10 fevral 2016 23:48
80

Oqtay Əsədov İsveçin xarici işlər naziri Marqot Vallström ilə görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov fevralın 10-da İsveçin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov ölkələrimiz arasındakı əlaqələrdən danışıb. Bildirib ki, Azərbaycan Avropa dövlətləri, o cümlədən İsveç ilə əlaqələrin inkişafında maraqlıdır. Sədr münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.

Oqtay Əsədov vurğulayıb ki, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlər vacibdir. O, ölkələrimiz arasında hüquqi bazanın da mövcud olduğunu deyib, bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin önəmini vurğulayıb.

Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb. O, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətinin indiyədək heç bir nəticə vermədiyi qeyd edib. Problemin nizamlanması üçün qəbul edilən beynəlxalq sənədlərin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb. Azərbaycanın bu problemin həllində ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edən Oqtay Əsədov münaqişənin nizamlanması istiqamətində səylərin artırılmasının zəruriliyini bildirib.

Marqot Vallström Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib və səfər çərçivəsində səmərəli müzakirələrin aparıldığını deyib. Nazir ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.