İyulun 1-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə «Azəriqaz» İstehsalat Birliyinin «ASAN kommunal» mərkəzlərində göstərdiyi xidmətlər barədə məlumat verib. Bildirib ki, bu gün «Azəriqaza» İB müştərilərə 21növ xidmət göstərir. Bu xidmətlər Bakıda 3 «ASAN kommunal», regionlarda isə 14 «ASAN xidmət» mərkəzlərində həyata keçirilir: «Müştəri xidməti şöbəsi istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə edilməsini və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin təmin edilməsini, həmçinin ölkə ərazisində fəaliyyət göstərən «ASAN xidmət» mərkəzlərində smart tipli sayğaclarla təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini təmin edir.»
Onun sözlərinə görə, qaz təsərrüfatında innovativ metodların tətbiqindən sonra Birliyə şikayət və müraciətlərin sayı xeyli azalıb.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, son zamanlar «Azəriqaz» İstehsalat Birliyinin adından istfadə edən dələduzlar peyda olub. Ona görə də vətəndaşlar özlərini «Azəriqaz»ın əməkdaşı kimi təqdim edən şəxslərdən vəsiqə tələb etməli, eyni zamanda onlara qaz təsərrüfatı ilə bağlı heç bir ödəniş etməməlidirlər :«Bəzən abonentlər podratçı şirkətin əməkdaşlarının qanunsuz hərəkətlərini də «Azəriqaz»ın adına yazırlar. Bir daha bəyan edirəm ki, podratçı şirkətlərin qanunsuz hərəkətlərinin «Azərqaz»a heç bir aidiyyəti yoxdur.»
Elçin Zaman, «İki sahil»