03 iyul 2022 09:06
415

İşğaldan azad olunan ərazilərdə dayanıqlı inkişaf məqsədlərinə uyğun addımlar atılır

44 günlük Zəfər müharibəsi nəticəsində 30 illik erməni  işğal başa çatdı. Lakin artıq bütün dünyaya məlumdur ki, işğal dövründə torpaqlarımız vəhşicəsinə talan edilmiş , mədəniyyət abidələri, məscidlər məhv edilmişdi. Elə buna görə də torpaqlarımızın azad olunmasından sonra qarşıda duran əsas məqsəd bu ərazilərdə yenidənqurma prosesidir.  Prezident İlham Əliyevin iyunun 27 -də Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında çıxışı insanlarda daha da əminlik yaratdı. Ölkə başçısı burda qeyd etmişdir ki, “bu yenidənqurma prosesində ölkəmizin əsas hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Bunun nəticəsidir ki, səkkiz aydan az müddətdə  Füzuli şəhərində hava limanı inşa edilib. Zəngilan və Laçın rayonlarında isə daha iki hava limanının inşası davam edir. Qarabağın sənayə mərkəzinə çevrilməsi nəzərdə tutulan Ağdamda 10 minlərlə insanın yaşamasını təmin edəcək yeni şəhər inşa olunur. 200 hektar əraziyə malik Ağdam Sənaye Parkı isə artıq fəaliyyət göstərir. Şuşa şəhərinin baş planı   onun tarixi irsinin qorunması üzərində qurulub. Zəngilan şəhərinin baş planı onun təbiətlə inteqrasiyası və park şəhərinə çevrilməsi ilə inşa olunur”.

Sessiyanın digər əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərdə dayanıqlı inkişaf məqsədlərinə uyğun addımlar atılır. Dayanıqlı İnkişaf Məqsədlərində əsas hədəf yerli sakinlərdir. Yerli sakinlərin inklüziv, təhlükəsiz yaşaması ilə yanaşı, onların davamlı məşğuliyyətinin təmin olunması prioritet məsələdir və Azərbaycanın işğaldan azad olunan ərazilərində buna xüsusi diqqət yetirilir. Müasir dövrün tələbi olan dayanıqlı şəhər və kəndlərin inşası bölgənin inkişafı ilə yanaşı, regionda yeni ab-havanın yaranmasına gətirib çıxaracaq.Azad edilmiş ərazilərin yenidən qurulmasında ölkəmizlə həmrəylik və Azərbaycana beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Təbii ki, bu da Azərbaycanın hər sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsini nümayiş etdirir. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.

İşğaldan azad edilən torpaqlarımızın yenidən çiçəklənməsi, burada yeni şəhərlər salınması,yeni infrastrukturların yaradılması,  Azərbaycan xalqının qurub-yaradan xalq olduğunu bir daha sübut edir. Cəmi il yarım ərzində həyata keçirilən quruculuq işləri bu torpaqların tarixən kimə aid olduğunu da aydın şəkildə göstərir. Bu cür quruculuq işləri Azərbaycanın gücünü nümayiş etdirir.

Xəyalə Mustafayeva,

Tərtər rayon R.Almuradov adına Ələsgərli kənd tam orta məktəbinin direktor müavini