Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 sentyabr 2020 18:54
919

“Abşeron” yatağı ölkəmizin ixrac potensialının artmasına mühüm töhfə verəcək

Cavanşir Nuriyev: Azərbaycan artıq neftçıxarma sənayesində ən müasir texnologiyaları, avadanlıqları və qurğuları yerli istehsal hesabına təmin edir

 

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlindəki siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir. Ümummilli Lider Heydər Əliyev çox gözəl anlayırdı ki, görülən bütün bu nəhəng işlər Azərbaycanın istiqadi müstəqilliyinin əsasını təşkil edəcək. Tarix ümummilli lider Heydər Əliyevin haqlı olduğunu sübut etdi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin rəisi Cavanşir Nuriyev bildirib.

Cavanşir Nuriyev bildirib ki, Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev digər sahələrdə olduğu kimi neft strategiyasını da uğurla davam etdirir. Bu günlərdə dövlət başçısının Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlini qoyması, təxminən bir ay əvvəl isə "Qarabağ" yatağının dayaq blokunu dənizə yola salması bunun bariz nümunəsidir. Bu gün ölkə iqtisadiyyatının əsas hissəsini neft və qaz sektoru təşkil edir və bu qarşıdakı illərdə də belə olacaq. Prezident İlham Əliyevin düzgün neft və qaz strategiyası, bu sektorda reallaşdırılan yeni nəhəng layihələr gələcəyə böyük ümidlər yaradır.

Pandemiyanın geniş yayıldığı dövrdə dünya ölkələrində neft-qaz sənayesinə investisiyaların azaldığı bir zamanda Azərbaycanın enerji sektorunda belə bir layihənin icrasına başlanması uğurlu enerji siyasətinin nümunəsi hesab edilməlidir. Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir.

Cavanşir Nuriyev vurğulayıb ki, neft sənayesində xüsusi yerə malik olan “Abşeron” yatağı ölkəmizin karbohidrogen ehtiyatlarında önəmli paya malikdir: “Ehtiyatları 350-360 milyard kubmetr həcmində qiymətləndirilən bu yataq həm daxili tələbatın ödənilməsi, həm də ölkəmizin ixrac potensialının artmasına mühüm töhfə verəcək. Bu layihənin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq neftçıxarma sənayesində ən müasir texnologiyaları, avadanlıqları və qurğuları yerli istehsal hesabına təmin edir. Artıq bir neçə ildir ki, neft sənayesindəki ən ağır dayaq blokalarının və platformaların tikintisini tamamilə ölkə daxilində həyata keçirilir. Bu işlər beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda aparılır. Möhtərəm Prezident İlham Əliyev bütün çıxışlarında neft strategiyasının uğurla həyata keçirilməsində SOCAR-ın, onun tərkibində çalışan çoxminli neftçi ailəsinin əməyini xüsusi vurğulayır, ölkəmizin enerji sektorunda qazandığı nailiyyətlərdə qəhrəman neftçilərimizin xidmətlərindən geniş bəhs edir.  Dövlətimizin başçısı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindəki çıxışında qeyd etdi ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var,çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm.

Prezidentimiz hər bir çıxışında qeyd edir ki, əsas məqsədimiz Azərbaycan vətəndaşlarının məmnunluğunun daim artırılmasıdır. Biz neftçilər də daima möhtərəm Prezidentimizin yanındayıq və uğurla davam etdirilən neft strategiyasının həyata keçirilməsində əlimizdən gələni əsirgəməyəcəyik”.