02 iyul 2022 19:17
517

Mozambikli deputat: İşğaldan azad edilmiş ərazilərdəki dağıntıları öz gözlərimizlə gördük

Mozambikli deputat: Azərbaycan xalqının işğaldan azad edilən əraziləri dirçəltməsi səylərini görmək çox xoşdur

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı yüksək səviyyədə keçirildi. Konfransda aktual məsələlərlə bağlı son dərəcə səmərəli və faydalı müzakirələr aparıldı. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri iki gün ərzində dünyada sülhün və sabitliyin qorunması, əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etdilər.

Bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində Şuşaya səfər edən mozambikli deputat Telmina Manuel Paixao Pinho Pereira deyib.

İşğaldan azad olunan ərazilərə səfəri zamanı bu bölgənin tarixi ilə bağlı vacib məlumatlar əldə etdiklərini vurğulayan qonaq deyib: “Bu səfər zamanı işğaldan azad edilən Qarabağ bölgəsi, o cümlədən Füzuli, Şuşa, digər şəhər və rayonlar, ümumiyyətlə bu regionun tarixi haqqında maraqlı məlumatlar əldə etdik. Ərazilərdəki dağıntıları öz gözlərimizlə gördük. Burada şəhər və kəndlərin, tarixi-mədəni abidələrin tamamilə dağıdılması dərin üzüntü doğurur. Lakin Azərbaycan xalqının bu əraziləri dirçəltməsi səylərini görmək çox xoşdur. Ümid edirik ki, qarşıdakı illərdə bu region Azərbaycan xalqının səyləri nəticəsində sürətlə inkişaf edəcək.

AZƏRTAC