17 iyul 2019 10:20
309

“ABAD” ailəsi genişlənir: dövlət kiçik biznesə, ailə biznesinə böyük dəstək göstərir

Dövlətimizin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amilinin dayandığı atılan davamlı addımlardan daha aydın görünür. Təbii ki, güclü sosial siyasətin reallaşdırılması üçün iqtisadi tərəqqi əsasdır. Dövlətimizin yeni iqtisadi və sosial inkişaf modeli qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa böyük stimul verir.

Sosial siyasətin əsas istiqamətlərindən biri əhalinin məşğulluğunun təmin olunması, yaşayış səviyyəsinin daha da yüksəldilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların məşğulluğunun təmin olunması, bununla da fəal həyat mövqeyinin formalaşması prioritetdir. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı, həmçinin 23 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu sənədlər məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymaqla bərabər, işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar açır.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda İlham Əliyev özünüməşğulluq proqramının icrasından geniş bəhs edərək bu inamı da ifadə etmişdir ki, “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik. “ABAD” mərkəzlər artıq yaradılır. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar: “Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər. Bu günə qədər bu imkanlardan yararlanan fermerlər yaxşı məhsul istehsal edirlər. Bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər istehsal olunur. İndi ölkəmizə gələn turistlərin sayı kəskin şəkildə artır. Ona görə hər bir turist maraqlıdır ki, hansısa bir suvenir alsın. Əfsuslar olsun ki, bizdə bu günə qədər şəhərdə satılan, yəni şəhərimizi, ölkəmizi əks etdirən bu suvenirlər xaricdə istehsal edilir. Ona görə də bu, böyük bir qüsur, böyük bir boşluq idi. İndi çalışmalıyıq ki, bu suvenirlər Azərbaycanda istehsal olunsun və “ABAD” bu sahədə də öz işini görür. Ümumiyyətlə, mən sahibkarlara da müraciət etmək istəyirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki turistlərin sayı artacaq, suvenirlərə daha da böyük ehtiyac olacaqdır.”

Ölkə Prezidenti İlham Əliyev ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində davamlı addımların atıldığını önə çəkərək bu tapşırığı verir: “Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər. Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir.” “ABAD” publik hüquqi şəxsin yaradılması ilə bağlı Fərmanın imzalanmasından sonra ilkin mərhələdə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutuldu. Pilot layihə uğurla başa çatdırıldıqdan sonra növbəti mərhələdə “ABAD”ın coğrafiyasının genişləndirilməsinin prioritetliyi açıqlandı. Pilot layihə qismində Masallıda 1 saylı regional ABAD mərkəz yaradıldı. ABAD mərkəzlərin yaradılmasında məqsəd adından da göründüyü kimi, ailə biznesinə asan dəstək göstərməkdir. Bu zərurəti şərtləndirən amillərə gəldikcə isə bildirildi ki, ölkə iqtisadiyyatının bir çox sahələrində ailə təsərrüfatları fəaliyyət göstərir. Onların qarşılaşdığı ən böyük çətinliklərdən biri dövrün tələblərini lazımi səviyyədə cavablandırmaq imkanlarının olmamasıdır. Yəni  həmin ailə təsərrüfatları keyfiyyətli məhsul istehsal edib, bazarlarda yer tutmağa layiq olsalar da, bazar şərtlərinə cavab vermədiklərinə görə yalnız məhdud sayda alıcı cəlb edə bilirdilər. “ABAD” mərkəzlərinin yaradılmasında məqsəd bu istiqamətdə ailələrə dəstək olmaqdır.

“ABAD”çıların coğrafi əraziləri Bakı, Astara, Balakən və Gədəbəydir. Gələcəkdə digər bölgələrdə də “ABAD” mərkəzlərinin fəaliyyət göstərəcəyi nəzərdə tutulur. “ABAD” öz fəaliyyətini genişləndirməyi qarşısına məqsəd qoyub. İki regionun (Masallı və Balakən) pilot seçilməsi “ABAD” təcrübəsinin ilk dəfə tətbiq olunmasından irəli gəlirdi.

O da məlumdur ki, “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətlərindən biri də dekorativ-tətbiqi xalq sənətkarlığıdır. Dövlətimizin başçısı İlham Əliyevin yazının əvvəlindəki fikirlərinə istinad etsək, ölkəmizə turistlərin axını “ABAD” sənətkarlıq mərkəzlərinin fəaliyyətinə də öz müsbət təsirini göstərəcək. İcərişəhərdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda “ABAD” sənətkarlıq mərkəzi fəaliyyət göstərir. Bu yerlər turistlərin, eyni zamanda, ölkə əhalisinin daha çox olduğu yerlərdir.

Təbii ki, atılan bu addımlar “ABAD” ailəsinin hər bir üzvünün sosial müdafiəsinin gücləndirilməsinə, ailə büdcəsinin zənginləşməsinə öz müsbət təsirini göstərir. Vətəndaş amilinə verilən dəyərdən, eyni zamanda, yeniliyin, təkmilləşmənin prioritetliyindən irəli gələn bu addımlar ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də yüksək dəyərləndirilir. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunda ABAD layihəsinə xüsusi diqqət yönəldildi. “ASAN”ın uğur hekayəsinin davamı olaraq “ABAD” adı altında digər sosialyönümlü xidmətin fəaliyyətə başladığını xatırladan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bildirmişdir ki, “ABAD” Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsəd ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi, 400-ə yaxın üzvü olan “ABAD”ın regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrilməsidir.

Daim ilklərə imza atan Azərbaycan “ASAN xidmət”, “ABAD”, “DOST” layihələri ilə dünyaya səs salır. Səmərəlilik, şəffaflıq, rahatlıq və innovasiya prinsiplərinə əsaslanan ən yüksək xidmət atılan addımların əsas mahiyyətini təşkil edir.

Yeganə Əliyeva, “İki sahil”