15 may 2019 13:34
92

5 rayonda fermerlərə təlim keçilib

Ağstafa rayon Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşlarının iştirakı ilə "Kənd təsərrüfatı heyvanlarının ət və süd məhsuldarlığı", "Heyvanların ekoloji patologiyası və qoyunların anaerob enteretoksemiyası" mövzusunda təlim təşkil olunub.

Universitetin əməkdaşları Tovuz rayon DAİM-də isə "Heyvanların infeksion xəstəlikləri, heyvandarlıq və baytarlıq əczaçılığı" mövzusunda təlim keçiblər. Təlim qarşılıqlı diskussiya şəraitində keçib, bir sıra suala aydınlıq gətirilib.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin “Təhsil və təlim şöbəsi” tərəfindən universitetə daxil olan müraciətə əsasən aprel ayı ərzində nəzərdə tutulan təlimlərin keçirilmə qrafikinə uyğun olaraq, ADAU əməkdaşları Qazax rayon DAİM-də "Heyvanların infeksion xəstəlikləri, heyvandarlıq və balıqçılıq" mövzusunda növbəti təlim təşkil ediblər.

Şəmkir rayon DAİM-də də universitetin əməkdaşları yerli fermerlərə və baytar həkimlərə təlim keçiblər. Təlim müasir texnologiyadan istifadə edilməklə təşkil olunub, mütəxəssislər heyvan xəstəlikləri ilə əlaqədar onları maraqlandıran suallara cavab tapıblar.

ADAU tərəfindən İsmayıllı rayon DAİM-də də bölgə fermerləri və baytarlıq idarəsi işçiləri üçün təlim təşkil olunub. Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.