26 noyabr 2020 15:20
294

Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir?

Ölkə vətəndaşlarını narahat edən ekoloji problemlərin həlli dövlət başçısının nəzarəti altındadır.

"İki sahil" xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi ekologiya sahəsində də mühüm nailiyyətlər əldə olunub, müəyyən problemlərin həli istiqamətində ciddi işlər görülüb:

"Azərbaycan müstəqillik qazandıqdan sonra həyata keçirilən ən böyük proqramlardan biri ekologiya sahəsi üzrə olub. 2006-2010-cu illərdə Azərbaycan ərazisində ekoloji problemlərin həlli üzrə təsdiqlənən tədbirlər planında neftlə çirklənən ərazilərin bərpası, Xəzər dənizinə mənfi təsir göstərən mənbələrin ləğvi, atmosferə təsir edən amillərin aradan qaldırılması üçün əsaslı yanaşmalar oldu. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi və ekoloji siyasət nəticəsində “Qara şəhər”in yerində “Ağ şəhər” salındı, Böyük Şor və Zığ göllərinin ətrafında təbiətə dost olan layihələr icra olundu və davam etməkdədir. Həmin ərazilərdə müasir infrastruktur predmetləri yaradıldı.

Ölkə başçısı İlham Əliyevin ekologiya və ətraf mühitə göstərdiyi qayğının bariz bir nümunəsi kimi Böyük Şor gölünün ən çirklənmiş ərazisində böyük bir parkın yaradılmasını göstərmək olar".

M.Qənbərov qeyd edib ki, ekologiyanın qorunması, vətəndaşların sosial-mədəni rifahının yüksəldilməsinə xidmət göstərəcək ekologi tədbirlərin davamlı olaraq respublikanın müxtəlif ərazilərində həyata keçirilməsinə baxmayaraq, həllini gözləyən bir neçə problem qalır. Onlardan biri neft hasilatı zamanı əmələ gələn lay sularının idarə olunmasıdır. Bu sahədə kifayət qədər iş görülsə də, müəyyən nöqsanlar mövcuddur. Abşeron yarımadasında neft hasilatının aparıldığı ərazilərdə gölməçələrə lay sularının axıdılmasının qarşısı alınmalı, Xəzərə tullantı sularının axıdıldığı Hövsan kanalı isə tam qapadılmalıdır. Qapalı su dövriyyəsi yaradıldıqdan sonra su təmizlənərək təkrar istifadə edilməlidir.

M.Qənbərov qeyd edib ki, Bakının Suraxanı, Sabuncu, Qaradağ rayonlarında, hətta müəyyən qədər Səbail rayonunda, eləcə də Abşeron rayonunda mərkəzləşdirilmiş kanalizaya sistemi yaradılmadığından əmələ gələn təsərrüfat-məişət tullantı suları hələ də sözügedən ərazilərdə su tutarlarının çirklənməsinə səbəb olur.

Digər problem kimi Sumqayıt şəhərindəki məişət tullantıları poliqonunun normalara uyğun idarə olunmaması səbəbindən həmin ərazidə ətraf mühitin çirklənməsi, Qaradağ rayonunda isə daş karxanalarının istismar vəziyyətidir. Bu gün daş karxanalarında az tullantının yaranmasına imkan verən yeni texnologiyalardan istifadə edilməli, daş istehsal edən müəssisələr hermetik sistemlə təmin olunmalı, formalaşan tozlar idarə edilməlidir.

M.Qənbərov əlavə edib ki, hazırda Abşeron zonasının ekoloji problemlərinin həlli istiqamətində çox saylı tədbirlər görülsədə, həm Abşeron yarımadasında, həm də Bakı şəhərində atmosfer havası hələ də çirklənməyə məruz qalır. Bu problem əsas etibarilə nəqliyyat vasitələrinin hesabına yaranır ki, bunun həlli üçün yanacaqdan tutmuş nəqliyyat vasitələrinə qədər bütün məsələlərə kompleks yanaşılmalıdır: "Biz ekoloqlar çox istəyirik ki, Bakı şəhərində alternativ nəqliyyat vasitələrindən istifadə edilsin. Əminik ki, cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın ekoloji məsələlərə xüsusi diqqəti sayəsində yaxın vaxtlarda bu sahədə də gözəl nəticələr əldə ediləcək, indiki nəqliyyat vasitələri ekoloji baxımdan daha zərərsiz nəqliyyat vasitələri ilə əvəz ediləcək. Bakı şəhəri ekoloji baxımdan təmiz şəhərlər sırasına qoşulacaq".