 94,4 faiz. 2018-ci ilin yanvarında Ermənistanın dövlət borcu 6 milyard 951 milyon dollar idi, 2018-ci ilin dekabrında bu borc 28,1 milyon dollar artıb. 2019-cu ilin mart ayında isə xarici borc 117 min dollar çoxalıb. Bu ilin iyun ayında ÜDM-nin adambaşına düşən gəliri 3,1 ABŞ dolları olub. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcminin artacağı proqnozlaşdırılır.

Bu acınacaqlı mənzərə fonunda əhali sürətlə Ermənistanı tərk edir. Ermənistan Statistika Komitəsinin 2019-cu ildə açıqladığı rəqəmlərə görə, son on ildə ermənilərin sayı 3,8 faiz, işçi qüvvəsinin sayı 17,7 faiz, məşğul əhalinin sayı isə 21,3 faiz azalıb. Bu, 2008-2018-ci illərdə Ermənistan əhalisinin 118,1 min, işçi qüvvəsinin 250,1 min, məşğul əhalinin isə 252,3 min azalması deməkdir. Bununla yanaşı, ölüm göstəricisi doğum göstəricisini üstələyir. Lakin rəsmi məlumatlarda reallıq gizlədilir. “Joxovurd” qəzeti yazır ki, son on ildə əhalinin sayı 2 milyon 100 min nəfər  azalıb. “2005-ci ildən indiyə qədər 1 milyon 10 min 500 erməni Ermənistanı birdəfəlik tərk edib. Ölüm sayının doğum sayını üstələməsi nəticəsində əhalinin sayı 622 min 700 nəfər azalıb. Hazırda Ermənistan əhalisi 1 milyon 900 minə yaxındır, lakin getdikcə daha da azalmaqda davam edir”, - deyə qəzet yazır.

Paşinyan isə on il sonra əhalinin sayının çoxalacağını deyir. Sosial şəbəkələrdə erməni istifadəçilər isə “Necə edəcək, Nikol hansı tədbirləri görəcək ki, əhali artsın, yoxsa  hamilə qadınları bir-bir siyahıya alacaq?!” -deməklə  baş naziri lağlağı obyektinə çeviriblər.

Real vəziyyət və proqnozlar Ermənistanın uçuruma doğru yuvarlandığını təsdiqləyir. Hazırda  işğalçı ölkənin yeganə ümid yeri erməni diasporu və işçi kimi xarici ölkələrə üz tutan ermənilərin ölkəyə göndərdikləri pullardır. Dünya Bankının hesabatına əsasən, 2000-2014-cü illər ərzində Ermənistana göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsi  (təxminən 70 faiz) Rusiyada miqrant kimi yaşayan ermənilər tərəfindən göndərilib, 2014-cü ildən etibarən köçürmələrin azalması müşahidə  olunur. Xarici ianələr, diaspor təşkilatlarının və miqrantların ölkəyə göndərdikləri maliyyə vəsaitləri üzərində qurulan primitiv iqtisadi model Nikol Paşinyanın “Ermənistan 2050 - Strateji İnkişaf Sənədi”nin uydurma vədlərdən başqa bir şey olmadığını göstərir.

Təəccüblü deyil, Paşinyanın küçə inqilabı ermənilərə heç nə vermədi, əksinə ölkədə sosial vəziyyət daha da ağırlaşdı, iqtisadi gəlirlər azaldı, iş yerlərində kütləvi ixtisarlar başlandı, hətta inqilabdan əvvəlki dövrlə müqayisədə intiharların sayı xeyli çoxaldı. Sonuncu dəfə İcevanda “çörəyi ağacdan çıxan” işçilərə qarşı polis zorakılığı yeni rejimin köhnə xuntadan heç nə ilə fərqlənmədiyini göstərdi. Paşinyan  aldadıb yağlı vədlərlə küçələrə çıxardığı erməni xalqına vəd etdiyi rifahı gerçəkləşdirə bilmir və mütəmadi olaraq yüksələn etiraz səsləri onun taxtını laxladır. Baş nazir çıxış yolu kimi uydyrma  populist ideyalardan istifadə etməyə can atır.

Vəziyyəti düzəltmək üçün əlindən heç nə gəlməyən Nikol hələ ki ac kütlənin qarnını “Miatsum” haray-həşiri  ilə doydurmağa çalışır. Lakin ac xalqını çörəkdən başqa heç nə ilə ovundura bilməz. “Su meymunun boğazına çatanda balasını da ayaqları altına qoyar,”-deyiblər. Deyəsən, Nikolun da ayaqlar altına atılmasına az qalıb.

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...