30 iyun 2022 22:58
529

"Dəmir yumruq" yerindədir

İşğaldan azad olan ərazilərin ölkənin ümumi enerji, yol və infrastruktur balansına daxil edilməsi böyük əhəmiyyətə malikdir. Bu proses həm də insanların öz doğma yurd-yuvalarına sürətli geriyə qayıtmasını təmin edəcəkdir. Ötən bir il yarım müddət ərzində həm Qarabağ, həm də Şərqi Zəngəzur İqtisadi rayonunun ərazisində böyük işlər görülmüşdür. Ölkə başçısı cənab İlham Əliyev hər fürsətdən istifadə edərək, bütün xüsusi günləri işğaldan azad olunmuş ərazilərdə qeyd edir. Bu səfərlər mənəvi-psixoloji, siyasi və hərbi əhəmiyyətə malik olmaqla yanaşı, bərpa prosesində Prezidentin tapşırıqlarının sürətlə və keyfiyyətlə yerinə yetirilməsinin yoxlanması üçün vacibdir. Prezidentin o bölgələrə hər bir səfəri sözün bütün mənalarında yeni nəfəs, yeni inkişaf meyilləri deməkdir. Hər dəfə əlamətdar günlərdə olduğu kimi bu il də 26 iyun - Silahlı Qüvvələr Günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etmişdir.

Dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub. Kəlbəcərin relyefini nəzərə aldığımız zaman düzən ərazilərin çox olmadığını, dağların arasından yolların çəkilməsinin nə qədər çətin olduğunu görmüş olarıq. Uzunluğu 81 km olan bu yolda körpülər, tunellər, keçidlər inşa edilməkdədir. Dövlətimizlə yanaşı işləri həyata keçirən şirkətlər, zəhmətkeş insanlar böyük fədakarlıq nümunəsi göstərməkdədirlər.

Prezident səfər zamanı Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında, Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub. Ümumiyyətlə Şərqi Zəngəzur İqtisadi rayonunda yaşıl enerji zonaları icra olunacaqdır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Artıq istifadəyə verilmiş elektrik stansiyaları nəinki bugünkü tələbata cavab verir, hətta gələcəkdə artan tələbata da uyğundur.

Eyni zamanda da dövlətimizin başçısı cənab İlham Əliyevə Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Azad olunan ərazilərdə toplanmış su ehtiyatları ölkə ərazisində toplanmış içməli suyun təxminən 20 faizini təşkil edir. Su anbarında toplanan ehtiyatlar 7 rayon ərazisində yaşayan təxminən 3 milyon insanı içməli su ilə təmin etmək iqtidarında olacaqdır.

Prezident həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Bu aeroport çox çətin relyefə malik strateji nöqtədə yerləşir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Hərbi məqsədlər üçün də istifadə olunacaq hava limanı gələcək hədəflərimizin yerinə yetirilməsinə öz töhfələrini verəcəkdir.

Digər azad olunmuş rayon və şəhərlərdə olduğu kimi ölkə rəhbərinə Kəlbəcər şəhərinin baş planı təqdim edilib. Bilirsiniz ki, Prezidentin şəhərlərin baş planları ilə bağlı xüsusi tapşırıqları vardır. Belə ki, təbiətin qorunması, təbii landşaftın mühafizə olunması və yerli ornamentlərə uyğun şəhərlərin salınması vacib amillərdəndir. Kəlbəcərdə bir çox işlər görülməkdədir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Hətta kəlbəcərlilərin saza, sözə olan maraqları da unudulmayacaqdır.

Digər azad olunmuş şəhər və rayonlarda olduğu kimi Kəlbəcərdə də həm işğal, həm də Zəfər muzey kompleksi tikiləcəkdir. Ölkə başçısı təməlini qoyduğu muzey kompleks vasitəsi ilə yeni formalaşan gəncliyə ən böyük siyasi, mənəvi və tarixi ismarıcı verməkdədir. İllərdir düşmən tapdağında olan torpaqlarımızda meqa infrastruktur işləri görülməkdədir. Məscidlərimizin bərpası, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, muzeylər, hava limanları, dəmir yolları, tunellər bu bölgənin mənzərəsini tamami ilə dəyişəcəkdir.

Əlbəttə, sosial layihələrin icrası, bərpa prosesinin həyata keçirilməsi, tarixi missiyanın yerinə yetirilməsi Azərbaycan dövlətinin gücünün ehtivasıdır. Lakin dövlətin əsas gücü onun milli maraqları uğrunda həyata keçirilən siyasəti, birliyi, xalq-iqtidar həmrəyliyi və siyasi, mənəvi-psixoloji, hərbi iradəsidir. Prezidentin öz ifadəsi ilə deməsi ki, “Dağlarda mənim sözlərim yazılıb - dəmir yumruq yerindədir” çox əhəmiyyətli ismarıcdır. Son günlər Ermənistan rəhbərliyi müharibədən sonrakı matəm abu-havasını deyəsən unudub. Qeyri-ciddi, qeyri-adekvat açıqlamalar verərək sülh prosesinə ciddi zərbələr vurur. Eyni zamanda da Ermənistan yalnız Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı deyil, bütün regionun gələcəyinə, sülhə və əməkdaşlığa qarşı təhdidə çevrilir. Başına gələnlərdən məntiqi nəticələr çıxara bilməyən erməni cəmiyyəti yaxşı düşünməli və düzgün nəticələr çıxarmalıdır.

Əslində, Azərbaycan sülhə və əməkdaşlığa ən çox inanan xalqdır. Belə olmasa idi, 30 il öz ərazilərinin sülh yolu ilə qaytarılacağına inanmazdı. Belə olmasa idi, müharibədə qalib gəldiyi halda sülhün baza prinsiplərini elan edib Ermənistana əməkdaşlıq təklifi irəli sürməzdi. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Buna görə də biz illərlə bu gün əldə etdiyimiz zəfər üçün gecə-gündüz çalışmışıq. Bilirdik ki, heç kim bizə kömək etməyəcək. Əslində dünya birliyinin haqlı, ədalətli mövqeyi olsaydı, müharibə baş verməyə bilərdi. Belə ki, işğalçı Ermənistana ediləcək təyziqlər nəticədə işğala son verər və müharibə olmazdı. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. İşğalçıya isə heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir.

Prezidentin Kəlbəcərdən verdiyi ismarıclar həm ölkə daxilində, həm də xaricində diqqətlə təhlil edilməlidir. Artıq ikinci Komanda hərbi hissəsi açılıb. Kəlbəcərdə Ermənistanla sərhədə yaxın ərazilərdə xüsusi təlim keçmiş hərbi birləşmələrin fəaliyyətə başlaması düşmən üçün ciddi siqnal olmalıdır. Müharibə istəməyən Azərbaycan öz ordusunu daha da gücləndirir və daha da gücləndirəcəkdir. Çünki Azərbaycan ordusu regionda sülhün ən güclü qarantıdır. Ermənistanın öz sözünə, öz imzasına ehtiramının olmadığını bir neçə fraqmentdə açıq görməkdəyik. Belə qeyri-stabil xarakterli dövlətin sözünə inanmaq çox çətin bir məsələdir. Məhz bu səbəbdən bu gün Azərbaycan ordusu daha da güclənir. Həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən ordumuz inkişaf etməkdədir. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanıb, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcəkdir. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək.

Azərbaycanın əsas məqsədi yeni reallıqların dünya tərəfindən qəbul olunduğu kimi Ermənistan tərəfindən də qəbul olunmasıdır. Zəngəzur dəhlizinə yox demək artıq hayların arzuları, istəkləri və səlahiyyətləri çərçivəsində deyil. Regionun gələcəyinə yön verən, dünyanın aparıcı dövlətlərindən hesab olunan Türkiyə və Rusiya bütün kommunikasiyaların açılmasını arzu edir. Ermənistan öz imzasına hörmət etməyə bilər. Lakin 10 noyabr bəyannaməsində Vladimir Putinin imzası var və o, öz sözünə, imzasına hörmət edən siyasətçidir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözü də imzası qədər güclü və əhəmiyyətlidir.

Əgər Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləngitsə, öz keçmiş ampulasına geriyə dönsə, Azərbaycan da onun ərazi bütövlüyünü tanımayacaqdır. Bu da yeni və lüzumsuz problemlərə səbəb olacaqdır.

Vüqar Seyidov,
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri