30 iyun 2022 17:32
877

Hər fəsildə öyrənək FOTO

“Yay məktəbi”nin başa çatması ilə bağlı mediatur təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin başa çatması ilə bağlı  Nizami rayonundakı Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbə mediatur təşkil olunub.

Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, şagirdlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Onlar “Yay məktəbi”nin bağlanış mərasimini izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.

Ünsiyyət bacarıqları,  sosiallaşma, özünəinam duyğusu artır

BŞTİ-nin müdiri Mehriban Vəliyeva  jurnalistlərə açıqlamasında Təhsil Nazirliyi tərəfindən irəli sürülən “Yay məktəbi” təşəbbüsünün uzunmüddətli pandemiya şəraitində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

M.Vəliyeva “Yay məktəbi”nin şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edildiyini söyləyib.

İdarə müdiri “Yay məktəbi”ni şagirdlərin sosial fəaliyyətlərə cəlb olunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkan olduğunu deyib, həmçinin şagirdlərin fərdi və peşəkar inkişafı, onlarda mütaliə vərdişlərinin formalaşdırılması yönündə tövsiyələrini  verib.

M.Vəliyeva BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində “Yay məktəbi”nin fəaliyyət göstərdiyini qeyd edib.

Dünya ölkələrinin təcrübəsindən bəhs edən idarə müdiri “Yay məktəbi”nin uşaqların inkişafında, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasında, sosiallaşmasında, özünəinam duyğusunun formalaşmasında və yeni dərs ilinə daha həvəslə hazırlaşmalarında böyük rol oynadığını diqqətə çatdırıb.

Bağlanış mərasimində məktəblilər “Yay məktəbi”nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Bundan əlavə, tədbirlərdə müxtəlif mövzularda fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış olub.

Əylənərək öyrənən uşaqlar xoş təəssüratlarını “İki sahil”lə bölüşdülər:

Həm əyləndik, həm də öyrəndik

32 nömrəli tam orta məktəbin şagirdi Səlim Səlimli : “Yay məktəbi”ndə dərslər çox maraqlı  və əyləncəli keçdi. Həm əyləndik, həm də öyrəndik. Açıq havada rəsm çəkdik, idman oyunları oynadıq. Yay tətilimi bu cür keçirməkdən çox zövq aldım. Mənə elə gəlir ki, burada vaxt çox tez keçirdi. Heç evə getmək üçün tələsmirdim. Heyif ki, tez bitdi...”

Vüsalə Səlimova isə “yay məktəbi”ndə ən çox  açıq havada şəkil çəkməyi, eləcə də mahnı oxuyub, rəqs etməyi çox bəyəndiyini söylədi : “2 həftəlik “Yay məktəbi”ndə asudə vaxtımızı dəyərləndirmək üçün intellektual oyunlar, idman yarışları təşkil olundu. Kollektiv şəkildə ölkəmizin gəzməli, görməli və öyrənilməli tarixi yerlərinə ekskursiya etdik,  bu da bizim dünyagörüşümüzü zənginləşdirirdi. Deyərdim ki, yay tətilimin ən unudulmaz xatirəsi “Yay məktəbi” oldu.”

Bitməsini heç istəmirdim

Həcər Kosayeva: “Tədris ili başa çatsa da, doğma məktəbimizdə həm əyləndirici, həm də maarifləndirici dərslərdən ibarət ödənişsiz “Yay məktəbi”nin təşkil olunması  bütün şagirdlər kimi, məni də çox sevindirdi. Bitməsini heç istəmirdim. “Yay məktəbi”ni təşkil edən hər kəsə təşəkkür edirəm.”

“Yay məktəbi”nin son günü olmasına  baxmayaraq nə şagirdlər məktəbi tərk etməyə tələsir, nə də müəllimlər onlara öyrətməkdən yorulurdular. Apardığımız müşahidələrdə şagirdlərin üzündə sevinc, müəllimlərin simasında isə məmnunluq hiss edilirdi…

Rəqs etdilər, rəsm çəkdilər, maarifləndirici məşğələlər sayəsində xarici dil biliklərini möhkəmləndirdilər

32 nömrəli tam orta məktəbin müəllimi Sədaqət Qurbanovanın  sözlərinə görə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili baxımından "Yay məktəbi" çox faydalıdır: “Şagirdlərimizin dincələrək öyrənməsi, bilik və bacarıqlarını inkişaf etdirməsi, sosial fəaliyyətlərə cəlb olunması, fərqli hobbilərlə məşğul olması üçün burada çox əlverişli mühit yaradılıb. Builki “Yay məktəbi” də çox maraqlı oldu. Ona görə ki, məktəblilər burada bir-birindən maraqlı və intellektual oyunlarla məşğul oldular, rəqs etdilər, rəsm çəkdilər,  maarifləndirici məşğələlər sayəsində xarici dil biliklərini möhkəmləndirdilər. Şagirdlərimiz kimi  biz müəllimlərdə “Yay məktəbi”ndə olmaqdan çox məmnun qaldıq.”

Qeyd edək ki, “Yay məktəbi” ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla təşkil edilib. “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər keçirilib. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilib, bölmələr üzrə ümumiləşdirmələr aparılıb, kompleks mövzular üzrə tapşırıqlar işlənilib.

Yaqut Ağaşahqızı, “İki sahil”