01 iyul 2022 00:41
517

Kəlbəcərin “İstisu”yu

Prezident İlham Əliyevin iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri bu ərazilərin tezliklə abadlaşdırılacağından, yeni, müasir əraziyə çevriləcəyindən xəbər verir. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyev tərəfindən Kəlbəcərdə “İstisu” sanatoriya kompleksinin təməli qoyulub.

Yeri gəlmişkən onu da qeyd edək ki, “İstisu” sanatoriya kompleksinin tikintisi 1925-ci ildən sonra Sovet Azərbaycanı hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdi. Sonralar bu məsələ Azərbaycan KP MK-nın o vaxtkı birinci katibi Mir Cəfər Bağırovun şəxsi diqqət mərkəzində olmuşdur. 1928-ci ildə isə bu kompleksin İttifaq əhəmiyyəti nəzərə alınaraq, İstisu sanatoriyasının tikilməsi, bura yolların çəkilməsi haqqında sovetlərin qurultayında məsələ qaldırılmışdı.

“İstisu”da keçən əsrin 80-cı illərində sutkada 3 min litr mineral su doldurma zavodu tikilib istifadəyə verilmişdir. Ancaq o dövrdə çıxan suyun cəmi 10 faizindən istifadə edilirdi. Çox əfsuslar olsun ki, 3 aprel 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan qəsbkarları tərəfindən işğal olunandan sonra sanatoriya kompleksi darmadağın edilmişdir. 1997-ci ildən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını öz brendləri kimi “Cermuk” suyu adı ilə Avropa ölkələrinə, o cümlədən ABŞ-a yüksək qiymətə satıb, milyonlarla valyuta qazanıblar.

Onu da qeyd edək ki, “İstisu” kompleksi ilə rayon mərkəzi arasında məsafə 25 km-dir. Bu ərazi dəniz səviyyəsindən 2225 metr yüksəklikdə yerləşir. “İstisu”yun mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. “İstisu” mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibi, karbon qazı, hidrokarbonat-xlorid-sulfat-natrium ionlarından tərkibinə və böyük ehtiyatlarına görə xüsusilə fərqlənir. “İstisu” dünya əhəmiyyətli müalicəvi mineral suyu bir çox xəstəliklərin dərmanıdır. Beləliklə, qastritin, mədə yarasının, öd kisəsinin, qaraciyər iltihabi, oynaq xəstəliklərinin və s. müalicəsində Kəlbəcərin “İstisu”yu çox faydalıdır.

“Kimyəvi tərkibinə görə “İstisu” dünyada ən mühüm əhəmiyyətə malikdir” söyləyən Bakı Dövlət Universitetinin professorları Neron Babaxanovun və İsmayıl Əliyevin təqdim etdikləri faktlara əsasən bir litr suda mineralların miqdarı cəmi 7 qrama çatır: “İstisu” sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərib. Bu bulaqlardan biri 8-10 metrədək hündürlükdə fəvvarə vurur. Yüksək radioaktivlk, böyük miqdarda karbon 2-oksidin miqdarı, 60°C temperaturda olması, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balneoloji təsirini artırır. Belə tərkibli suya yer üzündə nadir hallarda rast gəlinir. Məşhur kimyaçı alim E. Karstenski vaxtıilə Kəlbəcərin ərazisindəki termal və mineral suları tədqiq etdikdən sonra “İstisu”yun müalicəvi əhəmiyyətinin Karlovı Varıdan daha yüksək olmasını qeyd etmiş və bu suların dünya üçün əhəmiyyətli su olduğunu göstərmişdir. Bildirmişdir ki, bu sularla insanların həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür”.

Qeyd edək ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. Bütün bunlar onu göstərir ki, işğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və onun əvvəlki şöhrəti geri qaytarılacaq.

Mənsumə Babayeva, “İki sahil”