10 yanvar 2020 20:31
1841

7 milyonluq avtomobil Bakıda - FOTO

Təxminən 10 gün əvvəl - 2019-cu ilin dekabrın 30-da Bakıya yeni "Bugatti Chiron" markalı avtomobil gətirilib.

Avtomobili kimin gətirdiyi bizə məlum olmasa da, qiymətinin fantastik olduğunu söyləyə bilərik.

Belə ki, 2016-cı ildən istehsalına başlanan "Bugatti Chiron" markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, "Bugatti Chiron"un Bakya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini söyləyə bilərik.
Qeyd edək ki, Fransanın "Bugatti" şirkəti tərəfindən istehsal olunan "Chiron" modeli dünyadakı ən sürətli hiper-avtomobil hesab olunur.

Mühərriki 1500 at gücündə olan avtomobilin sürəti saatda 420 kilometrdir. Ancaq 2018-ci ildən sonra istehsal olunan "Bugatti Chiron" modelində sürətin saatda 443 kilometrə qədər artırıldığı bildirilir. Avtomobil bu sürəti cəmi 9 saniyədə yığır.

Onu da qeyd edək ki, "Bugatti" şirkəti "Chiron" modelindən cəmi 500 ədəd buraxmağı planlaşdırıb. İndiyə qədər bu modeldən neçə ədədini istehsal edərək satdığı haqda məlumat olmasa da, birinin artıq Azərbaycana gətirildiyi məlumdur. //Azpolitika.info