02 iyul 2022 20:10
1045

Bakı konfransının iştirakçıları Şuşada olublar - YENİLƏNİB

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçıları işğaldan azad olunmuş Şuşa şəhərində olublar.

"İki sahil" xəbər verir ki, onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.

Bakı konfransının iştirakçıları Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanı və Şuşa şəhər qala divarları ilə tanış olublar.

Qonaqlar daha sonra Cıdır düzünə gedərək, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

***

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

"İki sahil" xəbər verir ki, əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.

Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb. nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.