24 iyun 2022 21:42
566

Elçin Mirzəbəyli: Siyasilərin Cəbrayıl və Zəngilan rayonlarına səfəri mühüm hadisələrlə yadda qaldı

Zəngilanın Ağalı kəndində icra olunan layihələr gələcəkdə ölkəmizin mahiyyət etibarı ilə hansı modelə keçəcəyini nümayiş etdirir

Xəbər verildiyi kimi, iyunun 24-də ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin iştirakı ilə Cəbrayıl və Zəngilan rayonlarına səfər təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşıb.

Ərazilərin minalardan təmizlənməsi istiqamətində həyata keçirilən tədbirlərin nə qədər genişmiqyaslı olduğunun şahidi olduq

Siyasi şərhçi, Əməkdar jurnalist Elçin Mirzəbəyli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Cəbrayıl və Zəngilan rayonlarına səfər artıq siyasi partiyaların rəhbərlərinin,  təmsilçilərinin, o cümlədən tanınmış politoloq və jurnalistlərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərə sayca dördüncüdür: “Səfər mühüm hadisələrlə yadda qaldı. Həm Cəbrayılda, həm də Zəngilanda bir sıra tədbirlərin iştirakçısı olduq. Önəmli olan məqamlara diqqət çəkmək istəyirəm. Birinci növbədə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi istiqamətində həyata keçirilən tədbirlərin nə qədər genişmiqyaslı olduğunun şahidi olduq. Eyni zamanda Ermənistanın bütün beynəlxalq konvensiyalara, həmçinin beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini az qala mina sahəsinə çevirməsi müvafiq qaydada tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Eyni zamanda qeyd olundu ki, Ermənistanda fəaliyyət göstərən 2 mina zavodu və bu işğalçı ölkənin kənardan əldə etdiyi minalar uzun illər ərzində Azərbaycan ərazilərinin məhz minalanmasına və təbii ki, daha çox azərbaycanlının itkiyə məruz qalmasına xidmət edib. Bu da əslində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı siyasətinin bir daha sübutudur.”

Qarabağ və Şərqi Zəngəzur Cənubi Qafqazın ən inkişaf etmiş bölgəsinə çevriləcək

E.Mirzəbəyli vurğuladı ki, önəmli olan cəhətlərdən biri şübhəsiz ki, qısa müddət ərzində həyata keçirilən quruculuq-bərpa işləridir: “Zəngilanın Ağalı kəndi və burada icra olunan layihələr bütövlükdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, gələcəkdə isə ölkəmizin mahiyyət etibarı ilə hansı modelə keçəcəyini nümayiş etdirir. Qürurverici bir mənzərədir və bu gün dünyanın ən müasir texnologiyalarının Azərbaycan ərazilərində tətbiq olunması təbii ki, sevindirici haldır. Biz Azərbaycan torpaqlarının ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasından nə qədər narahatlıq keçiririksə, dövlətimizin və xalqımızın quruculuq potensialına güvənərək bütün bunları tez bir zamanda aradan qaldıracağına bundan daha artıq səviyyədə inanırıq. Şübhə etmirik ki, Azərbaycan qısa bir zamanda öz vətəndaşlarının Böyük Qayıdışını təmin edəcək və həm Qarabağ, həm də Şərqi Zəngəzur bütövlükdə Cənubi Qafqazın ən inkişaf etmiş bölgələrindən birinə və birincisinə çevriləcək.”

Cavid Əkbərov, “İki sahil”