01 iyul 2022 02:34
867

Zəngəzur dəhlizi: Sülhün və tərəqqinin qarantı

Regional və qlobal miqyasda Zəngəzur dəhlizinin işə düşməsinin ciddi geosiyasi və geoiqtisadi yeniliklərə təkan verəcəyi şübhəsizdir. Zəngəzur dəhlizi Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq statusunu daha da artıracaq. Bu gün beynəlxalq layihələr üçün Azərbaycan ərazisi sözün əsl mənasında regionun nəqliyyat qovşaqlarının habı rolunu oynayır. Zəngəzur dəhlizi bu baxımdan Azərbaycanı bir neçə istiqamətdə region, Asiya və Avropa ilə birləşdirən strateji məkan statusunu ala bilər. Faktiki olaraq, dünyanın böyük gücləri Zəngəzur dəhlizinin bu funksiyasını artıq qəbul edib ona dəstək ifadə edirlər. Dəhliz regional əməkdaşlıq və beynəlxalq layihələrin icrası aspektlərində böyük dövlətlər üçün də əhəmiyyət kəsb edir. Bu marşruta müxtəlif istiqamətlərdə əməkdaşlığın mühüm bəndlərindən biri kimi baxılır. Qeyd etmək lazımdır ki, region dövlətlərinin Zəngəzur dəhlizi də daxil olmaqla, bütün kommunikasiya şəbəkəsindən səmərəli və koordinasiyalı istifadə edilməsinə imkan verən əməkdaşlıq formatı haqqında təklifin də təşəbbüskarı Azərbaycandır.

Qeyd etmək lazımdır ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin regional kommunikasiyaların açılması üzrə işçi qrupu, xüsusən də sərhəd və gömrük nəzarəti məsələlərində İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib. Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. O, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab etdiklərini də bildirib: “Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yolları ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra bilib”. Onun sözlərinə görə, hazırda ekspert alt qrupları avtomobil və dəmir yolu infrastrukturunun bərpası və istifadəsi ilə bağlı məsələlərin işlənməsini davam etdirir. Xatırladaq ki, burada söhbət Zəngəzur dəhlizindən gedir. Mher Qriqoryanın açıqlamaları bu qənaətə gəlməyə əsas verir ki, dəhlizin reallaşması istiqamətində artıq konkret razılıqlar mövcuddur. Belə bir vaxtda Rusiyanın “İzvestiya” qəzeti adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, Kreml Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə etməsinə yardımçı olub: “Azərbaycan və Ermənistan Naxçıvana gedəcək dəmir yolu ilə bağlı çoxdan, hələ ötən ilin payızında razılıq əldə edib. Avtomobil yolu ilə bağlı isə İrəvan uzunmüddətli fasilə götürmüşdü. Amma iyunun 3-də baş nazir müavinlərinin sonuncu görüşündə yolun 6 kilometrlik hissəsini çıxmaq şərti ilə gələcək marşrut razılaşdırılıb. Həmin 6 kilometrlik hissədə dağlar var və Rusiyanın “Avtodor” şirkəti həmin əraziyə ekspertlər göndərib ki, onlar sadə mühəndis həlli yollarını göstərsin”. Qeyd olunub ki, yol Ermənistan ərazisində Araz çayı boyunca keçəcək, qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən sovet dövründən qalan yollardan istifadə olunacaq. Həmin yollar bütün sərhəd xətti boyu qalmaqdadır. Mənbə onu da bildirib ki, İrəvan bu ilin martında Bakıda Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən keçməklə Naxçıvana gedəcək yolun inşası barədə memorandum imzalanmasından sonra danışıqlar prosesini sürətləndirib.

Xatırladaq ki Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli Bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib. Azərbaycanın yanaşması həm də bundan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Zəngəzur dəhlizinin açılması tək Azərbaycanın yox, əslində dünya ictimaiyyətinin də tələbidir. Çünki o, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Digər tərəfdən Zəngəzur dəhlizi regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirmək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün olduqca vacibdir. Yeri gəlmişkən qeyd edək ki, Azəbaycan Xarici İşlər Nazirliyi də Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yanaşmasında dəyişikliklər sezildiyini bildirmişdi: “Uzun illər ərzində məhz Azərbaycan tərəfi bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və baş nazirin “kommunikasiyaların açılması Ermənistana sərf edir” söyləməsi Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir. Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq”.

Sevinc Azadi, “İki sahil”