02 iyul 2022 19:30
574

Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə hər zaman Azərbaycana çox ciddi dəstəyi olub

Dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatı səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olmaqla bərabər, beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında sülh və sabitliyi təmin etməkdir. Bu təşkilat Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən çox sayda dövlətini bir araya gətirən ikinci böyük təşkilatdır.

Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə hər zaman Azərbaycana çox ciddi dəstəyi olub. İstər İkinci Qarabağ müharibəsindən əvvəl, istərsədə sonra bu təşkilatın üzvləri arasında Azərbaycanın haqlı davasında ölkəmizin mövqeyini dəstəkləyənlər olub. Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir.  Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan təkcə regionun lideri olmaqla bərabər, eyni zamanda  artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Dünyanın mühüm təşkilatlarından biri Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatın sədri olması və üzərinə düşən missiyanı uğurla yerinə yetirməsi, beynəlxalq təşkilatlarda göstərdiyi qətiyyətli mövqe nəticəsində böyük dövlətlər Azərbaycanla artıq daha sıx tərəfdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi. 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  bu günlərdə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak edib. Dövlət başçısı qeyd edib ki, 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulan Azərbaycan hər zaman  həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb.

Dövlət başçısı  regional mövzular və qlobal məsələlərdə hər zaman Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin  şahidi olduğunu vurğulayaraq, Azərbaycana Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi.

Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri