01 iyul 2022 01:57
613

Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə həyata keçirilir

26 İyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü qeyd olundu. Həmin gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, 30 ilin işğalına 44 gündə son qoyaraq ədaləti bərpa edən Azərbaycan Ordusunun şərəf günü idi. Bu təntənəli gündə şanlı Ordunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Göygölə və işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına səfər etdi. O Kəlbəcərə ki, 1993-cü ilin aprel ayında düşmənin işğalına məruz qalmış, günahsız sakinləri öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, tarixi abidələri, təbiəti böyük ziyan görmüşdür. Bu həmin Kəlbəcərdir ki Ağdaban qətliamına və Başlıbel faciəsinə şahidlik etmişdir. Bu həmin Kəlbəcərdir ki, işğal altına düşməsi böyük faciə kimi qiymətləndirilmiş və Birinci Qarabağ müharibəsinin gedişatında böyük rol oynamışdır. Bu gün Silahlı Qüvvələrimizin yaranmasının 104-cü ildönümündə ölkə başçımızın Kəlbəcərə səfəri əlbəttə ki, hər birimizdə böyük qürur və fərəh hissi yaradır. Ali Baş Komandanımız səfəri çərçivəsində bir çox təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, görülən işlərə tanışlıq reallaşdırmışdır. Ancaq dövlət başçımızın səfərinin ən əlamətdar hissəsi Kəlbəcərdə komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edərək geniş nitqlə çıxış etməsi oldu. Beləliklə, bu gün Azərbaycan Ordusunun böyük Zəfərinin sədalarının Kəlbəcər dağlarından gəlməsi, həmin dağlarda “Dəmir yumruq yerindədir” şüarının oxunması, Kəlbəcərdə komando hərbi hissəsinin fəaliyyətə başlaması həm qürurverici, həm də bir çoxları üçün düşündürücü faktdır. Azərbaycan xalqı bununla qürur duyur. Çünki, Kəlbəcərdə, Azərbaycan-Ermənistan sərhəddinin bir addımlığında yeni hərbi hissənin yaradılması ilə Ermənistanla sərhəddə nəinki mövqelərimiz hərbi cəhətdən daha da möhkəmlənəcək, eyni zamanda mümkün təxribat cəhdlərinin anında, yerindəcə boğulması üçün əlavə imkanlar açılacaq. Digər tərəfdən hələ də mövcud reallıqlarla barışmayan və revanşist arzularla yaşayan bir qrup xəyalpərəst və onların havadarları bu mesajdan ciddi dərs almalıdır. Müzəffər Ali Baş Komandan nitqində dəmir yumruğun hələ də yerində olduğunu və Azərbaycan Ordusunun hazırda həm döyüş qabiliyyəti, həm də təchizat baxımından daha güclü olduğunu vurğuladı. Şübhəsiz ki, Kəlbəcərdə ikincisi istifadəyə verilən komando hərbi hissəsi də ölkəmizin müdafiə qabiliyyətinin artmasında əlamətdar rol oynamaqdadır. Hələ müharibədən çox keçməmiş Azərbaycan Prezidentinin söylədiyi kimi Azərbaycan Ordusunun Türk Ordusunun kiçik modeli olması istiqamətində atılan bu addım Azərbaycanın regionun hərbi baxımdan ən güclü ölkə statusunu əlində  saxlamasında çox mühüm rol oynayacaqdır. Hal-hazırda dünyada hərbi güc və müdafiə qabiliyyətinin ölkələr üçün  ən mühüm amil olduğu reallıqdır. Çünki, bu gün dünyada “güclü haqlıdır” prinsipi hakimdir və beynəlxalq hüquq get-gedə dəyərini itirir. Əlbəttə ki, Azərbaycan sülh və sabitliyi dəstəkləyən və bunun üçün çalışan ölkədir amma reallıq budur ki, dünyada bir çox münaqişə ocaqları var. Belə olan halda öz dövlətini, xalqını qorumaq üçün hərb sahəsinə xüsusi diqqət yetirmək dövlətlərin əsas vəzifələrindən biri olmalıdır. Azərbaycan da öz fəaliyyətini bu istiqamətdə qurmaqdadır. Belə ki, müharibədən sonrakı dövrdə də hərb sahəsinin ölkə başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunması, hərbi xərclərə ayrılan büdcənin artırılması, müharibə dövründə istifadə olunan texnika və silah-sursatın yeniləri ilə əvəz olunması, “Komando” birliyinin yaradılması, ard-arda baş tutan təlimlər və s. bunun əyani təzahürüdür.

Ölkə başçımızın bölgəyə səfəri eyni zamanda Azərbaycan xalqının Qarabağa və Şərqi Zəngəzura “ Böyük Qayıdış”ının da ayaq səsləridir desək yəqin ki yanılmarıq. Azərbaycan liderinin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri dövlətin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində gördüyü tədbirləri daha da genişləndirməsi, müvafiq prosesin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması anlamına gəlir. Bölgənin strateji əhəmiyyətini də nəzərə alsaq, buradakı bərpa-quruculuq işlərinin təhlükəsizlik baxımından da böyük önəm kəsb etdiyini asanlıqla söyləmək olar.  Həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, Böyük Qayıdışın tərkib hissəsi olaraq Kəlbəcər əhalisinin də doğma vətənə köçürülməsi addım-addım yaxınlaşır.

Süpay Məmmədov,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri